Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 17:27:04
Dünya fatehlərinin heç zaman özlərindən ayırmadıqları dəyərli kitablar - ARAŞDIRMA

 

 Qədim Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycanda orta əsrlərdə elm,  ədəbiyyat və mədəniyyətin yüksək inkişafı bir sıra məsələləri vərdiş halına salmışdı. Vərdişlərdən  biri də kitab toplamaq və mütaliə etmək idi ki, Şərqdə ən azı altı əsr (XI-XVII əsrlərdə)  əksər hökmdarlar belə buna riayət etməyə borclu idilər. Hökmdarlar qanlı savaşların və hər zaman üzləşə biləcəkləri saray xəyanətlərinin, xalq üsyanlarının əhatəsində olmalarına baxmayaraq kitab mütaliəsinə həyata keçirilməsi vacib sayılan proses kimi baxırdılar. Bunun da bir neçə əsas səbəbləri var idi: birincisi,   hakimiyyətin irsən keçdiyi səltənətlərdə hökmdar ata gələcəkdə onu əvəz edən övladının elm, kamal sahibi olması üçün əlindən gələni edirdi. Ölkənin ən yaxşı alim, mütəfəkkir və mədrəsə müəllimləri varisin  savadlı, müdrik olması üçün əlindən gələni edirdilər. Təsadüfi deyil ki, Azərbaycan, eləcə də  Şərq ölkələrinin tarixində bir çox hökmdarların müəllimləri dövrün görkəmli filosofları olub. İkinci səbəb isə, hər hansı hökmdarın idarəçiliyi dövründə hansısa dini təriqətin xüsusi nüfuz sahibi olması ilə əlaqədardır. Bu zaman ölkənin əsas fiquru olan hökmdar həmin təriqət başçısı ilə hesablaşmaqla yanaşı, onun və başqalarının təriqətin ideologiyasını əks etdirən  kitablarını oxuyar və oxuduqlarından  ali məclislərdə misallar  gətirərdi.

Üçüncü səbəb isə, Şərq dövlətlərində (başda ərəblər olmaqla) erkən orta əsrlərdə antik yunan və Roma dövrünə aid olan dəyərli əsərlərin yerli dillərə tərcümə olunması idi. Qeyd edək ki, müsəlman Şərqinin dünyaya verdiyi töhfələrdən biri də antik dövrə aid olan fəlsəfi, elmi və bədii əsərlərin ərəb, fars, türk və başqa dillərə tərcümə edilməsi oldu. Yoxsa, həmin əsərlərin heç biri dövrümüzə qədər gəlib çıxmazdı. Azərbaycandakı hökmdarlar, şahlar da antik dünyanın əsas düşüncə hegemonları olan Aristotel, Platonun əsərlərini bir hökm kimi oxuyub, öyrənirdilər. Aristotelin, “Ritorika”, “Metafizika”, “Utopika”, Platonun “dövlət” əsərləri səltənət sahiblərinin “stolüstü kitabları”idi.

XII əsrdə Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Şəmsəddin Eldəgəz dövlətdə ali mənsəb sahibi olmamışdan əvvəl sonuncu Səlcuq hökmdarı II Toğrulun övladlarının- Məhəmməd Cahan Pəhləvanın  və Qızıl Arslanın müəllimi, tərbiyəçisi olub. Uşaq çağlarından onları yetişdirən Şəmsəddin Eldəgəz gələcək varislərinə antik dünyanın fikir nəhənglərinin kitablarını, o cümlədən bir çox Şərq mütəfəkkirlərini oxudurdu. II Toğrul və həyat yoldaşı Möminə xatın övladlarının yüksək dərrakə sahibi olmalarından çox məmnun idilər. Bu fakt Şəmsəddini sultan ailəsinə daha da yaxınlaşdırdı. İş o yerə çatdı ki, II Toğrul öləndən sonra dul qalan Möminə xatınla elə Şəmsəddin evlənəsi oldu ki, bu da Atabəylər dövlətinin formalaşmasında əsas fakta çevrildi. Bir zamanlar tələbələri, sonradan isə ögey oğulları olan Məhəmməd və Arslan onun sayəsində qılınc tutmaqla bərabər qələmə də biganə qalmırdılar. Şəmsəddin onların hər ikisinə Firdovsinin “Şahnamə”sini, Sədinin “Gülüstan”ını, İbn Sinanın fəlsəfi əsərlərini əzbərlətmişdi. Hər iki qardaş bu bilgilərin sayəsində müdriklik, ədalət, kamal məfhumlarını ömürlərinin sonuna qədər özlərində gəzdirdilər. Məhz bu səbəbdən ara-sıra qəzəllər də yazan Məhəmməd Cahan Pəhləvan dövrün şair və mütəfəkkirlərinə qayğısı ilə seçildi. Şamaxıda şah zülmündən qaçan Xəqani Şirvani ona sığındı. Nizami Gəncəvi onun istəyi ilə “Xosrov və Şirin” poemasını yazdı. Əslində “Xosrov və Şirin”in yazılmasının səbəbi  da Məhəmməd Cahanın uşaqlıqdan mütaliə etdiyi “Şahnamə” poeması oldu. Atabəy hökmdarı fars ruhunun tərənnüm olunduğu “Şahnamə”yə oxşar əsər yazılmasını və orada əsasən türk qəhrəmanın ön plana çıxarılmasını Nizamidən istəmişdi.

Adı çəkilən əsərlər nəinki fars, hətta bütün Şərq mədəniyyətinin nəhəng ədəbi inciləridir. Müxtəlif dillərə tərcümə olunan bu iki əsər əksər Şərq hökmdarlarının bəlkə də əzbər bildiyi bədii nümunələr idilər. Hökmdarlar hələ taxta çıxmazdan əvvəl, yəni varis titulu daşıyan zaman tərbiyəçiləri onlara “Şahnamə”ni oxudardılar. “Qurani-Kərim”dən sonra gələcək şahlara ən çox diktə edilən poemanın qəribə yazılma tarixçəsi var: digər  adı “Şahlar haqqında kitab” olan  əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.  “Şahnamə”nin müəllifi Ə. Firdovsi bu ləqəblə bütün Şərqdə tanınıb. Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləyib. Demək olar ki, həyatının yarısını bu poemaya həsr edib. Əsərə görə, Sultan Mahmud Qəznəvi  Firdovsiyə külli miqdarda qızıl pul vəd etsə də, poemanı bəyənmədiyi üçün vəfinə xilaf çıxır. Əsərin hər beyti üçün qızıl yox, gümüş pul verir.   Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqirlərə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda bir həyat yaşayır. Sonradan geri qayıtsa da, artıq gec idi.

Azərbaycan hökmdarlarından Məhəmməd Cahan və Arslanla bərabər, Şirvanşah Axsitan, İbrahim Dərbəndi,  Şah İsmayıl Xətai, Şah Təhmasib və başqaları “Şahnamə”nin  daimi oxucularından olublar. Ə. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə” poeması 120.000 beytdən, yəni – 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı tarixində ən böyük poemadır. Poema sırf fars dilində yazılıb. Bu da fars dilinin “gəlmə” sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz  rol oynayıb. 

Yuxarıda adını qeyd etdiyimiz “Gülüstan” əsəri də ( Sədi Şirazi) əsl hökmdar masasının bəzəyi olub. Bəzi şahlara dərs deyən müəllimlər, “Qurani Kərimin” oxunuşundan sonra həmən Sədinin “Gülüstan”ını tədris edirdilər. Bu səbəbdən də həmin proqram Azərbaycanın bir çox mədrəsələrinə ayaq açmışdı. Mədrəsə şagirdləri Quranın xətmindən sonra Gülüstana keçirdilər. Müdərrislər şagirdlərin insan əxlaqlı, hikmətli və ədalətli şəxsiyyət kimi formalaşması üçün tədris edirdilər.

Sədi Şirazinin 1258-ci ildə tamamladığı  ”Gülüstan” əsəri yazılan islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan"da  əhvalatlar, lətifələrdən, hikmətli sözlər, məsləhətlər və qısa şeirlər epik formada yazılıb. Əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. Ona qədər isə təbii ki, Şərq hökmdarlarının da stolüstü kitabı olub. Şah İsmayıl Xətai Sədidən sitatlar gətirməyi sevərmiş. Həmçinin Qaraqayunlu hökmdarı Cahan şah Həqiqi də Sədinin “Gülüstan” əsərindən çox faydalanıb. Əxlaqi didaktik qəzəllər müəllifi olan Cahanşah Həqiqinin yaradıcılığında “Gülüstan” təsirləri çoxdur.

 Sədi öz səyahətləri zamanı şeirlərini dərviş libasında oxuyub. Şeyxlərə, sufilərə qoşulub azadlıqsevərlərlə oturub-dururmuş. Bütün bunlar onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqlar arasında mövcud olan əlaqələri, adət və ənənələri bütün dərinliyi ilə görüb və tanış olub. Bütün bunlar “Gülüstan”ın nə dərəcədə vacib əsər olduğuna bir sübutdur. əsərin özü də Şiraz hakiminin ədalətinə ithaf edilib.

Şərq dünyasında həm hökmdarların, həm də sıravi xalqın sevə-sevə oxuduğu, hər zaman öz aktuallığını saxlayan üç əsər var ki, Azərbaycanda da ayrı-ayrı dövrlərdə səltənət sahibi olan kəslər bu bədii nümunələri sevə-sevə oxuyublar. Bunlar “Qabusnamə”, “Kəlilə və Dimnə” və “Tutinamə”dir.

Şərq ədəbiyyatının qiymətli nümunələrindən olan "Qabusnamə" özünün məzmun rəngarəngliyinə və bir çox əxlaqi-didaktik məziyyətlərinə  görə geniş şöhrət qazanıb. Bir çox dünya xalqlarının dilinə tərcümə edilib. Bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Fars mənşəli Ziyarilər xanədanının son sahibi olan Qabus ibn Vəşmgir aqibətindən nigaran qaldığı oğlu üçün hikmətli məktublar silsiləsi yazır. “Qabusnamə” sanki bütün hökmdar ataların özlərindən sonra varisləri üçün qoyduğu bir vəsiyyətnamədir. Əsər elə bu səbəbdən də ölkə idarəçiləri tərəfindən hər zaman oxunub, onların sözün məcazi mənasında desək,  “stolüstü kitabı” olub.

“Kəlilə və Dimnə” ilə “Tutinamə” bir-birilərinə məzmun və forma cəhətdən çox yaxındılar. Birində iki çaqqal həyat həqiqətlərini təmsil dilində çatdırır. O birində isə sərçə Şərq dünyasının eybəcərliyini, naqisliklərini ironik dillə təqdim edir.

“Kəlilə və  Dimnə”nin Depşelem  adlı bir hind hökmdarı zamanında yazıldığı deyilir. Belə ki, əsərin hökmdara ithaf edildiyi və hökmdara məsləhət və nəsiyyət səciyyəsi daşıdığı fikri mövcuddur. Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan "Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirib.

Kitab beş fəsli və bir girişdən ibarətdir. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr, nəzm şəklində nəsihətlər var. “Kəlilə və Dimnə” əsasən Səfəvi şahlarının ən çox müraciət etdiyi kitablardan olub.