Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-04 13:20:00
“Bütün günahlar dil-ədəbiyyat müəllimlərindədir” – Aparıcıdan sərt ittihamlar  

 

Ölkəmizdə orta məktəb şagirdləri fikirlərini aydın çatdıra bilmir, adi danışıq zamanı belə müəyyən çətinliklərlə üzləşirlər. Bu, onların söz ehtiyatının az olması səbəbindən baş verir.  Təbii ki, gələcəkdə olacağı sosial ortamlarda da ona problemlər yaradır. Belə şagirdlər adətən, özünü ifadə etməkdə çətinlik çəkir, razılaşmadıqları məsələ barədə belə qəti şəkildə fikir bildirməyi bacarmırlar. Bəs bunun əsas səbəbləri nələrdir? Şagirdlərdəki söz qıtlığı müəllimlərin günahıdır, yoxsa, məktəblilərin məsuliyyətsizliyi?

Mövzu ilə bağlı AzEdu.az-a danışan sənətşünas, tanınmış teleaparıcı Elçin Əlibəyli bunun əsas günahını Azərbaycan dili və ədəbiyyat müəllimlərindən görüb: “Orta məktəbdən əvvəl bağçada uşaqlara ünsiyyət və fikrini ifadə etmək qabiliyyətini öyrətmək lazımdır. Sovet dövründə onlar fikrini çatdıra bilmələri üçün ifadə yazardılar. İmla və inşadan fərqli olaraq bu zaman məktəblilər söz ehtiyatından istifadə edərək özləri cümlə qurur, fikirlərini ifadə edirdilər. Nitq artıq vərdiş halını almışdı. Təbii ki, burada bədii ədəbiyyatın da böyük təsiri var idi. Yəni, mütaliə etdikcə müxtəlif ifadə vasitələri və sözlərin öyrənməsi yeni yanaşmaları daha da zənginləşdirirdi.

Bəs indi nə baş verir?

Birincisi orfoepiya qaydaları tam pozulub. Bu gün televiziya qarşısına çıxan istənilən tələbə, hətta təəssüflə deyim ki, alimlər belə orfoepiya qaydalarını kobud şəkildə pozur, orfoqrafik qaydada və ya ləhcə ilə danışırlar. Bu məsələnin hələ birinci tərəfidir. Gəlin, sınaq keçirək: Şəhərə çıxıb istənilən mövzu ilə bağlı şagird və tələbələrə sual verək. Həmin suala cavab vermək qabiliyyətləri yoxdur. Əksəriyyəti elementar cümlə qura bilmir. Testə o qədər öyrəşiblər ki, artıq fikir bildirmək, cümlə qurmaq qabiliyyətlərindən məhrumdurlar. Mən bunun günahını Azərbaycan dili və ədəbiyyatı müəllimlərində görürəm. Çünki onlar təkcə qrammatikanı deyil, həm də danışığı öyrətməlidirlər. Orta məktəblərdə keçirilən ədəbiyyat dərsi yalnız ədəbiyyat tarixini öyrətmək üçün deyil. Bədii əsərlərin düzgün tələffüz olunması, orfoepiya qaydalarının qorunmasına riayət olunmalıdır. Qəzəl ona görə keçirilir ki, əruzun ilk qaydaları müəyyən qədər öyrədilsin. Bunlar hamısı şagirdin cümlə qurma və fikrini düzgün ifadə etmə qabiliyyətinin inkişaf etdirilməsi üçündür. Təəssüf ki, hazırda bizim əsas problemlərimizdən biri budur”.

Ölkəmizi Türkiyə ilə müqayisə edən teleaparıcı əslində, bu halın çox utancverici olduğunu vurğulayıb:

“Başqa ölkələrdə belə bir şey görə bilməzsiz. Qonşu Türkiyədə, Rusiyada belə problemlər yoxdur. Orada gənclərdən müsahibə alanda çox aktiv şəkildə fikirlərini bildirirlər. Olduqca dərin danışıq qabiliyyətləri var. Halbuki, elə Türkiyədə də test sistemidir. Amma onlar fikirlərini çox maraqlı və ifadəli şəkildə bildirirlər. Mən onları “yutub” üzərindən də izləyirəm. Videobloqçuları elmi, sosial və digər mövzularda danışırlar. Fikirlərini elə çatdırırlar ki, hiss edirsən ki, bu insan işinin peşəkarı olasa da, ən azı cümlə qurmağı bacarır. Amma bizim videobloqçularımız acınacaqlı vəziyyətdədirlər. Efirdə çıxış edən orta məktəb şagirdlərinin danışıq tərzinə baxın; Çox utancvericidir. İctimai iaşə müəssisələrində işləyən insanlarda da vəziyyət eynidir. Mən onları təbəqələrə bölmək istəmirəm, vacib deyil ki, hamının ali təhsili olsun. Amma bu, orta məktəbdə keçirilən predmentdir. Düşünürəm ki, bunun günahkarı Azərbaycan dili və ədəbiyyatı müəllimləridir. Onlar dili, danışığı, ədəbiyyatı sevdirməlidirlər. Birbaşa fənni sevdirməlidir ki, uşaq danışmağa söz tapa bilsin. Bu gün görün, insanlar məişətdə neçə min sözdən istifadə edirlər? Bu özü elə bir göstəricidir. Söz qıtlığı ondan irəli gəlir ki, bu adam ədəbiyyat oxumayıb, Azərbaycan nəsrindən xəbəri yoxdur. Çox acınacaqlı vəziyyətdir”.

O, əksər televiziya aparıcılarının ədəbiyyatdan xəbərsiz olduğunu qeyd edib:

“Biz test sisteminə keçəndən sonra sanki uşaqların bütün diqqəti yanlış olaraq ona yönəldi. Nitq problemlərinə ikinci dərəcəli məsələ kimi baxmağa başladılar. Ölkənin ziyalısı efirdə “bağışlayın” deyir, orfoqrafiya qaydaları ilə danışırsa, izləyici də bunun belə olduğunu düşünür. Bu məsələdə ziyalılarımızın da rolu çoxdur. Məsələn, Rafael Hüseynovun danışığı bir nümunədir. Qulu Məhərrəmlinin danışığına diqqət edin. O, fikrini nə qədər sözdən istifadə edərək şaxələndirir. Belə insanlar efirdə olar, çox danışarsa, təbii ki, izləyici də bundan nəsə öyrənər. Aparıcılarımızın böyük əksəriyyətinin isə söz ehtiyatı yoxdur, azərbaycanca danışa bilmirlər. Küçədən keçən gəlib aparıcı olur. Yoxlayan belə yoxdur ki, bunlar ədəbiyyat oxuyublar, xəbərləri var ya yox? Hamı özünü ağıllı göstərməyə çalışır. Amma əslində boş qazandan başqa bir şey deyillər”.

Elçin Əlibəyli bu problemin aradan qaldırılmasında ziyalılarımızın da rolunun çox olduğunu deyib:

“Öz verilişimdə də bu mövzunu işləmişik. Biz necə danışırıq, lüğət kimi mövzulara yer vermişik. Amma onları yenə də işləmək fikrimiz var. Qonaq olduğum verilişlərin birində filologiya elmləri doktoru iştirak edirdi. Mən onun özünə dedim ki, “filologiya elmləri doktorusuz. Amma orfoepiya qaydalarını kobud şəkildə pozursuz”. Məşhur qiraətçi Ağalar müəllim mənə müdaxilə etdi ki, harda pozur? Mən isə xahiş etdim, şeiri bir də oxudu. Sonradan özü də bunu təsdiqlədi. Yəni, filologiya elmləri doktoru, professor orfoepiya qaydalarını canlı şəkildə pozursa, biz uşaqdan nə gözləyək?! Bu adam necə filologiya elmləri doktoru olub?! Filoloq ilk növbədə dilin keşiyində durmalıdır. Fizik və ya riyaziyyatçı olsa, bunu bağışlamaq olar. Ola bilsin, bədii ədəbiyyat oxumayıb, bilmir. Amma filoloqa yox, Azad Mirzəcanzadə tamam başqa sahənin adamı idi. Texniki elmlərlə məşğul olan böyük alim idi. Amma onun həm rus, həm də Azərbaycan dilindəki danışığı, söz ehtiyatı çox yaxşı idi, insan heyran qalırdı. Bu cür alimlərimiz hamıya nümunə olmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları