Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 11:59:00
Dövlət qulluğu üzrə müsahibədə 235 nəfər uğur qazanıb

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, avqustun 31-i saat 10:40-dək olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş 235 nəfər uğur qazanıb. Onlardan 200 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 32 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 2 nəfər Şamaxı Rayon Məhkəməsində, 1 nəfər isə Şəki Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr oktyabrın 21-də başa çatacaq. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (317 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.