Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 10:37:29
İran və Türkiyədə dini təhsil alanların sayı niyə sürətlə azalır? –Problemlər və analiz  

Dini təhsil almaq üçün hər il bəlli sayda gənclərimiz xarici ölkələrə üz tutur.

Əldə edilən məlumatlara görə, hazırda xaricdə dini təhsil alanların ümumi sayı təxminən, 400 nəfərdən çox deyil. Lakin gənclərimizin ən çox hansı ölkələrdə dini təhsil almaqları barədə məlumata demək olar ki, heç yerdə rast gəlinmir.

Maraqlıdır, azərbaycanlılar təhsil üçün daha çox hansı xarici ölkələrə üstünlük verirlər?

Ümumiyyətlə, xaricdə dini təhsil alanlar ən çox hansı problemlərlə üzləşirlər?

“Gənclərimiz dini təhsil üçün daha çox İran, Suriya, Misir, Türkiyə, İraq və Səudiyyə Ərəbistanına üz tutublar”

Bu sözləri AzEdu.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib:

Müstəqilliyimizi bərpa etdiyimiz dövrdən indiyədək xaricdə dini təhsil almış azərbaycanlıların statistikasına əsasən, gənclərimiz daha çox İran, Suriya, Misir, Türkiyə, İraq və Səudiyyə Ərəbistanına üz tutublar. Amma az da olsa, Malayziya, Pakistan, İordaniya, Yəmən, hətta Sudan və Mavritaniyada dini təhsil almış azərbaycanlılar da var. Bunların ümumi sayı 4 min nəfərə yaxındır. Onu da nəzərə almaq lazımdır ki, bunların bir qismi təhsilini yarımçıq qoyub geri qayıdıb. Bir qismi isə Bakı İslam Universitetinin tələbələri olublar və yalnız sonuncu kursu xaricdə oxuyublar”.

“Digər ölkələrlə müqayisədə İranda dini təhsil alan azərbaycanlılar daha çoxdur”

Gündüz İsmayılov bildirib ki, əvvəlki illərlə müqayisədə İranda da dini təhsil almaq istəyən azərbaycanlıların sayı kifayət qədər azalıb:

“Hesablamalara əsasən, xaricdə dini təhsil almış gənclərimizin təxminən, üçdə ikisinə yaxını İrandakı dini məktəblərdən məzun olublar. Təkcə Qumdakı dini-elmi hövzədə minlərlə azərbaycanlı dini təhsil alıb. Qumla yanaşı, Qəzvin, Ərdəbil, Məşhəd, Təbriz və İsfahanda dini təhsil almış azərbaycanlılar var. Bu gün də digər ölkələrlə müqayisədə İranda dini təhsil alan azərbaycanlılar daha çoxdur. Suriyadakı məlum hadisələrdən sonra bu ölkəyə təhsil almaq üçün getmək istəyən yoxdur. Səudiyyə Ərəbistanı və Misirdə dini təhsil alanlar kifayət qədər azalıb. Türkiyədə dini təhsil alanlar isə az sayda magistr və doktorantura səviyyəsi üzrə oxuyanlardır. Əvvəlki illərlə müqayisədə İranda da dini təhsil alan və almaq istəyən azərbaycanlıların sayı kifayət qədər azalıb”.

Xaricdə dini təhsil almağa marağın azalmasının səbəbləri...

“Xaricdə dini almağa marağın azalmasının səbəbləri çoxdur. Əsas səbəblərdən biri budur ki, artıq dini təhsil almaq üçün xaricə getmək vacib deyil. Xaricə getmədən də normal dini təhsil almaq mümkündür. Bu məsələdə maddi amil də çox önəmlidir. İran, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı və digər ölkələrdə dini təhsil pulsuzdur. Üstəlik, bu ölkələrdə dini təhsil alanlar maddi ehtiyaclarını ödəmək üçün müxtəlif təqaüdlər də ala bilirlər. Buna görə də, bəzi gənclərimiz hətta ailələri ilə birgə dini təhsil almaq məqsədiylə xaricə gediblər. Azərbaycanda isə ali dini təhsili təkcə Bakı İslam Universiteti verirdi və bu təhsil ocağı da ödənişli idi. Çünki Bakı İslam Universiteti dövlət təhsil müəssisəsi deyil və ödənişsiz təhsil verməsi qeyri-mümkündür. Prezident İlham Əliyevin doğru və uğurlu sərəncamı ilə vəziyyət dəyişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. İlahiyyat İnstitutunda təhsil almaq ödənişsizdir. Hətta İlahiyyat İnstitutunda tələbələr təqaüd və yataqxana ilə təmin edilir. Yaxın vaxtlarda institutun tələbələrinə yemək və geyim xərcləri üçün də əlavə vəsait ödənilməsi nəzərdə tutulur. Təhsilin səviyyəsi isə xarici ölkələrdən heç də geri qalmır. Belə olduğu təqdirdə dini təhsil almaq üçün xaricə getməyə ehtiyac qalmır”.

Gündüz İsmayılovun sözlərinə görə, xarici ölkələrdəki dini təhsil ocaqlarında məzhəblər üzrə dini kadrlar hazırlanır:

“Xaricdə dini təhsil almaq qanunla qadağan deyil. Amma məqsədəuyğun da sayılmır. Çünki xaricdə dini təhsil almaq bir çox hallarda həmin ölkənin dini mühitinə, həmin xalqın dini dünyagörüşünə uyğun formalaşmaq deməkdir. Məsələn, Səudiyyə Ərəbistanında dini təhsil almış azərbaycanlı Cənub bölgəsində dini fəaliyyətlə məşğul ola bilərmi? Yaxud, İranda dini təhsil almış gəncimizin Şimal-Qərb bölgəsində fəaliyyət göstərməsi mümkündürmü? Əminəm ki, bu sualların cavabı hər kəsə məlumdur. Elə isə belə bir qənaət yaranır: xarici ölkələrdəki dini təhsil ocaqlarında ümumi Azərbaycan üzrə deyil, məzhəblər üzrə dini kadrlar hazırlanır. Belə kadrların hazırlanması isə bizim marağımızda deyil. Ən doğru variant dini kadrların ölkəmizdə hazırlanmasıdır. Təbii ki, bu zaman bütün amillər, o cümlədən məzhəb və regional amillər nəzərə alınır, amma əsla ayrı-seçkilik edilmir. Bunun ən gözəl nümunəsi Qafqaz Müsəlmanları İdarəsidir. Bu tarixi-dini mərkəzdə məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanları bir araya gəliblər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini xaricdə dini təhsil alanların hansı halda məscidlərdə dini ayinləri icra edəcəyini də bildirib:

“Əvvəllər xaricdə dini təhsil almış şəxslərin məscidlərdə dini ayinləri icra etməsinə, ümumiyyətlə, imam təyin edilməsinə mövcud qanunvericilik imkan vermirdi. Amma “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edildikdən sonra bu, hazırda mümkündür. Qafqaz Müsəlmanları İdarəsi müvafiq icra hakimiyyəti, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla xaricdə dini təhsil almış şəxsi dini ayinlərin icraçısı, başqa sözlə, imam təyin edə bilər. Hazırda bu cür təyinat almış din xadimlərimiz də var”. 

“Yaxın Şərqin müharibə zonalarında yaranan ktitik vəziyyətlə əlaqədar xaricdə dini təhsil proqramlarına maraq azalıb”

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini  Qəmər Cavadlı bildirib ki,  müstəqillik dönəminin verdiyi dini hüquqlar çərçivəsində ölkəmizdə dini təhsilə maraq oyanıb:

“Yüzlərlə azərbaycanlı gənclər dini təhsil üçün tarixən ərəb Şərqinin mədəniyyət mərkəzləri hesab edilən Bağdada, Kufəyə, Nəcəfə, Bəsrəyə, Mədinəyə, Qahirəyə və başqa şəhərlərə göndərilirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı, Gəncə kimi iri şəhərlərində də dini təhsil ocaqları, kitabxanalar, məscidlər yaranırdı. Bu ənənə sovet dönəminə qədər davam edib. Sovet dönəmində İslam təmayüllü dini biliklərə yiyələnmək istəyənlər Özbəkistanın Buxara şəhərində "Mir Ərəb" mədrəsəsində və Daşkənd İslam Universitetində təhsil alıblar. İstisna hallarda Misirin Əl-Əzhər Universitetində, Liviyada, İordaniyada təhsil alan din xadimlərimiz olub. Müstəqillik dönəminin verdiyi dini hüquqlar çərçivəsində ölkəmizdə dini təhsilə maraq oyanıb. Bu da milli-mənəvi dəyərlərə qayıdışın təsiri kimi dəyərləndirilməlidir.  Hazırda Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistan və başqa ölkələrdə dini təhsil alan azərbaycanlılar var.

Yaxın Şərqin müharibə və münaqişə zonalarında yaranan riskli vəziyyətlə əlaqədar xaricdə dini təhsil proqramlarına maraq azalıb”.

Qəmər Cavadlının sözlərinə görə, xaricdə dini təhsil almanın ən uğurlu cəhəti  doktorantura və ya dissertantura imkanları ilə bağlıdır:

“Biz təhsil üzrə müəllim və tələbə mübadiləsi layihələrinin tərəfdarıyıq. Ümid edirik ki, xaricdə mükəmməl təhsil almış gənclərimiz gələcəkdə ziyalı dini kadrlar kimi dövlətçiliyimizə və dinimizin inkişafına xidmət edəcəklər. Xaricdə dini təhsil almanın ən uğurlu cəhəti - dil bilgiləri və bəlağət üstünlüyü, həmçinin doktorantura və ya dissertantura imkanları ilə bağlıdır. Onu da bildirim  ki, hazırda Azərbaycanda dini təhsil almaq üçün dövlətimiz tərəfindən hər cür imkan yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə 11 İslam Kolleci yaradılıb. Bu kolleclərdən 4-ü fəaliyyətdə, qalanları hazırlıq dönəmindədir. Azərbaycan İlahiyyat İnstitutu özünün müsbət fəaliyyəti ilə tez bir zamanda ictimaiyyətin diqqətini və rəğbətini qazanıb.

Xaricdə dini təhsil alanlar Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və müvafiq icra hakimiyyətinin  rəyi ilə təyin olunduqları məscidlərdə dini ayinləri icra edə bilərlər”.

Misirin Əl-Əzhər Universitetində dini təhsil almış Mübariz Rəhimovun sözlərinə görə, dini təhsil almaq üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur:

“2008-ci ildə Misirin Əl-Əzhər Universitetinə qəbul olmuşam. Əl-Əzhər Universitetində 6 ay təhsil almışam. Amma bəzi səbəblərə görə təhsilimi sona qədər davam etdirməmişəm. Daha sonra dini təhsilimi Bakı İslam Universitetində islamşünaslıq ixtisası üzrə davam etdirmişəm. Əl-Əzhər Universitetində oxuduğum müddətdə Qahirə Dövlət Universitetinə köçürülmək istədim. Amma təəssüf ki, alınmadı. Elə buna görə də Bakı İslam Universitetində təhsilimi davam etdirməli oldum. Zənnimcə dini təhsil almaq üçün Azərbaycanda da kifayət qədər şərait var. Bakı İslam Universiteti də buna bariz nümunədir. Həmçinin, Azərbaycanda dini təhsili tədris edəcək mədrəsələr də kifayət qədərdir. Zənnimcə dini təhsil almaq üçün Əl-Əzhər Universitetində oxumağa ehtiyac yoxdur”.

“Xaricdə dini təhsil aldığım müddətdə məzhəbçilik təəssübkeşliyinin ön planda olduğunu görürdüm”

Mübariz Rəhimov vurğulayıb ki, Misirdə təhsil aldığım müddətdə Azərbaycanda olduğu kimi dini azadlıq görməyib:

“Əl-Əzhər Universitetində oxumaqla həm pis həm də yaxşı təəssüratlarımı xatırlayıram. Əl-Əzhər Universitetində oxumağın faydası odur ki, tələbələr təhsil aldıqları müddətdə daha çox  öz üzərlərində çalışırlar.

Əl-Əzhər Universitetində oxuduğum müddətdə məzhəbçilik təəssübkeşliyinin olduğunu görürdüm. Orada Azərbaycanda olduğu kimi dini azadlıq görmədim. Əl-Əzhər Universitetində bizə dərs deyən müəllimdən “Cəfərilər qardaşlarımızdır” ifadəsini dediyini eşitdim. Onu da bildirim ki, tələbələrin Cəfəri məzhəbində olduğunu eşitdikdə imtahan zamanı sıxırdılar. Azərbaycanda isə bu kimi hallarla rastlaşmaq mümkün deyil.  Bakı İslam Universitetində təhsil aldığım müddətdə müxtəlif məzhəbdə olan insanlar var idi. Amma həmin insanlara hörmətlə yanaşırdıq. Həmçinin bizə digər məzhəbə aid olan müəllim də  dərsdə deyirdi. Onu da bildirim ki, digər məzhəbə aid olan müəllim ən sevimli müəllimlərimdən idi. Hazırda da həmin müəllimlə münasibətim var”.

Mübariz Rəhimov təəssüf hissi ilə bildirib ki, xaricə dini təhsil üçün üz tutanlar  ölkənin mühitinə düşüb, dövlətçiliyi yaddan çıxarırlar. O, xaricə dini almaq istəyənlərə tövsiyələrini də vurğulayıb:

“Xaricə təhsil üçün gedən tələbələrimiz dövlətçiliyi qorumalıdırlar. Əl-Əzhər Universitetində olduğum müddətdə Xocalı faciəsinin anım günü idi. Azərbaycanın Misirdəki səfirliyi və azərbaycanlı tələbələr Xocalı faciəsinin anım günüylə əlaqədar tədbir keçirirdi. Amma elə tələbələrdə  var ki, azərbaycanlını görmək istəmirdilər.  Xaricdə dini təhsil alanlara tövsiyəm odur ki, dövlətçiliyi yaddan çıxarmasınlar. Biz Misirdə təhsil aldığımız müddətdə Qarabağ həqiqətlərini əcnəbi tələbələrə danışırdıq”.

Qeyd edək ki, xaricdə dini təhsil alan azərbaycanlılar arasında qızların sayı çox azdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları