Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 14:47:09
“Sabahın alimləri” müsabiqəsində kimlər  iştirak edə bilərlər?-  Əsas şərtlər

“Sabahın alimləri” müsabiqəsi istedadlı, elmi fəaliyyətə önəm verən məktəblilərin aşkara çıxarılması, motivasiya olunmasına xidmət edir.

Müsabiqə qaliblərinə verilən üstünlüklər, onlar üçün yaradılan şanslar onu daha da aktuallaşdırıb.

AzEdu.az “Sabahın alimləri” müsabiqəsində iştirak etmək istəyənlər üçün əsas şərtləri təqdim edir:

“Sabahın alimləri” Müsabiqəsi  hər il ABŞ-da keçirilən İntel İSEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi üçün milli seçim turudur. Elə onun qaydaları da İntel İSEF-in Beynəlxalq Qaydalar və Təlimatlarına uyğun hazırlanıb. 

Kimlər iştirak edə bilər?

Müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın bütün regionlarının ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Hansı fənlər üzrə iştirak etmək mümkündür?

Müsabiqənin istiqamətləri aşağıdakı kimidir:

-Riyaziyyat

-Fizika, astronomiya

-Kimya

-Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)

-Tibb və sağlamlıq

-Ekologiya, ətraf mühitin idarə olunması

-Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)

-Kompüter elmləri.

Müsabiqənin dili Azərbaycan və rus dilləridir. Amma iştirakçılar ingilis dilini də bilməlidirlər. İştirak üçün heç bir ödəiş tələb olunmur.

Müsabiqə nə zaman keçirilir və hansı mərhələlərdən ibarətdir?

Müsabiqə Təhsil Nazirliyinin əmri ilə elan olunur və növbəti ilin fevral ayına qədər üç mərhələdə aparılır.

I mərhələdə aşağıdakı proseslər reallaşır:

Müsabiqənin keçirilməsi haqqında Nazirliyin əmri ümumtəhsil müəssisələri və təhsili idarəetmə orqanlarına göndərilir;

Ümumtəhsil müəssisələrinin direktorları, Kiçik Akademiyaların rəhbərləri, şagird və müəllimlər müsabiqə barədə məlumatlandırılırlar. Həmçinin bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir;

İştirak etmək istəyənlər saytda qeydiyyatdan keçərək ilkin mərhələ üçün tələb olunan formaları doldururlar.

II mərhələdə bunlar həyata keçirilir:

Müsabiqənin final mərhələsinə buraxılan şagirdlərin təhsil aldıqları məktəblərə bildiriş göndərilir;

Yanvarın ilk ongünlüyündə şagirdlər öz layihələrini poster formasında hazırlayırlar. Posterdə yerləşdirilmiş çap, qrafik və foto materiallar tədqiqatın annotasiyasının geniş variantını əks etdirməlidir;

Üçüncü mərhələdə finala vəsiqə qazanan iştirakçıların layihələri müsabiqə günü Münsiflər Heyəti tərəfindən dinlənilir və 100 ballıq sistemlə qiymətləndirilir. Həmin ballara əsasən iştirakçıların reytinq cədvəli tutulur və qaliblər müəyyənləşdirilir.

Qaliblər arasından ABŞ-da keçiriləcək İntel İSEF-də ölkəmizi təmsil edəcək şagirdlər seçilir.

Layihələr necə hazırlanmalıdır?

Təqdim olunan layihələr fərdi və ya kollektiv şəkildə yerinə yetirilməlidir. Kollektiv layihələrdə 2 şagird iştirak edə bilər.

Hər şagird  və ya kollektiv bir layihə təqdim edə bilər. Layihədə müsabiqə elan olunan ilin yanvar ayından növbəti ilin yanvar ayına qədər yerinə yetirilən tədqiqatın nəticələri əks olunmalıdır.

Layihə əvvəlki ildə aparılan işlərin davamı da ola bilər. Bu halda müvafiq forma doldurulmalı və EEK-ya təqdim edilməlidir.

Ümumtəhsil müəssisələri hər layihə üçün elmi rəhbər təyin edir. Elmi rəhbər dərin bilikləri olan müəllimlər sırasından seçilir və layihənin yerinə yetirilməsinə nəzarət edir. O, şagirdlə birlikdə Tədqiqat planı hazırlayır və tədqiqat işi həmin plana uyğun aparılır.

Bütün layihələr üçün şagirdin Yoxlama cədvəli və Təsdiq forması doldurulmalıdır. Hər şagirdin elmi tədqiqatına dair qeydlərini əks etdirən gündəliyi olmalıdır.

Tədqiqat 15 dekabra qədər başa çatdırılır. Nəticələrə dair annotasiya EEK-ya təqdim olunur. Annotasiyalara ilkin baxış keçirilir. Lazım gəldikdə layihəni təqdim edən şagird və elmi rəhbəri dəvət olunur və birgə müzakirə aparılır.

Növbəti il, yanvarın 19-a qədər bütün annotasiyalar müzakirə olunaraq təsdiq edilir. Müsabiqəyə buraxılan layihələr, habelə final mərhələsində nümayişinə icazə verilən vasitələr barədə qərar qəbul olunur.

Layihə hazırlanarkən bunlara diqqət edilməlidir:

Elmi layihələrin hazırlanması zamanı əxlaq və etika normalarına riayət olunmalıdır. Plagiatcılıq, saxta sənəd, saxta imza, digər tədqiqatçının işindən istifadə ya onu özününkü kimi qələmə vermə, qondarma məlumatlardan istifadə etmə qadağandır. Belə pozuntulara yol verən iştirakçı müsabiqədən kənarlaşdırılır.

Şagirdin apardığı tədqiqat hər hansı peşəkar alimin araşdırma işinin bir hissəsi ola bilər. Belə olduqda şagirdin həmin işə verdiyi töhfə əsaslandırılmalıdır.

Qaliblər necə mükafatlandırılırlar?

Yekunda müsabiqənin hər istiqaməti üzrə Münsiflər heyətinin verdiyi qiymətlər əsasında qaliblər müəyyənləşdirilir. Ballara uyğun olaraq, I yerə 1, II yerə 2, III yerə 3 nəfər layiq görülə bilər. Qaliblərə sertifikat, pul mükafatı və ya hədiyyələr təqdim edilir.

Kollektiv layihə müəllifləri pul mükafatına layiq görüldükdə məbləğ müəlliflər arasında bərabər bölünür.

Müsabiqə qalibləri sırasından aktual problemə həsr edilmiş və ciddi nəticələr əks olunan elmi layihə müəllifləri Təşkilat Komitəsi və Münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərillir. Burada şagirdlər elmi layihələrini mükəmməl şərh etməyi və fikirlərini ingilis dilində sərbəst çatdırmağı bacarmalıdırlar.

Nəticəsindən narazı şagird apelyasiya müraciəti edə bilər?

Münsiflər heyətinin verdiyi qiymətləndirmədən apelyasiya şikayəti qəbul olunmur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları