Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 13:51:08
Tələbələrə işgüzar inkişafı öyrədən biznes-mentor:  “Kitablarımızla  konkret hədəfləri qarşılarına məqsəd qoyurlar”  

Azedu.az-ın bu dəfəki müsahibi biznes-mentor, işgüzar inkişaf yazarı Nadir Adilmandır.

Onunla müsahibəni təqdim edirik:

- Nadir müəllim, bu yaxınlarda ali məktəblərdə məzun assosiasiyalarının, universitet fondlarının yaradılmasını, bunun da tələbələrin təhsil haqları və universitetlərin inkişafında yardımçı olacağını söyləmişdiniz. Bu təklifiniz mediada işıqlandırılandan sonra nə  dərəcədə effekt verdi?

-Düzü, ali təhsil müəssisələrinin məsələyə münasibətləri barədə təsəvvürüm yoxdur. Amma onu deyə bilərəm ki, müxtəlif universitetlərin məzunları olan yüzlərlə şəxs tərəfindən ayrı-ayrı tədbirlərdə və görüşlərdə bu təklifim müzakirə edildi.

Müasir cəmiyyətdə yaşayırıq. Hər kəs bir-biri ilə qarşılıqlı məsuliyyət prinsipləri əsasında yaşamaq istəyirsə, bu məsuliyyətin  icrası üçün platformalar da yaradılmalıdır. Məsələn, kim deyir ki, keçmiş məzunların bitirdikləri universitetlər qarşısında sosial məsuliyyəti yoxdur? Əlbəttə ki, var. Baxın, universitetlər müxtəlif tədbirlərə nüfuzlu və tanınan məzunlarını dəvət edir, bundan planının doldurulmasında PR aləti kimi də istifadə edilir.

Bu, özlüyündə normaldır. Təbii ki, qəbul edilməlidir. Amma müasir dünya təcrübəsi göstərir ki, məzunlar bitirdikləri universitetlərin mövcud həyatında və inkişafında mühüm rol oynayırlar.  Qeyd etmək istəyirəm, bu yaxınlarda iştirak etdiyim tədbirlərin birində Türkiyə Orta Doğu Texniki Universitetinin bir məzunu iştirak edirdi. O, kifayət qədər ciddi mövqeyi, bir neçə titulu və vəzifələri olmasına baxmayaraq, sadəcə, həmin təhsil müəssisəsinin məzunu kimi təqdim edilməsini xahiş etdi. Düzünü deyim ki, iftixar ediləsi bir mənzərə idi və bir şəxsin məzunu olduğu universitetin qarşısındakı sosial məsuliyyəti önündə yalnız baş əymək olar.

Mövcud qanunverciliyimiz də universitetlərlə bağlı fondların və yaxud da universitetlərdə Məzun Assosiasiyalarının yaradılmasına imkan verir. Yəqin ki, yaxın zamanlarda və yaxud da gələcəkdə  gənc məzunların təşəbbüsü ilə bu cür təşkilatlar yaradılacaq.

 

Zənnimcə, ali məktəblərin 20, 30, hətta 50 il öncəki məzunlarına çox asanlıqla çıxışı olmalıdır. Əgər bu çıxış yoxdursa, deməli, universitet və məzun arasında heç bir qarşılıqlı sosial məsuliyyətdən söhbət belə gedə bilməz. Ona görə də hesab edirəm ki, ali məktəblərlə məzunlar arasında qarşılıqlı və könüllü əsaslarla sosial məsuliyyətin olması cəmiyyətin və universitetlərin maddi-texniki inkişafına mühüm töhfə verəcək. Məhz bunun üçün universitet fondlarının yaradılması çox vacibdir.

-Fikrinizcə, məzun assosiasiyalarının ümumi strukturu necə olmalıdır?

- Bizim mövcud və proqressiv qanunverciliyə görə təşkilati və hüquqi formasına görə bu cür qurumlar Qeyri-Hökumət Təşkilatı (QHT) və İctimai Birlik kimi qeydiyyata alınır. Hesab edirəm ki, qanunvericilikdən irəli gələn təcrübəyə əsaslanaraq mövcud nizamnamələr daxilində fəaliyyətini quran bu cür təsisatların yaradılmasında universitetlər birbaşa təsisçi qismində çıxış etməlidirlər. Daxili idarəetməyə və daxili idarəetmə strukturunun formalaşdırlmasına gəlincə, bu da nizamnamə ilə tənzimlənən məsələlərdəndir və bu məsələlərdə təbii ki, təsisçilərin ümumu yığıncağının fikri mühüm rol oynayır. Fikrimcə, məzunlar assosiasiyasının geniş tərkibli bir idarə heyəti və rəhbər şəxsləri formalaşdırıla bilər. Təbii ki, sədrin seçilməsi və digər məsələlər də ümumi yığıncağın yekdil qərarı ilə olmalıdır. Amma məsləhətlisi budur ki, məzunlar təşkilat sədr seçərkən onun entuziaizm düşüncə tərzini, kommunikasiya imkanlarını və xüsusən də, gənc nəslin nümayəndəsi olmasını nəzərə alsınlar. Çünki gənc rəhbər digər gənclərin idarəetmə bacarıqlarının artırılmasına dəstək olacaq, həm də daha enerjili və dinamik bir heyət formalaşdıracaq.

- Ümumiyyətlə, təhsilin biznes alətinə çevrilməsi nə dərəcədə düzgündür? 

- Hesab edirəm ki, təhsil biznes üçün deyil, biznes təhsil üçün çox gözəl bir alətdir. Belə demək mümkündürsə, biznes təhsilin inkişaf alətidir. Biznes təhsil üçün olmalıdır. Odur ki, bizim dövlətin qanunvericiliyinin də qadağan etmədiyi özəl təhsil biznesinin inkişaf edən modellər əsasında genişləndirmək lazımdır. Gəlin, biznesmenə bu proseslərdən yalnız pul qazanan bir adam kimi deyil, bu prosesləri təşkil edən bir idarəçi kimi baxaq. Misal üçün, bir məktəbəqədər təhsil müəssisəsinin və yaxud da bağçanın yaradılmasını götürək. Mən hələ kollec, universitetləri demirəm. Biznesmen ilk olaraq bu işləri qurmaq üçün investisiya, dövriyyə vəsaitlərinə malik olmalıdır. Buradan sual meydana çıxır ki, bəs onun pulu yoxdursa, necə olacaq? Yenə də biznesmenin təşkilatçılıq bacarığı bu suala cavab verir. Biznesmen riskə gedərək bankdan kredit götürə, investoru inandıra və yaxud da ki, digər yollarla bu layihəyə maliyyə cəlb edə bilər, deyək ki borc ala bilər. Bu maliyyənin nəticəyönümlü istifadə edilərək geri dönüşümü təmin edilməlidir. Məsələn, banka faizlərlə birgə borcu qaytarmaq lazımdır. Hesab edək ki, bağça, məktəb və yaxud da məktəbəqədər təhsil müəssisəsi açıldı. Kommunal xərcləri, işçi heyəti, müəllimlərin əmək haqları, təchizat, keyfiyyətli yemək və digər məsələlər var. Deyək ki, biznesmen bunları da yüksək səviyyədə həyata keçirdi: 100 şəxsə əməkhaqqı verdi, qanunvericiliklə üzərinə düşən imtiyazlardan istifadə etsə də, digər vergi öhdəliklərini icra etdi. Bu prosesin icra logistikasını elə kağız üzərində oxuduqda yəqin ki, xərcləri təsəvvür etmək olar. Siz necə düşünürsünüz, bu qədər xərclərin qarşısında biznesmen təhsili pulsuzmu eləsin? Əlbəttə ki, siz də buna razı olmazsınız. Mən təhsil sahəsində fəaliyyət göstərən onlarla vicdanlı biznesmen tanıyıram ki, onlar şəhər kənarında, əlçatmaz yerlərdə məktəbəqədər hazırlıq kursları və bağçalar açırlar. Eyni zamanda, şəhərin mərkəzində bu cür müəssisələr və məktəblər var. Həmin sahibkarlar bacardığı endirimi, güzəştləri də şagirdlərə tətbiq edirlər. Təbii ki, onları təşkil etdikləri proseslərə görə bütün bu boyda xərc tələb edən bir sistemi xeyriyyə məqsədi ilə istifadəyə verə bilməz. Çünki bu zaman onun biznesi süquta uğrayar. Biznes-mentor olaraq mən də təhsil sahəsində keyfiyyətli müəssisələrin yaradılmasının tərəfindəyəm. Çünki bu, dövlətin yükünü azaldır, rəqabət mühiti və yeni iş yerləri yaradır. Amma sahibkarlar da dövlət və cəmiyyət qarşısında öz sosial məsuliyyətlərini başa düşməlidir. Biznesmenin marağı həm də pul qazanmaqdır. Bu, normaldır və biznesin bir nömrəli qaydasıdır. Amma biznesmen həm də dövlətin onun üçün yaratdığı imtiyazları və mühiti anlayaraq, cəmiyyətin inkişafında öz sosial məsuliyyətinin tətbiqi ilə dolayı töhfə verməlidir. Bunu da keyfiyyətli xidmət, endirimlər, cəmiyyətin inkişafına hər hansı bir dəstəyin verilməsi və insan resurslarının rifahına nail olmaqla etmək olar.

- Nadir müəllim, müəllifi olduğunuz “Gəncsən?Başla!” və “Məqsədlisən?” kitabları gənclərdə motivasiyanı artırmaq üçün nəzərdə tutulub. Sizcə, gənclər hədəflərini daha uğurlu etmək üçün hansı yollara əl atmalıdırlar?

- Əslində, motivator və motivasiya müəllifi olmaq çox böyük bir məsuliyyətdir. Amma mən özümü motivasiya müəllifi hesab etmirəm. Bu, həm nəzəri, həm də praktiki cəhətdən belədir. Mən biznes-mentor və işgüzar inkişaf yazarıyam. Mentorların motivatorlarla oxşar və fərqli cəhətləri var. Bir biznes-mentor kimi hər iki kitabda, gənclərə işgüzar inkişafa nail olmaq üçün lazım olan bir çox alətləri bədii yollarla çatdırmışam. Biznes-mentorların işləri motivatorlardan bir qədər çətindir. Çünki bir biznes-mentor olaraq, sən təkcə nəticələrə gedən yolları deyil, nəticələri və xüsusən də, ölçülə bilən nəticələri göstərə bilməlisən. Bunun təbii ki, müxtəlif müqayisəli alətləri və öz meyarları var. Hər iki kitabda oxucular üçün çoxlu müqayisəli məsələlər qeyd olunur. Aldığım məlumatlara görə, tam məsuliyyətlə deyə bilərəm ki, bu kitabları oxuyan gənclər öz işgüzar inkişafları ilə bağlı konkret hədəfləri qarşılarına məqsəd qoyurlar və işgüzar inkişafa gedən yolda onlar kitabda oxuduğu alətləri tətbiq edirlər.

Verdiyiniz suala gəlincə, deyə bilərəm ki, mən gənclərə uğura nail olmaq üçün yol göstərmişəm. Mən onlara işgüzar uğura nail olmaq üçün alətləri təqdim edirəm. Məsələn, çox gözəl və bacarıqlı bir şəxs öz şəxsi həyatında uğursuz ola bilər, yaxud da əksinə, şəxsi həyatında çox uğursuz olan bir şəxs işgüzar inkişafda çox ciddi nəticələr əldə edə bilər. Baxın, mən də məhz məsələnin ikinci tərəfi ilə, sırf işgüzar inkişaf tərəfi ilə məşğulam. Subyektiv fikrimdir ki, uğurlu insan, uğurlu şəxs anlayışları nisbidir. Hesab edirəm ki, mənəvi uğur və işgüzar uğur arasında çox ciddi sərhədlər var. İşgüzar uğur ölçülə biləndir, amma bir insanın ümumiyyətlə uğurlu olmasını, biz deyə bilərik, amma o şəxsin problemləri bizə bəlli olmadığından, o şəxs öz problemlərinə görə özünü uğurlu hesab etməyə bilər. Hesab edirəm ki, cəmiyyətdə biz uğur məsələsini işgüzar nəticələrlə ölçməliyk. Deyək ki, geniş bir biznes şəbəkəsi bir gün tənəzzül edir. Uğursuzluqla üzləşir. Əlbəttə ki, normaldır. Yəni fikrim ondan ibarətdir ki, uğur daimi, davamlı deyil. Amma işgüzar inkişaf üçün çalışmaq davamlı ola bilər. 

İşgüzar inkişaf biznes inkişafı da ola bilər və yaxud da məşğul olduğun işin, fəaliyyət göstərdiyin sahədə sistemli inkişafın. Yəni, uğur məsələlərinə qarışmıram, amma işgüzar uğurla bağlı gedən yolda təbii ki, sistemlərin qurulmasında iştirak edirəm. O səbəbdən də gənclərə tövsiyə edərdim ki, biznes düşüncəli və biznesyönümlü olsunlar. Biznes bir prosesdir. Biznes bir ekosistemdir, biznes proseslərin idarə edilməsidir. Buna belə baxmaq lazımdır. Bunun üçün isə onlar bu sahədə dövlət təşviq siyasəti, tənzimləmə və bir sözlə, dövlətin biznes sektoru üzrə apardığı bütün islahatları və siyasəti birinci növbədə öyrənməlidirlər. Sonra isə bu sahədə kitablar oxumalıdırlar. Ağır və nəzəri, anlaşılmayan kitabları oxumağı heç məsləhət görmürəm. Çünki bu kitabları yazan adamlardan həmin məlumatları ekspert kimi məsləhət formasında almaq mümkündürsə, professor olmağa ehtiyac yoxdur. Amma çox ciddi şəkildə tövsiyə edərdim ki, praktik biznesmenlərin kitablarına, o cümlədən, biznesin praktik tərəflərinə toxunan şəxslərin kitablarını mütləq oxusunlar. Təlimlərdə və seminarlarda iştirak etsinlər. Könüllü fəaliyyəti ilə məşğul olsunlar. İşgüzar inkişafları üçün gərəkli ola biləcək mühüm alətlərdən istifadə etməyi öyrənsinlər. Gənclərin, xüsusən də tələbələrin öz işgüzar inkişaflarından ibarət bir gündəliyi olmalıdır. Bir tələbənin bu günkü gündəliyində nə varsa, sabahkı işgüzar inkişaf nəticəsi də o olacaq.  O tələbələr daha konkret işgüzar gündəliyə malikdir ki, onların ciddi planları və hədəfləri var. Onlar təkcə uğurlu yox, həm də işgüzar olmaq istəyirlər. Məsələn, Hüquq fakültəsinin tələbəsi xəyallarında məşhur bir hüquqşünas olmaq istəyirsə, öncə çox bacarıqlı bir vəkilin çantasını daşımağı öyrənməlidir.

- Hazırda gənclərin bir çoxunda aqressiya müşahidə olunur. Bunun səbəbini işgüzar inkişaf yazarı olaraq nə ilə əlaqələndirirsiniz? 

- Yəqin ki, bu sual daha çox psixoloqlara ünvanlanmalıdır. İmza günlərimdə gənclərlə ünsiyyətdə oluram. Müasir gənclər qeyri-adidir, onlar çox pozitiv və həyat dolu enerji ilə yaşayırlar. Amma hesab edirəm ki, istənilən aqressiyanın kökündə məşğuliyyətsizlik dayanır. Əgər, məsələ siz deyən kimidirsə, o zaman biz təkcə gənclərin deyil, məhz tələbə gənclərin də məşğulluğu sahəsində çox ciddi düşünməliyik. Hesab edirəm ki, hər bir gənc birinci kursdan başlayaraq çox ciddi məşğul olmalıdır. Təkcə nəzəriyyə ilə yox, eyni zamanda praktika ilə. Yəqin ki, bu sahəyə qanunvericilik səviyyəsində də baxmağa ehtiyac var. İxtisasa uyğun olaraq könüllü əsaslarla və rəqabət şəklində gənclər üçün elə ilk kursdan işləmək üçün münbit və icbari olmaqla şərait yaradılmalıdır. Onlar elə ilk kursdan öz ixtisasları üzrə sahələrdə çox az əməkhaqqına işləməlidirlər. Sizi əmin edirəm ki, birinci kursdan bu proseslərə qoşulan gənc sonradan öz yerini tapır və aqressiv olmağa vaxtı da olmur. Aqressiv olmaq üçün insanda kifayət qədər mənasız sərf edilən zaman olmalıdır. Gəlin, bunu da təbii qəbul edək ki, gəncin və yaxud da tələbənin nəyi isə bilməməsi qəbahət deyil. Bilməyən tələbələrə istiqamət verilməlidir. Onlar istiqamətləndirilməlidirlər. Təhsil müəssisələrinin karyera mərkəzləri məndən inciməsin. Bu gün təcrübə göstərir ki, bu mərkəzlərin 90 faizinin heç birinin tələbələrin karyera inkişafında heç bir rolu yoxdur. Tələbələr üçün İşgüzar İnkişaf Mərkəzlərini elə təhsil müəssisələrinin daxilində və biznes sektorun birbaşa iştirakı ilə yaratmaq lazımdır və yaxud da bu cür mərkəzləri şirkətlər sosial məsuliyyət prinsiplərindən çıxış edərək universitetlərin daxilində yaratmaq üçün özləri təşəbbüs etməlidirlər.

-Amma buna universitetlərimiz nə dərəcədə hazırdır? Universitetlər nə dərəcədə biznes strukturlarını bu sahəyə cəlb edə bilirlər? 

 -Yenə də qayıdıram ilk sualınızın cavabına - buna yalnız məzunlar assosiasiyalarının və universitet fondlarının dəstəyi ilə çatmaq mümkündür. Universitetin ayrılıqda işi təhsil verməkdir. Bir çox universitetlərin praktika rəhbərləri ilə ünsiyyətdə oluram. Mən bu şəxslərə qibtə edirəm. İxtiyar yaşda olan bu insanlar nəinki praktika vaxtı, hətta ilk kursdan belə öz tələbələrini məşğul etmək, onları əməyə və ixtisas üzrə işə cəlb etmək istəyirlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları