Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 15:35:00
“Məktəblər robot yetişdirir, təhsili sistemini yenidən yığmaq lazımdı” - Arif Əliyevin “Təhsil resepti”
 
AzEdu.az media eksperti, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin “Təhsil resepti”ni təqdim edir:
 
“Təhsil sistemimizdə problemlər çoxdur. Bəlkə də bizim ən böyük problemimiz elə buradadır. Əsas çatışmazlıq onun hələ də yarımçıq olmasındadır. 25 il ötməsinə baxmayaraq, Sovet təhsil sistemindən tamamilə ayrılmamışıq, amma yenisinə də keçməmişik. Elementar Boloniya sistemi belə yarımçıq, ala-çiy formada qalıb. Təhsil sistemimizdəki hər şeyə böyük ziyan vuran isə o sahədəki rüşvətxorluq və asılılıqdır. Bizdə təhsilin oriyentasiyası hələ də vətəndaş yetişdirməyə yox, daha çox şagirdin beynini lazım olmayan biliklərlə doldurmağa yönəldilib. Düşüncədən çox əzbərçilik var”.
 
O, kasıb ailədən olan şagirdlərin əvvəldən sanki keyfiyyətsiz təhsil almağa məhkum olunduqlarını bildirib:
 
“Orta məktəb şagirdlərinin psixikasına, dərsə münasibətinə ən böyük ziyan vuran məktəblərdə hökm sürən rüşvətxorluq, hər şeyin pula bağlı olmasıdır. Xüsusilə də yuxarı siniflərdə məktəbə 4-5 nəfər gəlir, digərləri isə aylıq pulunu verir. Çünki başqa yerdə oxuyurlar. Bilirlər ki, təhsilin səviyyəsi aşağıdır. Bu halda şagirddən əlbəttə ki, ciddi münasibət, hansısa özünüifadə forması tələb etmək çətindir. Düzdür, özəl məktəblər xüsusilə də aşağı siniflər bu cəhətdən dövlət məktəblərindən fərqlənir. Amma onlar çox dar dairəni əhatə edə bilirlər. Həm də burada bir sosial ədalətsizlik yaranır. Yəni, kasıb ailələrin uşaqları sanki əvvəldən keyfiyyətsiz təhsillə məşğul olmağa məhkumdurlar. Bunun nəticəsində, bəzən elə rayon olur ki, oradan il ərzində bir nəfər belə şagird ali məktəbə qəbul olunmur. Belə biabırçı hallar var. Sınaq imtahanlarında da olduqca aşağı səviyyədə nəticə göstərirlər. Təəssüf ki, bəzi dövlət məktəblərində özünüifadə formaları yalnız uşağın gətirdiyi pulla şar alıb haradansa asmaq və ya hansısa rəngli vərəqə şəkil çəkdirməkdən o yana keçmir”.
 
Onun sözlərinə görə, orta məktəblər şagirdlərdən vətəndaş yox, beyini doldurulmuş robot yetişdirirlər:
 
“Hələ də bir çox ali məktəblərdə boloniyanın yaxşı, ya pis olması ilə bağlı mübahisə davam edir. Bu sistemə keçən ali məktəblərdə də boloniya yarımçıq formada tətbiq olunur. Söhbət boloniyanın ən yaxşı sistem olmasından və bir çox Qərbi Avropa ölkələrində tətbiq olunmasından getmir. Onun da müəllim - tələbə münasibətlərində bir sıra problemləri var. Məsələ ondadır ki, bizim təhsildə haça-paça problemlər çoxdur. Bir ayağı o tərəfdədir, bir ayağı bu tərəfdə. Heç nə vahid mütəşəkkil formada baş vermir. Boloniya sistemindən də çox, məni narahat edən təhsil müəssisələrimizin vətəndaş və ya düşünən insan deyil, beyini doldurulmuş robot yetişdirmək cəhdidir. Mən adətən, bu qədər tənqidçi mövqe tutmur, yaxşı tərəflərə də baxıram. Amma təhsil bizim o dərəcədə ağrılı, problemli sahəmizdir ki, onu yaxşılaşdırmaq ölkənin hüquq, media, hətta maliyyə sistemini düzəltməkdən də vacibdir. Bu, ölkənin gələcəyini şübhə altına qoyan bir problemdir. Ona görə də mənim bu sahədəki tənqidi düşüncələrim qəbulediləndir”.
 
Jurnalistika təhsilindəki problemlərə də toxunan Arif Əliyev bu fakültədə təhsillə təcrübə arasında əlaqənin çox zəif olduğunu deyib:
 
“Jurnalistika təhsilimizi isə ümumiyyətlə, oyuncaq kimi söküb, yenidən yığmaq lazımdır. Azərbaycanda real jurnalistika təhsili yoxdur. Əvvəlcə bütün özəl təhsil müəssisələrində jurnalistikanı tədris etmək qadağan olundu. Hazırda bu kadrları hazırlamaq yalnız bir neçə dövlət universitetinə tapşırılıb. Orada da təhsillə təcrübə arasındakı əlaqə son dərəcə zəifdir. Hətta deyə bilərəm ki, jurnalistika müəllimlərinin böyük qismi ümumiyyətlə, praktikası olmayanlardır. Mən özüm də bununla bağlı müxtəlif təhsil müəssisələrində, treninqlərdə dərs demişəm. Hazırda xarici treninqlərdə buna davam edirəm. Tələbələri bezikdirən, jurnalistikadan qaçıran əsas məsələ stimulun olmamasıdır. Onların əksəriyyəti ümumiyyətlə, jurnalist olmağa hazırlaşmır. Jurnalistikaya ya diplom, ya da gələcəkdə başqa sahədə işləmək üçün lazım olan sənəd kimi baxırlar. Çünki stimul yoxdur. Ona nə hörmət, nə pul, nə müstəqilliyə aparan sahə kimi baxılmır. Bu, daha çox sifarişlərin icrasına və hansısa siyasi doktrinanın həyata keçirilməsinə yönəldilmiş sənətə çevrilib. Həyata açıq olan, ondan daha çox şey istəyən gənclər belə perspektivə uymazlar”.
 
Tədqiqat sahəsində maddi bazanın çatışmadığını deyən media eksperti “başımız qara qızıla qarışdığına görə ideya qızılından xəbərsiz qaldığımızı” bildirib:
 
“Bu gün tədqiqat sektorunda işləyən adamlar ən adi sosial problemlərlə üzləşirlər. Bu, onların bütün fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycanda tədqiqat, elm sahələri çox az maliyyə tutumludurlar. Onlar həddindən artıq az pul ayrılır. Büdcəyə baxsaq, görərik ki, oradakıların yalnız 1 %-i öz əksini tapıb. Hərçənd, bunlar əslində, çox bahalı sahələrdir. Müəyyən nəticə əldə etmək üçün vəsait yatırılmalıdır. Məhz buna görə biz gənclər tərəfindən aparılmış çox gözəl tədqiqatlarımız haqqında Amerika və ya Avropada keçirilən xarici tədbirlər vasitəsilə xəbər tuturuq. Onda bilirik ki, artıq xarici kampaniyalar onlara pul buraxmağa başlayıblar. Potensial olaraq, yəni, elm və təfəkkür cəhətdən bizim uşaqlar diridir. Bizim tədqiqatçılar da var. Amma onları hərəkətə gətirmək və işıqlandırmaq üçün həm bu istiqamətə kapital qoyuluşu və maraqlar artmalıdır. Mən bu yaxınlarda Azərbaycanda keçirilən “Startup” tədbirində yeni işlərlə maraqlandım. Orada gördüyüm bir çox yeniliklər, nəticələr məndə xeyli ruh yüksəkliyi yaratdı. Gördüm ki, bizim uşaqlar da ixtiralar, yeniliklər edirlər, geniş təfəkkürə malikdirlər. Amma təəssüf, onlarla söhbətdə məlum oldu ki, bu gəlib ixtiralar xəttinə keçmir və çox vaxt orada qırılır. Bizim başımız qara qızıla qarışıb, əsl ideya qızılının üstündə yatırıq və ona diqqət yetirmirik”.
 
Arif Əliyev xaricdə oxuyan savadlı gənclərin ölkəmizə qayıtmama səbəblərini də izah edib:
 
“Tədqiqat sahəsindəki maddi stimulu artırsaq, şübhəsiz ki, gənclərin elmə marağı da çoxalar. Bizdə elm sahəsində gözəl nəticələrə sahib olan, xaricdə oxuyan, amma geri qayıtmayan gənclər var. Onların getməsinin birinci səbəbi həmin təhsili burada ala bilməmələridir. Onlar həmin hazırlığı alandan sonra da qayıdıb, burada nəsə etmək, hansısa dövlət şirkətindən yatırım almaq üçün ona-buna əl uzatmaq istəməzlər. Maaşlar da çox aşağıdır. Bununla heç ailə saxlaya bilmir, sosial problemlərdən şikayətlənirlər. Maddi stimulu artırılmaqla xaricdə yaxşı təhsil görmüş və öz beynini elmin inkişafına sərf edən insanları ölkəmizdə istifadə etmək olar. Bir vaxtlar Türkiyənin iqtisadiyyatını qaldırmış Turqut Özal da elə bununla başlamışdı. Onun ilk müraciəti məhz yaxşı maddi imkanlar yaratmaqla alimləri, iqtisadçıları, tədqiqatçıları xaricdən geri çağırmaq olmuş, bunun nəticəsi artıq bir neçə il sonra özünü Türkiyədə güclü iqtisadiyyat elminin yaranmasına ilə göstərmişdi”.
 
Uşaqları təhsilə cəlb etmək üçün Amerika açmaq lazım deyil. Müəyyən proqramlarla uşaqları az yaşından oxuya, təhsilə hazırlamaq, meyilləndirmək. Xaricdə nəqliyyatdan tutmuş, uşaq bağçalarınadək bu proqramlardan istifadə olunur. Hətta Rusiyanın məktəbində uşaqlara xüsusi məbləğlər paylanır. Həmin məbləğə onlar üçün yalnız elmi-populyar kitablar almaq olar. Əlbəttə, dövlət proqramları da həyata keçirilir. Bu, həm təbliğat, həm də maddi maraqla bağlıdır. Bu istiqamətdə hətta Sovet dövründəki vaxta da uduzuruq. O vaxtlar pionerlər evi mövcud idi. Orada çoxlu dərnəklər olardı. Aviadərnəkdən tutmuş, avtomobil dərnəyinə qədər hər biri var idi. Uşaqlar üçün müxtəlif yarışlar keçirilirdi. İndi bu sahə təəssüf ki, bir qədər diqqətdən kənarda qalıb. Bir neçə proqram arasında seçim edərək birini tətbiq etməklə təhsilə marağı artırmaq mümkündür. Bir şərtlə: biz dərk etməliyik ki, yalnız təbliğatla insanları hansısa sahəyə yönəltmək olmaz. Bu, onları bədbəxt edər. Ona görə də burada kompleks yanaşma lazımdır. Təhsil, maddi maraq və meylin yaradılması paralel aparılan xətlər olmalıdır. Belə olduqda real nəticə əldə olunar”.
Lamiyə Süleymanlı
Müəllifin digər yazıları