Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 12:43:35
Nobel mükafatçıları pullarını hara xərcləyirlər? – Kimi qaçqın uşaqlara, kimi yaxtasına sərf edir  

Bir nominasiyada verilən Nobel mükafatı sahiblərinə yalnız  şöhrət deyil, həm də pul qazandırır.

Əksər Nobel mükafatçıları bu pulu nəyə xərclədiklərini sirr saxlayırlar.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ənənəvi olaraq Nobel mükafatçıları İsveç kralı ilə nahar edirlər. Ötən il ədəbiyyat, iqtisadiyyat, fizika, kimya və tibb sahələrində Nobel alanların hər  birinə 840 000 avro ödənib.

Nobel Komitəsi bu məbləğin necə xərclənəcəyinə, onun elmi, yoxsa sosial ehtiyaclara sərf olunacağına qarışmır.

Amma bir müddətdən sonra bu pulu hara xərclədiklərini açıqlayanlar da olur.

Araşdırma zamanı məlum olub ki, Nobel mükafatçıları daha çox xeyriyyəçilik etməyi sevirlər. Məsələn, 2016-cı ildə Nobel sülh mükafatını qazanan Kolumbiya baş naziri Juan Manuel Santos ona verilən məbləği vətəndaş müharibəsi qurbanlarına bağışlamışdı.

O, sülh mükafatının elə müharibədən əziyyət çəkənlərin haqqı olduğunu deyib. 

2012-ci ildə Nobel sülh mükafatını  alan Avropa Birliyi qazanılan məbləğə bir o qədər də əlavə edərək UNİCEF  vasitəsilə 23 000 qaçqın uşağa kömək edib.

Barak Obama isə pul mükafatını kasıb şagirdlər və Haiti zəlzələsinin  qurbanlarına bağışlayıb.

Hələ uşaqkən Drezden bombalamasının şahidi olan biokimya mütəxəssisi Günter Blobel 1999-cu ilin qalibi olaraq aldığı məbləği həmin müharibədə uçurulan kilsə və sinaqoqun bərpasına sərf edib.

Bu mükafatı ədəbiyyat üzrə qazanan Svetlana Alekseyeviç  həmin pulla yeni yazacağı  kitabların maliyyəsini qarşılayacağını demişdi.

 Fizik Marie Küri  də öz elmi işlərini aldığı pul mükafatı vasitəsilə davam etdirə bilib. O, sonralar yenidən bu  mükafata layiq görülüb, amma fizika nominasiyasında…

Digər Nobel mükafatçıları isə məbləği ailələri, şəxsi zövq və ehtiyacıları üçün xərcləyiblər.

Nobel tibb mükafatı sahibi Paul Nurs bu pula ilk olaraq  luks motosiklet alıb.  İqtisadiyyat üzrə  mükafatlandırılan Franco Modiqliano isə öz yaxtasını böyüdüb. Bu pulu şəxsi  ehtiyaclarına xərcləməyəcəyini deyən yazıçı Herta Müller onu nəyə sərf edəcəyini də sirr saxlayıb.

 Nobel tibb mükafatını qazanan Riçard Roberts  pulun bir hissəsini bağışlamış, qalanını isə bağçasının tikintisinə sərf etmişdi.  O, bir jurnala verdiyi müsahibədə  belə deyib: “ Həmişə xəyalını qurardım. Nobeli qazanmasam, bu  xəyalımı gerçəkləşdirə bilməzdim”.

Mükafatçılara nə qədər pul ödənəcəyinə Nobel təşkilatı qərar verir. Bu mükafatın yaradıcısı Alfred Nobel 1896-cı ildə vəfat edəndə Avropanın ən varlı sənayeçisi kimi tanınırdı. Vəfatı zamanı 180 milyon avroluq sərvətindən əldə olunan faizin insanlığa ən çox xidmət edənlərə verilməsini vəsiyyət etmişdi.

Ən çoxu üç şəxsin bölüşə bildiyi və sahiblərinə mükafat mərasimi danışıqlarından sonra verilən məbləğin miqdarı faizlərdəki artımla bağlıdır. Nobel təşkilatı pul mükafatının 2012-ci ildən etibarən 10 milyondan 8 milyon avroya endirilməsini əvvəldən qərarlaşdırmışdı.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları