Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 18:00:00
“Biz bütün magistrları işlə təmin edirik” – AMEA-dan rəsmi cavab  

“Akademiyanın nə magistraturasına, nə də doktoranturasına sənəd qəbulu zamanı İELTS balı tələb olunur. Sadəcə, doktoranturaya qəbul zamanı biz özümüz tələbələri imtahan edirik, yenə də onlardan hazır İELTS sertifikatı istəmirik. Magistraturada ümumi qayda üzrə DİM imtahanları keçirilir. DİM-in müəyyən etdiyi qəbul qaydaları bütün universitetlər üçün necədirsə, akademiyada da eynidir. Dərs prosesində isə biz özümüz magistrantlara xarici dildən İELTS proqramı üzrə dərslər keçirik”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı AMEA-nın Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib. O  qeyd edib ki, tədris ilinin sonunda magistrların hamısı beynəlxalq imtahana girir və əksəriyyəti İELTS üzrə 7 bal toplaya bilirlər:

“Bizi seçən tələbələrdən, yalnız onlara İELTS-i tədris etdikdən sonra, tam tədris ilinin sonunda bu nəticəni tələb edirik. Doktoranturaya qəbul zamanı isə müraciətçilər yoxlanılır  və onlardan İELTS imtahanı götürülür.

Ötən il 18 tələbə ilk məzunlarımız olub. Hazırda isə 57 nəfər ikinci kursda, 67 nəfər isə birinci kursda təhsil alır. Akademiyaya yüksək ballı tələbələr qəbul olunur və dərs prosesi elə qurulub ki, orada magistrın dərsdən yayınmasına imkan verilmir. Həm də dərsdəki davamiyyətə ciddi nəzarət olunur. Çünki, bizim məqsədimiz seçmə üsulu ilə ən yaxşı magistrları hazırlamaqdır. Bizdə akademik müvəffəqiyyət kifayət qədər yüksək səviyyədədir. Keçənilki məzunlarımızın böyük əksəriyyəti magistraturanı qırmızı diplomla bitiriblər. Bu il də məncə, elə də çətinliyimiz olmayacaq”.

Ə.Sadıqov qeyd edir ki, magistraturada seçim kifayət qədər ciddi həyata keçirilir. Onun sözlərinə görə, akademiyanın magistraturasına qəbul olunmaq istəyənlərin sayı mövcud plan yerlərindən xeyli artıq olur:

“Ötən il plan üzrə ayrılan 67 yer üçün 1742 ərizə verilmişdi. Üstəlik, onların böyük əksəriyyəti yüksək nəticə toplayan məzunlar idi. Müsabiqənin böyük olması bizə imkan verir ki, onların içində ən yaxşılarını seçə bilək. İlk günlərdən biz magistrlara həm ümumi fənləri, həm də İELST proqramını peşəkar müəllim heyəti tərəfindən tədris etdiririk.

Bu il üçün magistraturaya qəbulun ilk pilləsi keçirilib. İkinci pillə isə iyun ayının 3-də baş tutacaq. Yalnız ondan sonra iddiaçıların neçə faizinin akademiyaya sənəd verəcəyi müəyyənləşəcək”.

Əminağa Sadıqovun sözlərinə görə, akademiyada təhsil alan magistrıların əksəriyyəti işlə təmin olunurlar:

“Magistrlarımızın böyük əksəriyyətini müvafiq institutlarda işə qəbul etmişik. Onlar, ya baş laborant, ya da kiçik elmi işçi vəzifələrinə götürülüblər və oradan yarım əməkhaqqı alırlar. Aktiv uşaqlar olduqları üçün onların bəziləri, hətta elmi layihələrə cəlb olunublar. Orta hesabla, bizim hər magistr 500 manata qədər əməkhaqqı ala bilir”.

Qeyd edək ki, Akademiyanın magistratura bölməsinə qəbul ilk dəfə 2015-2016-cı tədris ili üçün həyata keçirilib. AMEA-da magistratura təhsil pilləsinin yaradılması akademiya ilə universitetlərin təbii inteqrasiyası üçün nəzərdə tutulub.