Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 16:58:00
“Müəllimlərin reytinqi bu amillərə görə müəyyən edilməlidir” - Ağı qaradan  necə ayıraq?  

“Müəllimlərin  reytinqi onların biliyi və tədris metodikasına görə müəyyən edilməlidir”

Bunu AzEdu.az-a açıqlaması zamanı  təlimçi-müəllim Mahir Əhədov deyib. Onun sözlərinə görə, müəllimlərin İKT texnologiyalarından istifadə bacarığına görə də reytinq formalaşmalıdır:

“Müəllimlərin psixoloji hazırlığı və dünyagörüşlü olmasına görə də reytinq müəyyən edilməlidir. Nitq qabiliyyəti və jest, mimikalardan istifadə bacarığa görə də müəllimlərin reytinqi formalaşmalıdır.

Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir. Müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır. Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, həll edəcəyi problemi elmi şəkildə, optimal metodlarla reallaşdıra bilməsidir.

Müəllimin peşə səriştəliliyinə və peşəkarlığına malik olmasının əsas atributlarından biri onun peşə mədəniyyətinə yiyələnməsidir.

Müəllimin pedaqoji peşə mədəniyyəti onun peşəkar keyfiyyətləri sırasında mühüm yer tutur.

Müasir dövrdə müəllim bir çox funksiyaları yerinə yetirir. Onun öyrətmək funksiyasının reallaşması peşəkarlığının səviyyəsini üzə çıxarmaqla yanaşı, özünütəqdim və özünütəsdiq kimi vəzifələri də yerinə yetirmiş olur.

Şagirdlər müəllimin biliyinə, öyrətmə bacarığına və səriştəliliyinə qarşı çox həssasdırlar. Burada üzə çıxan hər hansı bir səthilik, edilən səhlənkarlıq, buraxılan səhv şagirdlər tərəfindən çox tez duyulur və ona qarşı dərhal reaksiya verilir. Şagirdlər müəllimin tədris etdiyi fənni yaxşı bilməməsini və ya öyrədə bilməməsini ona güzəştə getmirlər. Burada müəllimin digər keyfiyyətləri onun üstünü örtə bilmir. Buna görə də hər bir müəllim, xüsusən yeni yaradıcılığa başlayan gənc müəllim buna daim fikir verməlidir”.

“Müəllimin şagirdlərə dərs keçmə metodunun hansı üsulda olmasına əsasən onların reytinqini müəyyən edirəm”

Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev müəllimlərin reytinqinin hansı meyarlara əsasən müəyyən etməsindən söz açıb:

“Müəllimlərin keçdikləri açıq dərsə və şagird nailiyyətlərinin  monitorinq edilməsinə əsasən reytinqi formalaşdırıram.  Həmçinin, müəllimin şagirdlərə dərs keçmə metodunun hansı üsulda olmasına əsasən də onların reytinqini təyin edirəm.  Onu da bildirim ki, direktorluğa yeni təyinat almışam. Bu tədris ilindən məktəbdə yeniliklər etməyə çalışıram. Müəllimlərin motivasiyası, məktəbin göstəricilərinin qaldırılması isə əsas hədəflərimdəndir.

Bundan əlavə, bütün müəllimlərin dərslərini dinləməyə çalışıram. Bunun üçün bir komissiya yaratmışam. Müəllimlərin aylıq və həftəlik reytinq cədvəlini formalaşdırmaq istəyirəm.  Müəllimin şagirdlərə fənni necə mənimsətdiyini  yoxlamaq məqsədiylə reytinq cədvəlini hazırlamaq istəyirəm”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları