Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 13:00:00
Xaricdə təhsil alanların diqqətinə! - Bakalavriatura və magistratura diplomunun tanıdılması üçün tələb olunan sənədlər  

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Bakalavriat və magistratura diplomunun nostrifikasiyası üçün hansı sənədlər tələb olunur?

-Bakalavriat səviyyəsi üzrə müraciətə dair tələb olunan sənədlərin siyahısı:

Elektron ərizə (yalnız ani.edu.gov.az internet səhifəsi vasitəsilə);

Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);

Ümumvətəndaş (xarici) pasportunun(larının) şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti [skan];

Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

 Xüsusi halda – Köçürülmə.

Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.

Xüsusi halda – Orta ixtisas diplomu əsasında qəbul.

Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.

Xatırladaq ki, 2 və 3-cü bəndlərdə göstərilmiş sənədlər təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmalıdır.

Bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

 Magistratura səviyyəsi üzrə müraciətə dair tələb olunan sənədlərin siyahısı:

Elektron ərizə (yalnız ani.edu.gov.az internet səhifəsi vasitəsilə);

Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin [diplom] elektron surəti [skan];*

Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan];

Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

Şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);

Ümumvətəndaş (xarici) pasportunun(larının) şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti [skan];

Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti [skan] ;

* Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom nostrifikasiya olunmalıdır.

Xatırladaq ki, 2 və 5-ci bəndlərdə göstərilmiş sənədlər təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmalıdır.

Bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

Qeyd edək ki, tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları