Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 12:50:00
Xaricdə oxumaq istəyən gənclərimizə ən çox imtina cavabı verən ölkələr- SƏBƏBLƏR  

Xaricdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir. Hər ilin  sentyabr-oktyabrından etibarən, gənclər  xaricdə təhsil üçün  bir çox xarici  təhsil şirkətlərinə müraciət edir. 

Maraqlıdır, gənclərimizin ən çox üz tutduğu ölkələr hansılardır və qəbul proseduru zamanı hansı səbəbdən imtina cavabı alırlar?

AzEdu.az bununla bağlı təhsil üzrə mütəxəssislərin fikrini öyrənib:

“Universitetlərə qəbul proseduru zamanı imtina cavabı ən çox  Qərbi və Mərkəzi Avropa ölkələrində olur”

Bu sözləri AzEdu.az-a jurnalist, xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev deyib:

Onun sözlərinə görə, azərbaycanlılar təhsil üçün daha çox qardaş ölkə Türkiyəni seçir. Buna səbəb isə dil yaxınlığı və ölkələr arasında viza rejiminin olmamasıdır:

“Son aylarda  gənclərimizin təhsil almaq üçün getdiyi ölkələr arasında Türkiyə ilk sıradadır. Həmçinin, Ukrayna və Rusiyada da təhsil almaq istəyən  gənclərimiz də kifayət qədərdir. Gənclərimizin daha çox Türkiyədə təhsil almasının səbəbi oraya səfər edən vətəndaşlarımızın viza problemi olmamasıdır. Onu da bildirim ki, gənclərimiz türk dilini asanlıqla mənimsədiklərinə görə daha çox Türkiyədə təhsil almaq istəyirlər.

Təhsil üçün Ukrayna və Rusiyaya üz tutan vətəndaşlarımız vizayla bağlı ciddi problem yaşamırlar. Amma universitetlərə qəbul proseduru zamanı imtina cavabı ən çox  Qərbi və Mərkəzi Avropa ölkələrində olur. Bu zaman xaricdə təhsillə məşğul olan şirkətlərin heç bir günahı olmur. Onlar çox zaman tələbə üçün lazım olan universitetə qəbulla bağlı təsdiq sənədini alır. Ancaq tələbələrin təhsil almaq istədiyi ölkənin səfirliyi onlara sanki Çin səddi yaradır. Bu da normaldır. Çünki Avropaya təhsil adı altında bir çox insanlar səfər edir. Ölkəyə çatan kimi pasportlarını cırıb, geri qayıtmaq istəmirlər. Artıq təhsil adı altında müxtəlif səbəblərdən Avropa ölkələrinə daxil olanların qarşısını almaq üçün sərt və ciddi viza proseduru tətbiq edilir”.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev də bildirib ki, universitetlərə qəbul proseduru zamanı ən çox imtina cavabı Amerika və Kanada da olur:

“Gənclərimiz təhsil üçün daha çox qardaş ölkə Türkiyəni seçir . Həmçinin Polşa və Baltikyanı ölkələrdə də təhsil almaq istəyən  gənclərimiz kifayət qədərdir.  Çünki həmin ölkələrdə illik təhsil haqqı daha ucuzdur. Onu da bildirim ki, Türkiyədən viza almaq daha asandır. Elə buna görə də gənclərimiz daha çox Türkiyədə təhsil almaq istəyirlər.  Universitetlərə qəbul proseduru zamanı ən çox imtina cavabı isə Amerika və Kanadadan gəlir. Səbəbi isə  miqrantla bağlıdır. Çünki tələbələrin universitetlərə qəbul proseduru zamanı sənədlərində problem yaranır. Həmçinin, gənclərin bank hesabında yetərincə məbləğ olmadığında da viza ala bilmirlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları