Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 10:48:00
Ekspertdən məktəb psixoloqlarına irad: “ Onlar yalnız bundan sonra həvəslə işləyəcəklər”  

Hazırda orta və ali məktəblərdə psixoloji xidmətin canlandırılmasına böyük ehtiyac var. Monitoriq nəticələrinə əsasən, ümumtəhsil müəssisələrində psixoloq ştatlarının şagirdlərin sayına uyğunlaşdırılması  üçün təkliflər hazırlanacağı barədə vədlər verilsə də, vəziyyət qənaətbəxş deyil.

Təhsil eksperti  Nadir İsrafilov  məktəblərdə  psixoloji  xidmətin canlandırılması  barədə AzEdu.az-a  danışıb.  

Onun sözlərinə görə, təhsilimizdə həllini tapmayan məsələlərdən biri də psixoloji xidmətdir:

“Təhsilimizdə kifayət qədər həllini tapmayan,  heç də hamı tərəfindən bir mənalı qarşılanmayan, zaman-zaman gündəmə gətirilən, nəticə etibarı  ilə yalnız  polemika çərçivəsində məhdudlaşan məsələlərdən biri də məktəblərimizdə olan psixoloji xidmətin vəziyyəti və məktəb psixoloquna olan münasibətdir.

Baxmayaraq ki,  Təhsil Nazirliyi  tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tətbiqindən sonra psixoloqlar  məktəbə həvəslə gələcək”, “səriştə və nəticə əsaslı əmək haqqı sistemi məktəb psixoloqlarına da şamil ediləcək” kimi təsəlliverici fikirlər səsləndirilsə də, ümumtəhsil məktəblərində psixoloji xidmətin vəziyyətinin monitorinqinin nəticələrinə əsasən, ümumtəhsil müəssisələrində, bu sahədə işin qənaətbəxş olması haqda tam əminlik yaratmağa tutarlı əsas yoxdur.

Dəfələrlə, “2500 şagirdi olan məktəblə 150 şagirdi olan məktəbdə  belə «bərabərlik» mövcuddur və  əməkhaqqı eynidir”  kimi fikirlər bildirilsə də, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ümumtəhsil məktəbinin ştat cədvəlində şagirdlərin sayından asılı olmayaraq 1 ştat psixoloq vəzifəsi nəzərdə tutulub. Ümumtəhsil müəssisələrində işləyən psixoloqlar arasında kifayət qədər peşəkar və səriştəli  kadrlar olsa da, bir çoxları  tərəfindən hələ də orada işləyən psixoloqlar formal vəzifə daşıyıcısı kimi qiymətləndirilir. Ölkə üzrə ümumtəhsil məktəblərində kifayət qədər psixoloq fəaliyyət göstərsə də, müəyyən məktəblərdə ixtisaslı kadr olmadığı üçün psixoloq ştatı vakantdır və s.”. 

Ekspert qeyd edir ki,  bu sahədə həllini tapmayan məsələlər olduqca  çoxdur: 

“Psixoloqlar arasında öz işinin öhdəsindən gəlməyənlərin mövcud olması, Təhsil Nazirliyi tərəfindən aparılacaq monitorinqin nəticələri əsasında belə hallar aşkar ediləcəyi halda müvafiq tədbirlərin görüləcəyi,  psixoloqlar üçün istifadə olunacaq dərs vəsaitlərinin yetərli olmaması, bu məqsədlə əlavə vəsaitlərin və digər resursların hazırlanmasının təmin edilməməsi, məktəblərdəki psixoloji xidmət kabinetlərinin fəaliyyətin normal səviyyəyə çatdırılmaması, bu sahədə inkişafa maneçilik törədən digər obyektiv və subyektiv amillərin aradan qaldırılmaması kimi hallar da kifayət qədər həllini tapmayan məsələlərdəndir. Psixoloji xidmət göstərən şəxsin baza təhsilli psixoloq olması, əmək haqqının azlığı ilə əlaqədar gənc mütəxəssis kimi məktəbdə işə başlayan psixoloqların isə bu sahədə yetkin mütəxəssis olduqdan sonra dərhal daha çox əmək haqqı verilən sahələrə üz tutması və nəticədə məktəbin yenidən mütəxəssis axtarışına çıxması məsələsinə də dəfələrlə diqqət çəkilib”.

N.İsrafilovun sözlərinə görə, Azərbaycanda psixoloji xidmət vahid sistem kimi formalaşmayıb: 

“Əlbəttə, müəyyən məqamlar başa düşüləndir. Kifayət qədər vaxt keçsə də, inkişaf etmiş ölkələrlə müqayisədə bəhs etdiyimiz sahə bizim üçün yeni sayıla bilər. Hətta keçmiş sovetlər birliyində ictimai həyatın müxtəlif sahələrində psixoloji xidmət 70-ci illərin sonu,  80-ci illərin əvvəllərindən еtibаrən təşkil olunmаğа bаşlаnıb. 1990- illərin əvvəllərindən isə məktəblərə belə bir ştat vahidi ayrılıb ki, bu ştatlara da əsasən müvafiq qısamüddətli kursları bitirmək yolu ilə ixtisasını dəyişən müdavimlər cəlb olunublar. Bununla belə etiraf etməliyik ki, hələ bizdə psixoloji xidmət vаhid sistеm kimi tam formalaşmayıb. Hazırda da təhsil müəssisələrində işləyən psixoloqların bir  hissəsi  ali təhsil yolu ilə ixtisaslaşanlar, digərləri isə yenidən hazırlanma təhsili yolu ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına yiyələnən kadrlardır.

Bununla belə psixoloqların işə qəbulunun müsabiqə yolu ilə aparılmaması, mövcud qaydalara əsasən psixoloqların işə qəbulu mərkəzləşdirilmiş qaydada deyil, yerli təhsil orqanları ilə razılaşdırılmaqla ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilməsi,  ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aprılması zamanı psixoloqların bu qiymətləndirmədən kənarda qalması, direktorlara, müavinlərə, müəllimlərə rəğmən əmək haqqlarında müvafiq artımların baş verməməsi, bu kateqoriyadan olan işçilərə ögey münasibətin bəslənilməsi kimi qiymətləndirilir və müəyyən etiraz və narazılıqlarla müşayət olunur. Hətta müəyyən mənbələrdə və dairələrdə ümumtəhsil məktəblərində yaxın gələcəkdə psixoloq ştatının ləğv olunacağı, əvəzində “Sosial pedaqoq” ştatının yaranacağı ilə bağlı fikirlər də dolaşır.

Ekspert qeyd edir ki, “sosial pedaqoq”  termini son zamanlar meydana çıxdığından bu peşənin mahiyyəti və məqsədi çoxlarına aydın deyil:

“Maraqlı olanı və və belə bir fikrin formalaşmasına rəvac verəni isə odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə  təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın ümumi təhsil müəssələrinə aid VII bölməsində məktəb psixoloqlarının əmək funksiyasına dair heç bir qeyd verilməmişdir. Əvvəllər məktəb psixoloqlarının əmək funksiyasına aid olan və onlar tərəfindən yerinə yetirilən  vəzifələrin böyük bir qismi “sosial pedaqoq”un səlahiyyətlərinə daxil edilmişdir.

Bu termin son zamanlar meydana çıxdığından bu peşənin mahiyyəti və məqsədi çoxlarına aydın deyil. Vəzifəsi isə uşaqların inkişafı üçün “düzgün” şərait yaratmaqdan, uşaqların hüqlarını qorumaqdan, ailə və məktəb münasibətlərinin nizama salınmasında yardımçı olmaqdan, müəllimlərin işini təşkil etməkdən, uşaqların nailiyyətlərinin yüksəldilməsinə kömək etməkdən və s. bu kimi işlərdən ibarətdir ki, adın dəyişdirilməsinə ehtiyac olmadan belə bunu elə psixoloqlar da yerinə yetirə bilərlər və yerinə yetirməlidirlər. Adın nə qoyulub, qoyulmamasından asılı olmayaraq mahiyyət dəyişən deyil. Dəyişən isə o olacaq ki, yeni qaydalar, yeni təlimatlar, yeni əsasnamələr, yeni prosedurlar...

Fakt isə ondan ibarətdir ki, istənilən halda ümumtəhsil məktəblərində psixoloji işin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməli, illərdən bəri yaranan və davam etməkdə olan qarşılıqlı münsibətlərə və ittihamlara nəhayət bir aydınlıq gətirilməlidir, kifayət qədər gec olsa belə ...”