Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 09:34:00
Dissertasiya müdafiəsində yorucu “kağızçılıq” aradan qaldırılır

Son illər insanların dissertasiya yazıb elmi iş müdafiə etməsi, alimlik elmi dərəcəsi alması müxtəlif pilləli imtahan prosesləri ilə müşayiət olunurdu. Dissertasiya müdafiə etmək ərəfəsində olan şəxslər müdafiəyə qədərki mərhələdə o qədər çətinliklə qarşılaşırdılar ki, bir sıra hallarda bu, elm üçün gərəkli olanların bu sahədən üz döndərməsinə səbəb olurdu.

Müdafiəyə qədərki prosesin hədsiz dərəcədə çətin olması müəyyən neqativ halların yaranmasına gətirib çıxarırdı. Hədsiz dərəcədə sənədlərin toplanması, qalın cildli elmi işin yazılması tələbi dissertantlar üçün ciddi əngəl törədirdi. Sirr deyil ki, bu da plagiatlıq kimi halların meydana çıxmasına da şərait yaradırdı. Elmdə optimallaşmanın vacibliyi hər zaman qeyd edilir və dissertasiya müdafiəsinə qədərki mərhələnin sadələşdirilməsi təklif olunurdu.

Nəhayət ki, dissertantlar üçün böyük əngəllər yaradan pilləvari prosedur qaydalarına dəyişiklik edildi və onlar sadələşdirildi. Dissertantların verdiyi məlumata görə, artıq çoxmərhələli imtahan prosesi kənarda qalıb, dissertasiyaların qalınlığı ilə bağlı tələb də aradan qaldırılıb. Hazırda dissertantlardan cəmi 70 səhifəlik dissertasiya tələb olunur ki, onu da yazmaq elə də çətin deyil. Ortaya çıxan yeni tələb isə hər bir müdafiə edəcək şəxsin xarici ölkə mətbuatında, elmi jurnallarında, toplularında ən azı iki məqaləsinin nəşr edilməsidir.

“...amma dissertasiyalar üçün qoyulan tələblər çox ciddidir”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, bu il Prezident İlham Əliyev Ali Attestasiya Komissiyası haqqında əsasnaməni təsdiq etdi və yeni əsasnamədə bir sıra yeniliklər öz əksini tapdı. O qeyd etdi ki, həmçinin, Ali Attestasiya Komissiyasının rəhbərliyi dəyişdirildi, quruma yeni sədr təyin edildi. “Cəmiyyətin gözləntiləri ondan ibarət idi ki, Prezident yanında Ali Attestasiya Komissiyası kimi kifayət qədər mötəbər bir qurumda yeniləşmə olacaq, burada mövcud olmuş bürokratik əngəllər aradan qalxacaq və əsl elmlə məşğul olan insanlar üçün şərait yaradılacaq, illərlə üst-üstə yığılan narazılıqlara son qoyulacaq. Əlbəttə, yeni əsasnamənin təsdiqlənməsi ölkə başçısının Azərbaycan elminin inkişafına verdiyi dəyərin nümunəsi idi. Cənab Prezident mükəmməl bir sənədi imzaladı. Bu gün biz ölkə başçısının imzaladığı bu sənədin fayda verdiyinin şahidi oluruq. Ali Attestasiya Komissiyasının həyatında baş verən dəyişiklikləri bu quruma sənəd verən insanlar aydın şəkildə hiss edirlər. Ali Attestasiya Komissiyasının fəaliyyəti haqqında müsbət fikirlər səsləndirilirsə, bu, xeyli sevindirici haldır. Amma, bütövlükdə, dissertasiyaların həcminin azalmasında elə də böyük dəyişiklik olmayıb. Ali Attestasiya Komissiyasının əsasnaməsində dissertasiyaların həcmi ilə bağlı konkret göstərişlər var və bu, açıq şəkildə ifadə olunub. Humanitar elm sahələrində dissertasiyaların həcminin 20 faiz artıq olması təlimatda göstərilib. Həqiqətən də dissertasiya müdafiə etmək istəyən şəxslər üçün problemlər aradan qaldırılıb. Komissiyanın əvvəlki rəhbərliyində bir qədər bürokrat insanlar təmsil olunurdu.

Açığını deyim ki, yeni rəhbərlik tərəfindən köhnə rəhbərliyin dövründə olan əngəllər aradan qaldırılmaqdadır. Ümid edirəm ki, Ali Attestasiya Komissiyası ətrafında dolaşan köhnədən qalan mənfi söz-söhbətlər aradan tamamilə qaldırılacaq. Bu belə də olmalıdır. Elmi ictimaiyyət yeni rəhbərlikdən uğurlu işlər gözləyir. Bildiyim qədər, yeni rəhbərlikdə də xeyli prinsipial insan təmsil olunur və hesab edirəm ki, dissertasiya müdafiə etmək istəyən iddiaçılar üçün münbit şərait yaradılacaq. Bütövlükdə, dissertasiya müdafiə etmək proseduru elə də asan deyil və bunun üçün xeyli mərhələni keçmək lazımdır. Bu tələb komissiya tərəfindən həmişə ortaya qoyulub və bu, əsasnamədə də əksini tapıb. Dissertasiya müdafiəsi sahəsində bir sıra bürokratik əngəllər aradan qaldırılıb, amma dissertasiyalar üçün qoyulan tələblər çox ciddidir. Deməzdim ki, o tələblər yüngülləşdirilib. Əlbəttə, elmi iş müdafiə edib alim olmaq istəyənlər bu tələblərə uyğun elmi iş ortaya qoymalıdırlar. Burada, əslində, bir bürokratiya görmürəm. Düşünürəm ki, bu məsələnin hazırda başqa bir həlli yolu yoxdur. Baxmayaraq, arada alternativ fikirlər səslənir ki, xaricdə Ali Attestasiya Komissiyası yoxdur və bu işi müvafiq kafedralar həyata keçirir. Lakin Azərbaycan reallığı onu tələb edir ki, bizdə Ali Attestasiya Komissiyası fəaliyyət göstərsin və orada şəffaflıq təmin olunsun. Çünki bizim kafedralarımız, elmi müəssisələrimiz təəssüf ki, bu kimi məsuliyyətin altına girməyə hazır deyillər. Əksinə, Ali Attestasiya Komissiyasının bu səlahiyyəti universitetlərin kafedralarına və elmi-tədqiqat institutlarına verilsə, burada kifayət qədər problem, insanları narazı salan məqamlar ortaya çıxacaq” - deyə İ.Orucov vurğuladı. (Bakixeber.az)