Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 09:46:31
Dilimizdəki alınma və milli sözlərlə bağlı YENİ TƏSNİFAT – Zərdablı müəllimin TƏKLİFLƏRİ
 
Elmin, texnikanın, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda müxtəlif elm sahələrindən fərqli olaraq, dilçilik elmində bir durğunluq hiss olunmaqdadır.

Təməli Mahmud Kaşğari tərəfindən qoyulmuş, Ə. Dəmirçizadə, A. Qurbanov kimi tanınmış dilçi alimlər tərəfindən inkişaf etdirilmiş dilçilik elmi bu gün fərqli bir yanaşma, fərqli bir münasibət tələb edir - dəqiqləşdirilmək, təkmilləşdirilmək istəyir. Çünki dilçilik elmimiz, mənim fikrimcə, hələ çox araşdırılmalı, ayrı-ayrı bölmələr və mövzular daha dərindən tədqiq olunmalıdır.

Uzun illər boyu müxtəlif səbəblərdən dilimizə daxil olmuş alınma sözlər xüsusən də Ərəb-fars mənşəli sözlər dilimizin lüğət fonduna elə daxil olublar, dilimizin qrammatik xüsusiyyətlərinə elə uyğunlaşıblar ki, həmin sözlərin milli mənşəli, yoxsa alınma olduğunu təyin etmək xeyli çətindir.

Həm ayrı-ayrı dilçi alimlərimizin elmi əsərlərində, həm  Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası), "Hədəf" hazırlıq kurslarının və digər kursların dərs vəsaitlərində həm milli mənşəli, həm də alınma sözləri fərqləndirmək üçün bir sıra qaydalar verilsə də, həmin qaydalar pərakəndə şəkildə tərtib olunub, təsnifat düzgün aparılmamışdır.

Elə bu səbəbdən də dilçilik elmini öyrənənlər, xüsusən də, ali məktəblərə hazırlaşan abituriyenlər həmin qaydalarla tanış olarkən ətraflı və dolğun məlumat əldə etməkdə çətinlik çəkirlər. Ona görə də uzun illərin dil-ədəbiyyat müəllimi kimi həmin qaydaları bir qədər dəqiqləşdirərək oxucu kütləsinə təqdim etmək qərarına gəldim.

Əvvəla onu qeyd etmək istəyirəm ki, vəsaitlərdə həm Azərbaycan mənşəli, həm də alınma sözləri təyin etmək üçün qaydalar bir başlıq altında, qarışıq şəkildə verilmişdir.

Əslində milli mənşəli sözləri təyin etmək üçün qaydalarla, alınma sözləri təyin etmək üçün qaydaları ayrı-ayrı başlıqlar altında qruplaşdıraraq, aşağıdakı şəkildə vermək daha doğru olardı.

Azərbaycan mənşəli sözləri təyin etmək üçün qaydalar:

1. Azərbaycan mənşəli sözlər ahəng qanununa tabe olurlar.

İstisna hallar:

a)   [ İ ] səsi ilə başlayan işıq, ilan, ildırım, inam, işartı, islanmaq kimi sözlər.

b) İki sözün birləşməsindən əmələ gələn sadə adlar: Ayşən, Aytən, Aybəniz, Eldar, Gülnar və s.

c) Bibioğlu, əmiqızı, xalanəvəsi, əmioğlu, dayınəvəsi kimi qohumluq bildirən mürəkkəb sözlər.

d) Tikan, elat, gedişat, quzey kimi sözlər.

2. Vurğunun sözün sonunda olması Azərbaycan mənşəli sözlərə xas olan xüsusiyyətdir.

İstisnalar:

a) Zaman zərfləri: dünən, bildir, srağagün, inişil və s.

b) Bir sıra bağlayıcılar: ancaq, çünki, madam ki, əgər ki və s.

c) Sanki, yalnız kimi modal sözlər və ədatlar.

3. Saylar

İstisnalar: sıfır, həştad, milyon, milyard, trilyon və s.

4. Əvəzliklər - sən, o, onlar, elə, belə və s.

5. Sadə feillər və kökü feil olan düzəltmə fellər: gülmək, güldürmək, köçürmək, qalmaq və s.

6. Feldən yaranmış digər nitq hissələri: solğun, əzgin və s.

7. Təqlidi sözlər: taqqıltı, gurultu, şaqqıltı və s.

8. Bədən üzvləri: əl, ayaq, baş, diş və s.

9. Qohumluq bildirən sözlər: xala, bibi, dayı və s.

İstisna: Əmi sözü alınmadır.

10. Fəsil adları: yay, yaz, qış.

İstisna: bahar və payız sözləri alınmadır.

11. Sonu "q" ilə qurtarıb  [x] səsi ilə tələffüz olunan sözlər: bulaq, otaq, oynamaq, yaratmaq və s.

İstisna: uşaq sözü.

12. Sonu "k" ilə qurtarıb  [x'] kimi tələffüz olunan sözlər: kəpənək, yemək, inək və s.

İstisnalar: mələk və fələk sözləri alınma sözlərdir.

Ərəb-fars və Rus-Avropa mənşəli sözləri təyin etmək üçün qaydalar.

1. Ahəng qanununa tabe olmamaq, həm Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərə xas olan xüsusiyyətdir: tarix, alim, kimya, laboratoriya.

2. Vurğusu sözün əvvəlində və ortasında olan sözlər mənşəyinə görə alınmadır: traktor, opera, kompas, kosmos və s.

3. Tərkibində uzanan saitin olması alınma sözlərə aiddir:  [ a:lim],  [e:lan],  [ Füzu:li] və s.

İstisnalar:  [ do:ğa],  [ qo:urma] və s.

4. Tərkibində eynicinsli qoşa saitlərin olması Ərəb-fars mənşəli sözlərə aid xüsusiyyətdir: maaş, təəccüb, camaat və s.

5. Qoşa saitlə başlayan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərdir: auksion, ailə, aid, auditoriya.

6. Sonu qoşa saitlə bitən sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: əmtəə, audio, bədii və sünii.

7. Tərkibində müxtəlifcinsli qoşa sait səs olan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: fauna, radio, faciə, Nailə.

İstisnalar: dayıoğlu, xalaoğlu, bibioğlu, əliaçıq kimi mürəkkəb sözlər Azərbaycan mənşəlidir.

8. Müxtəlif cinsli qoşa samitlə başlayan sözlər Rus-Avropa mənşəlidir: stol, plaş, kran və s.

İstisna: srağagün sözü Azərbaycan mənşəlidir.

9. Tərkibində "k" ilə yazılıb [k'] kimi tələffüz olunan sözlər Rus-Avropa mənşəlidir: kolbasa, kosmos, mexanik, texnik və s.

10. Tərkibində "Q" ilə yazılıb [k']  kimi tələffüz olunan sözlər Ərəb-fars mənşəlidir: şəfəq, məntiq, məqsəd, hüquq və s.

11. [R] səsi ilə başlayan sözlər: Ramiz, Raul, Rəcəb və s.

12.  [Z] səsi ilə başlayan sözlər: zabit, zəfər, zəhm və s.

İstisna: zoğ və zoğal sözləri Azərbaycan mənşəlidir.

13.  [F]  səsi ilə başlayan sözlər: fərasət, fəlakət, fələk və s.

İstisna: fındıq və fıstıq sözləri Azərbaycan mənşəlidir.

14. Tərkibində  [j]  səsi olan sözlər: jurnal, jalə, müjdə, masaj və s.

15. Tərkibində eynicinsli qoşa samit səslər olan sözlər: mürəbbə, şiddət, qissə əsasən alınma sözlərdir.

İstisna: doqquz, səkkiz, yeddi kimi sözlər, hoppanmaq, tullanmaq kimi saylar və feillər Azərbaycan mənşəlidir.

16. Eyni və müxtəlif qoşa samitlə bitən tək hecalı sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: fənn, xətt, dərd, cəld, stend, sirr və s.

İstisna: türk, yurd, qırx, dinc və s. sözlər Azərbaycan mənşəlidir.

17. Fleksiyaya uğrayan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: nəzm- Nazim-nizam, hökm-hakim-həkim.

İstisna: alçaq-alçal, uzun-uzat-uzanmaq, dağıntı-dağınıq və s. sözlər Azərbaycan mənşəlidir.

18. "At", "ət" hissəciyi ilə qurtaran sözlər Ərəb-fars mənşəlidir: müxalifət, xurafat, camaat, müntəxəbat.

İstisna: gedişat sözü Azərbaycan mənşəlidir.

19. Sözönü şəkilçi qəbul edən sözlər həm Rus, həm də Avropa mənşəlidir: bisavad, bivəfa, laməkan, antimüharibə, anormal və s.

İstisna: natəmiz, nakişi, nadinc sözləri Azərbaycan mənşəlidir.

20. Sözün sonunda ö, o, e saitlərinin işlənməsi Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərə xas olan xüsusiyyətdir: mane, tale, metro, piano, retro.

İstisna: oxlov, uzunsov, güney kimi sözlər Azərbaycan mənşəlidir.

21. Mə, mö, mo, mü, qü, tə hissəcikləri ilə başlayan sözlər Ərəb-fars, Rus-Avropa mənşəlidir: mötəbər, mömün, motor, motosiklet, qüssə, qissə, təəccüb və s.

22. Tərkibində əng, ənc hissəcikləri olan sözlər Ərəb-fars mənşəlidir: qəşəng, pəncərə.

23. Sonu  [h] səsi ilə bitən sözlər Ərəb-fars mənşəlidir: günah, şah, padşah və s.

24. İyyə, iyyət, iyyat şəkilçiləri ilə bitən sözlər Ərəb-fars mənşəlidir: Fəxriyyə, ədəbiyyat, cəfəngiyyat və s.

25. Dinə aid olan sözlər Ərəb-fars mənşəlidir: Allah, mələk.

İstisna: Tanrı, inanc kimi sözlər Azərbaycan mənşəlidir.

26. Tədrisə aid olan sözlər alınmadır: məktəb, kitab, şagird və s.

27. Ober, vitse, super kimi sözlərlə başlayan mürəkkəb sözlər Rus-Avropa mənşəlidir: ober-leytenant, vitse-prezident.

28. İst hissəciyi ilə qurtaran sözlər Rus-Avropa mənşəlidir: jurnalist, maşinist, traktorist və s.

29. Sonu ski hissəciyi ilə bitən sözlər Rus-Avropa mənşəlidir: Moskovski, Aleksandrovski, İvanovski.

30. Beynəlmiləl sözlər kimi tanıdığımız bir çox dünya xalqlarının dillərində işlənən sözlər alınma sözlərdir: parlament, spiker, kafedra, futbol, həndbol və s.

31. Ölçü vahidləri: qram, kiloqram, ton, metr və s. kimi sözlər alınma sözlərdir.

Qeyd etmək lazımdır ki, genişləndirərək tərtib etdiyimiz bu qaydalar belə dilimizdə işlənən bir çox alınma sözləri təyin etmək üçün kifayət etmirlər. Ona görə də istənilən alınma sözü təyin etmək üçün müəllim və şagirdlərimiz diqqətli olmalı, yeri gəldikcə mənbə dillərin də orfoqrafiya lüğətlərindən istifadə etməlidirlər. 

İntiqam İsmayılov

Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi