Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 14:54:51
Qarşıdakı il üçün 700 bal proqnozu, Apelyasiya Komissiyasının işini artıran səbəblər – Təhlil  

“Builki  qəbul imtahanlarında ölkə üzrə toplanan ən yüksək  nəticə (694.5 bal) onu deməyə əsas verir ki, növbəti illərdə maksimum  nəticə göstərən abituriyentlər olacaq. Bu il Apelyasiya Komissiyasına müraciət edənlərin sayı da çoxluq təşkil edib”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, qəbul imtahanları abituriyent, müəllim və valideynlərdə ciddi narahatlıq hissi yaradıb:

“Test üsulu ilə qəbul imtahanları keçiriləndən bəri ən ciddi yeniliklərin tətbiq olunduğu qəbul imtahanları bu il oldu. Yeniliklər məzmun və forma baxımından özünü göstərdi. Buraxılış və blok imtahanlarının tətbiqi müsabiqənin forma baxımından dəyişildiyini sübut edən ən ciddi faktorlardan biri idi. Həmçinin, sualların tərtibinə və qiymətləndirilməsinə tətbiq edilən yeniliklər də əvvəlcədən çoxlu suallar yaradırdı. İstər buraxılış, istərsə də blok imtahanları üzrə sınaqların kütləvi təşkil edilə bilməməsi abituriyentlərdə imtahan təcrübəsini formalaşdırmaq və əvvəlcədən özünü qiymətləndirə bilmək baxımından xeyli sıxıntılar yaratdı”.

Elxan Nəcəfov qeyd edib ki, bu il keçid ballarının bir çox ixtisaslar üzrə aşağı düşəcəyi təxmin edilirdi:

“Ümumi nəticələrin bir il əvvəlki ilə müqayisədə zəif olacağı proqnozlaşdırılırdı. Yekunda gözlənilən də oldu. Nəticələrə əsasən, maksimum bal toplaya bilən şagird olmadı. Buna baxmayaraq, tətbiq edilən yeniliklərin nəticə etibarı ilə özünü doğrultduğunu etiraf etmək lazımdır.

Ölkə üzrə ən yüksək nəticə (694.5 bal) onu deməyə əsas verir ki, növbəti illərdə maksimum bal toplayan abituriyentlər olacaq. Bu il eyni zamanda Apelyasiya Komissiyasına müraciət edənlərin sayı çoxluq təşkil edib. Bu da açıq sualların qiymətləndirilməsi ilə bağlı idi. Ümid etmək olar ki, növbəti illərdə bu istiqamətdə təcrübələr artdıqca mövcud çatışmazlıqlar da öz həllini tapacaq”.

Xatırladaq ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunub.

Buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlib və beləliklə, ümumi balla müsabiqə keçirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları