Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 16:46:55
Azərbaycanlı gənclər daha bu ölkələrdə oxumaq istəmirlər - SƏBƏBLƏR  

Xaricdə təhsil almaq bir çox gəncin istəyidir. Hər ilin  sentyabrından etibarən, gənclər  xaricdə təhsil üçün  bir çox xarici  təhsil şirkətlərinə müraciət edirlər.

Xaricdə təhsil şirkətlərinə müraciət edən gənclər isə daha çox Türkiyə, Ukrayna, Rusiyada oxumağı hədəfləyirlər.

Bəs ötən illərlə müqayisədə bu il hansı ölkələrdə təhsil almaq istəyən gənclərin sayı azalıb?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə mütəxəssislərin fikrini öyrənib:

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyevin bildirib ki, son dövrlər Postsovet ölkələrində təhsil almaq istəyənlərin sayı azalıb. O, Postsovet ölkələrində təhsil almaq istəyənlərin sayının az olmasının səbəblərini də açıqlayıb:

“Postsovet ölkələrində təhsil almaq istəyənlərin sayının az olmasına səbəb ölkədə subbakalavrların ali məktəblərə  qəbul prosesinin sadələşdirilməsidir.  Növbəti ildən etibarən Ukrayna ilə müqayisədə Belarus və Rusiyaya təhsil üçün  gedənlərin sayında artım müşahidə olunacaq. Onu da bildirim ki, Türkiyədə tibb sahəsi üzrə təhsil almaq istəyənlərin sayında ciddi artım müşahidə olunur.  Həmçinin, Almaniya və İtaliyada da təhsil almaq istəyən gənclərimiz çoxdur. Bəzən İtaliya səfirliyi heç bir səbəb olmadan  viza proseduru zamanı gənclərə imtina cavabı verir. Bu proses isə İtaliyada təhsil almaq istəyənlərin ümidini öldürür.  Onu da bildirim ki, İtaliyada təhsil almaq istəyənləri daha çox Polşaya yönləndiririk”.

Jurnalist, xaricdə təhsil üzrə ekspert Nəzərbəy  Hacıağayevin sözlərinə görə, öncəki illərlə müqayisədə bu il Polşa və Baltikyanı ölkələrdə təhsil almaq istəyənlərin sayı azalıb:

“Polşa və Baltikyanı ölkələrdə təhsil almaq istəyənlərin sayının az olmasına səbəb viza prosedurunun çətin olmasıdır. Bu ölkələrdə təhsil almaq istəyənlər üçün qəbul şərtləri də çətindir. Türkiyə, Ukrayna və Rusiya universitetlərinə qəbul şərtlərinin asan olması da gənclərin Polşa və Baltikyanı ölkələrdə təhsil almasına marağı azaldıb”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları