Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 09:23:00
Harvardı bitirən yüksək vəzifəli azərbaycanlılar- Miqrasiya Xidmətinin rəhbəri, nazir müavini...-SİYAHI

 

Harvard Universiteti Amerikanın, eləcə də dünyanın ən qədim və ən məşhur ali təhsil müəssisəsi hesab olunur.

Ali məktəbin kitabxanasında mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.

Dünyada şəxsi biznesləri ilə öz sözünü deməyi bacaran şəxsiyyətlər, məşhur insanlar, alimlər bu ali təhsil müəssisəsini başa vurublar. Onlardan 45-i Nobel mükafatı laureatı, 30-dan çoxu isə dövlət başçısıdır.

ABŞ-ın bir neçə sabiq prezidenti, o cümlədən Barak Obama və xanımı Mişel, Feysbukun yaradıcısı Mark Zukerberq, Microsoft-un qurucusu Bill Qeyts "Harvard”da təhsil alıblar.

Harvard Universitetindən məzun olanlar sırasında həmyerlilərimiz də yer alır. Həmin məzunların bir çoxu hazırda yüksək vəzifələrdə çalışırlar.

AzEdu.az Harvardın azərbaycanlı məzunlarını və onların fəaliyyətlərini təqdim edir:

Elçin Əmirbəyov  - Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, diplomat. 

2000-ci ildə Harvard Universitetinin Kennedi adına məktəbini beynəlxalq və milli təhlükəsizlik ixtisası üzrə bitirib və son təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub.  Azərbaycanı BMT-də və Fransada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

2001-2003-cü illərdə Brüsseldə Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005-2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.

Cenevrədə çalışdığı zaman o, 2008-2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və məruzəçi qismində fəaliyyət göstərib.

Vüsal Hüseynov  - Dövlət Miqrasiya Xidmətinin rəisi.

2011-ci ildə Harvard Universitetini inzibati idarəçilik üzrə ixtisası üzrə bitirərək, magistr dərəcəsinə yiyələnib.

Vüsal Hüseynov 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi olub. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi təyin edilib.

2015-ci ildə o, əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirməyə başlayıb.

Vüsal Hüseynov pedaqoji fəaliyyətə 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində başlayıb.

Şahmar Mövsümov - Dövlət Neft Fondunun icraçı direktoru.

Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbini dövlət idarəçiliyi ixtisası üzrə bitirib və bu nüfuzlu universitetdə təhsil alan ilk azərbaycanlılardandır.

2005 - 2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışıb.

2013-cü ildən  Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür. Eyni zamanda Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir. 4 xarici dil bilir.

Mətin Kərimov  - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini.

2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının diplomunu alıb. Mətin Kərimov 6 xarici dil bilir.

1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti olub.

2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb.

2012-ci ildən 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləyib.

Vüsal İsayev   - Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri.

"Harvard”ı hüquqşünas ixtisası üzrə bitirib.

Emin Hüseynov – Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.

Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru, Milli Bankda Tədqiqatlar və statistika departamentinin direktoru, Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı, Milli Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru, Azərbaycan Diplomatiya Akademiyasında (“ADA”), Strategiya və inkişaf məsələləri üzrə prorektor vəzifələrində çalışıb.

“ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor və Maliyyə Nazirinin müavini vəzifələrində xidmət göstərib.

2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.

Ramin İsayev – "SOCAR AQŞ”ın baş direktorudur.

Ramin İsayev 1998-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Baş iqtisadçı işləyib, 1999-cu ildə BP/Statoil Alyansında işə dəvət edilib. BP və Statoil şirkətlərində bir sıra vəzifələrdə çalışıb.

O, 2002-ci ildən Xəzər Universiteti və Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bir neçə fənlərdən ingilis dilində mühazirələr oxuyur. Gənc alimin indiyə qədər bir neçə kitabı Azərbaycan dilindən ingilis dilinə, eyni zamanda ingilis dilində iqtisadiyyat üzrə olan dərsliyi Azərbaycan dilinə tərcümə edib.

O, 2001-2002-ci illərdə Norveçdə, Statoil şirkətində (Norveç Dövlət Neft Şirkətində) Baş Vitse-prezidentin Şərq yarımkürəsindəki layihələri üzrə nümayəndəsi, 2002-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyində Baş Direktorun iqtisadi məsələlər üzrə müavini işləyib.

O, siyasi və iqtisadi elmlər üzrə məqalələrin müəllifidir, ingilis, rus, çex, norveç dillərini mükəmməl bilir. 2005-ci ildən Mərkəzi Avrasiya Liderlər Alyansının üzvüdür.

Fərid Şəfiyev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri,  2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub.

2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

Tahir Kərimov – Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri işləyib.

Röya Talıbova – Prezident Administrasiyasında baş məsləhətçi olaraq çalışıb.

Rauf Məmmədov – Hazırda Qətərdə yaşadığı, burada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Fuad Axundov – Öncədən İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı olub.

1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb.

Fuad Axundov tədris fəaliyyəti ilə də məşğul olub. 1992-1993-cü illərdə o, Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris edib.

Mikayıl Qasımov – İxtisasca riyaziyyatçıdır və Harvard Universitetini bitirən ilk azərbaycanlıdır.

Natiq Qasımov – Biznesmendir.

Bəxtiyar Hacıyev – İctimai-siyasi fəaliyyətlə məşğuldur.

2004-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsindən məzun olub və bir müddət Xəzər Universitetində təhsil alıb. 2004-2006-cı illərdə Beynəlxalq Elm Olimpiadası (IJSO) Beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olub.

2005-ci ildə BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Azərbaycanın gənc nümayəndəsi olub və Baş Assambleyanın plenar iclasında çıxış edib. 2005-2007-ci illərdə dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in Azərbaycan nümayəndəliyinin qurucusu və rəhbəri olub.

Murad Sofizadə - Biznesmendir.

Natiq Qəniyev – Maliyyə sektoru üzrə rəhbər vəzifədə çalışır.

Əzizə Süleymanzadə - Fizikdir.

Anar Cahangirli – “Azercell”də ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

Zaur Məmmədov – Şirkət rəhbəridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları