Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 12:22:37
Xarici ölkə arxivlərindəki nadir  Azərbaycan əlyazmaları - ARAŞDIRMA

Orta əsrlər Azərbaycanında yaşayan  alim, mütəfəkkir, filosof və şairlərə aid xeyli sayda dəyərli əlyazmalar bu gün dünyanın müxtəlif ölkələrinin kitabxanalarında saxlanılır. Azərbaycan orta əsrlərdə Qərblə Şərqin kəsişmə nöqtəsi olduğu üçün tarixi əlyazmalarımıza hazırda həm Avropa, həm də Asiyada rast gəlinir.

Azərbaycan əlyazmaları Asiyada ən çox İran, Türkiyə kimi ölkələrin,  Avropada isə Moskva, Sankt-Peterburq, London, Paris, Dublin, Berlin, Drezden, Vatikan, Vyana, Praqa, Sarayevo, Upsala və bir sıra şəhərlərin ən məşhur kitabxana və muzeylərində saxlanılır. Həmçinin, Qahirə, Tunis, Daşkənd, Düşənbə, Kəlküttə, Laknau, Dəkkə, Pəncab kimi şəhərlərin arxivlərində də Azərbaycanın orta əsrlər dövrünə aid nadir əlyazmalar var. Həmin əlyazmaların bu gün bizdə yox, Şərq-Qərb şəhərlərinin arxiv və kitabxanalarında olmasının bir neçə səbəbi var. Birinci səbəb budur ki, XII-XIX əsrlərdə hər hansı azərbaycanlı şair, alim, filosof, xəttatın Şərqin mədəni cəhətdən inkişaf etmiş şəhərində yaşaması çox adi hal hesab edilirdi. Tarixdən də məlum olduğu kimi neçə-neçə mütəfəkkirimiz Azərbaycan sərhədlərindən kənarda yaşayıb və orada da vəfat edib.  Qürbətdə yaşayıb-yaradan şairimizin əlyazmalarının bizdə yox, başqa diyarda olması təbii haldır. İkinci səbəb isə, orta əsrlərdə alimlər arasında öz əsərlərini əlyazma şəklində bir-birilərinə bağışlamaq ənənəsi olub.

Əlyazmaların yad əllərə düşməsinin əsas səbəbi isə müharibələr olub. Atabəylər, Elxanilər və Səfəvilərin hakimiyyəti zamanı nəhəng imperiyalara hansısa döyüşdə məğlubiyyət eyni zamanda kitabxanaların, elm ocaqlarının yağmalanması demək idi.

1828-ci ildə Rusiya-İran müharibəsi sona çatandan sonra Ərdəbildə Şeyx Səfi məqbərəsindəki, Səfəvi hökmdarlarının uzun illərdən bəri topladığı, zənginləşdirdiyi kitabxananı bütövlüklə ruslar ələ keçirərək Sankt-Peterburqa apardılar. Həmin əlyazmalar əsasında XIX yüzilliyin əvvəllərində Rusiyada şərqşünaslıq elmi meydana gəlib və inkişaf edib.

Ən ağrılı məqam budur ki, həmin qiymətli əlyazmalar öküz arabaları ilə dəyərsiz əşya kimi yad diyarlara daşınıb. Səfəvi kitabxanasından Rusiya Dövlət Ermitajına daşınan mədəni sərvətimizdən biri də Nizami “Xəmsə”sinin əlyazmasıdır. Əlyazma 1430-cu ildə məşhur azərbaycanlı xəttat Cəfər Təbrizi tərəfindən  Heratda köçürülüb. “Xəmsə”nin bu variantından 38 orijinal miniatür çəkilib. Əlyazmanın son səhifəsində onun Ermitaja  gəlib çatana qədər keçdiyi yol qeyd olunub. Həmin qeyddən məlum olur ki,  qiymətli nüsxə Nadir şahın sərkərdələrinin birinə məxsus olub. Uzun müddət yoxa çıxan əlyazmanın sonrakı taleyi araşdırmaçılar üçün də qaranlıq qalıb. Məlum olan budur ki, “Xəmsə”nin nadir əlyazması iranlı tacir tərəfindən Sankt-Peterburqa gətirilib və şəxsi muzeyi olan Ştiqlis adlı almana satılıb. Yalnız 1917-ci il inqilabından sonra Dövlət Ermitajına gətirilib.  Bu cür faktları sadalamaqla qurtarmaz. Dünyanın arxiv və kitabxanalarında saxlanılan əlyazmalarımızın dəqiq sayı bilinməsə də, bu rəqəmin 10.000-dən artıq olduğuna heç bir şübhə yoxdur. Azərbaycan əlyazmaları Dünya Yaddaşı Proqramına daxil edilən əlyazma əsərlərinin təxminən 3 faizini təşkil edir. Yəni, dünya tarixinin ən vacib yazılı sənədlərinin üç faizi bizə məxsusdur.

Vatikandakı əlyazmalarımız

Azərbaycan əlyazmalarının saxlanıldığı xarici ölkələrdən biri də Vatikandır. Cırtdan dövlətin bütün dünyada məşhur olan iki böyük kitabxanasında- Vatikan Məxfi Arxivlər və Vatikan Apostolik Kitabxanasında Azərbaycana aid nadir nüsxələr bu gün alimlər qrupu tərəfindən tədqiq edilir. Heydər Əliyev fondu Vatikandakı əlyazmaların araşdırılmasına dəstək verəndən sonra bu iş sistemli şəkildə həyata keçirilməyə başlandı.

Vatikan Məxfi Arxivlər Kitabxanasında rəflərin uzunluğu 85 km-dir. Burada əlyazmalar 330 nəhəng fondda cəmləşib. Həmin fondlarda VII əsrdən XX əsrə qədərki tarixi dövrü əhatə edən nadir əlyazmalar saxlanılır. Professor Fərid Ələkbərli Vatikan Məxfi Arxivlər Kitabxanasında Azərbaycana aid 85 nadir sənəd aşkarlayıb. Həmin sənədlər əsasən X-XX əsrləri, yəni tariximizin  minillik dövrünü əhatə edir. Onların əksəriyyəti rəsmi yazışmalar-Elxani,Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin,  Qaramanlı, Əfşar, Qacar tayfalarının Roma papaları arasındakı məktublaşmalarıdır. Vatikandakı Məxfi Arxivlər Kitabxanasında əsasən rəsmi yazışmaların aşkarlanması təbii haldır. Çünki həmin kitabxananın əsas funksiyası qədim dövrdən bu yana olan dövlətlərarası  münasibətlərə aid rəsmi sənədləri qoruyub saxlamaqdır. Fərziyyələrə görə, əgər Vatikandakı Məxfi Arxivlər Kitabxanasındakı yazışmalar sirr kimi saxlanılmayıb, ictimaiyyətə açıqlansa, o zaman bütün dünya siyasi burulğanda boğula, ən yaxşı halda III Dünya Müharibəsi başlana bilər.

Vatikan Apostolik Kitabxanasında saxlanılan əlyazmalar isə daha çox ayrı-ayrı ölkələrin alim və mütəfəkkirlərinin elmi, bədii əsərlərindən ibarətdir. Professor Fərid Ələkbərli həmin kitabxanadan Azərbaycana aid 65 sənəd aşkarlayıb. Onların arasında Əbdül-Məcid Şirvaninin “Kitabi-Sihri”, Əbdül-Vəhhab Zəncanin ərəb qrammatikasına aid əsərinin şərhi, Cəlaləddin ət-Təbrizinin, Əli Şirvaninin, Yusif Qaramanin, İbrahim Zəncaninin elmi mövzulardan bəhs edən əlyazmaları var.

Əlyazma problemləri

Təəssüflər olsun ki, tariximizə güzgü tuta biləcək nadir sənədlər hazırda bizim kitabxana və arxivlərdə deyil.  Xarici ölkələrdə saxlanılan qiymətli əlyazmaların dəqiq sayının məlum deyil. Çünki Azərbaycana aid əlyazmalar kataloqlaşdırılmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Əlioğlunun sözlərinə görə, hazırda Şərqi Avropada və dünyanın başqa yerlərində Azərbaycana aid  əlyazmalar müəyyən edilir, onların bəziləri ölkəyə gətirilir:

“Dünya Yaddaş Xəzinəsində Azərbaycana aid sənədlərin, əlyazmaların dəqiq sayını demək mümkün deyil. Çünki onların əksəriyyəti kataloqlaşdırılmayıb. Əlyazmaların Azərbaycanda deyil, başqa dövlətlərdə olması təbii haldır. Çünki nadir sənədlərin qorunduğu kitabxanalar hər zaman paytaxt şəhərlərdə olardı. Bizim də orta əsrlərdəki paytaxt şəhərlərimiz əsasən Təbriz, Ərdəbil, yaxud, Cənubi Azərbaycanın başqa şəhərləri olub. Rus-İran istilası zamanı elə həmin şəhərlərin kitabxanalarından xeyli sayda əlyazmalar Rusiyaya daşındı. Bu gün xarici ölkələrdəki Azərbaycan əlyazmalarından danışanda daha çox Vatikanın adı çəkilir. Amma sizə deyim ki, Şərqi Avropa ölkələrində-Çexiyada, Polşada, Bosniya və Hersoqovinada olan əlyazmalarımızın sayı heç də Vatikandakı sənədlərdən az deyil. Məsələn, biz son illər ərzində Vatikandan deyil, Parisdən xeyli sayda əlyazmalar almışıq. Bəzi Şərq ölkələrində- İranda, Türkiyədə, Hindistanda, Pakistanda, hətta Əfqanıstanda olan Azərbaycan əlyazmalarının sayı Vatikanın Məxfi Arxivlər Kitabxanası  və Apostolik Kitabxanasında bizə aid sənədlərdən dəfələrlə çoxdur. Sadəcə, təəssüflər olsun ki, bu gün adlarını çəkdiyim ölkələrdəki Azərbaycan aid  əlyazmaların  sayı dəqiqləşdirilməyib. Əksəriyyətinin adı kataloqlara salınmayıb deyə, pərakəndəlik yaranıb. Vatikandakı əlyazmalar demək olar ki, tariximizin bütün dövrlərini əhatə edir.  Onların arasında Qədim Albaniya dövlətinə aid rəsmi sənədlərlə yanaşı, Səlcuqlar, Atabəylər, Elxanilər, Səfəvilər, Ağqoyunlular, Əfşarlara aid əlyazmalar var. Əksəriyyəti də Roma papaları ilə rəsmi yazışmalardır.  Orta əsrlərdə missionerlik  sürətlə yayılmışdı. Arxivlərdə saxlanılan bəzi əlyazmalar da missionerlərin bir-biriləri ilə olan yazışmalarıdır. Onların arasında dəyərli elmi, fəlsəfi, astroloji nümunələrə də rast gəlmək mümkündür. Orta əsr səyyahlarının Azərbaycanda olan zaman yazdıqları qeydlər var ki, onlar bizim tariximizi öyrənmək üçün vacib mənbələr ola bilər. Holland səyyahlarının birinə aid olan əlyazmada Azərbaycanın xəritəsi ustalıqla təsvir olunub, bütün ərazilərimiz , sərhədlərimiz orada göstərilib. Vacib faktlardan biri də budur ki, həmin əlyazmalarda erməni adı qətiyyən çəkilmir”.

Fililogiya elmləri doktoru, şərqşünas Sənan İbrahimov isə tariximizə, mədəniyyətimizə aid nadir əlyazmaların Azərbaycanda deyil, başqa ölkələrdə saxlanmasını mədəni irsə vurulan  üçün zərbə adlandırıb:

“Yusif Qarabağinin ədəbi irsi Oksfordda qalıb ki, gətirib çıxara bilməmişik. Klassik mütəfəkkirlərdən  demək olar ki, hamısının əsərləri bizdə yox, xarici ölkələrdə saxlanılır. Buna  misal olaraq Nizamini, Füzulini, Fələki Şirvanini, Şah Qasım Ənvarı və başqalarını demək olar. Təəssüflər olsun ki, onlara aid olan nadir əlyazmaların heç birini gətirib çıxara bilməmişik. O əlyazmaların hamısı bizim milli mənəvi irsimizdir. Hamısı bizim tariximizin bir parçasıdır.  Əlyazmalar İnstitutu bu işlərlə məşğul olur, hətta uzaq Hindistandan Azərbaycana aid sənədləri, əlyazmaları gətirir. Amma yenə də görüləsi işlər çoxdur. Bunun üçün mütəxəssislərimiz azdı. Siz təsəvvür edin ki, 1828-ci ildə ruslar Azərbaycanı işğal edən zaman Səfəvilərin Ərdəbildəki kitabxanalarını öküz arabaları ilə daşıdılar. Tarixçilər yazır ki, heç o əlyazmaları öküzlər də darta bilmirdi. Nadir əlyazmalarımız-tariximiz Saltıkov–Şedrin kitabxanasına daşındı. Bu gün onların Azərbaycanda olmaması bizim üçün mənəvi zərbədir”.