Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 17:53:04
İbtidai sinif müəllimləri kurikulum barədə: “Yaxşı metoddur, amma ənənədən də uzaqlaşmaq olmaz”  

Kurikulum - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Bu sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunub.

Artıq 10 ildir ki, tətbiq olunan bu üsula münasibət birmənalı deyil. Bəziləri kurikulumun tərəfdarı olsalar da, bəziləri bu üsulun təhsil ideyamıza çevrilə bilmədiyini qeyd edirlər.

AzEdu.az  müəllimlər  arasında kurikuluma münasibəti öyrənib:

Sorğunu 62 saylı məktəb-liseyin ibtidai sinif müəllimləri cavablandırıb.

10 ildən çoxdur ki müəllimə işləyən Aygün Şabanova:  

“Kurikulum, əslində, çox gözəl üsuldur. Çünki bu üsulla işləyəndə nə müəllim yorulur, nə də şagird. Amma öyrədilən mövzunu uşaq qavraya bilməyəndə, mütləq biz ənənəvi üsula qayıtmalı oluruq. Ənənəvi üsulda uşağa hansısa mövzunu mənimsətmək üçün mütləq bizə vaxt ayrılır. Lakin kurikulumda bizə belə şans tanınmır. Açığı kurikulumun, sırf bu tərəfini heç bəyənmirəm. Qalan bütün hərşey – uşaqların aktivliyi, dərsin keçirilməsində maraqlı məqamlar isə mükəmməldir. 

Yenə təkrar edirəm, uşaqlar kurikulum üsulunda daha aktiv olurlar, sadəcə bəzi uşaqlar var ki, onlarda qavrama qabiliyyəti aşağıdır. Belə uşaqlar da təxminən sinifin 50%-ni təşkil edir. Bu uşaqlara əvvəlki mövzunu öyrətmək, yenidən təkrarlatmaq lazım gələndə məcburən ənənəvi üsula əl atırıq. Kurikuluma keçid edəndə uşaqların aktivliyi əsas meyar götürüldüyü üçün siniflərdə səs-küy çox olurdu. Amma indi həmin uşaqlarla işləmək olduqca rahatdır”.

13 ildir ki müəllimə işləyən Ramilə Məmmədova:

“Həm ənənəvi, həm də kurikulum üsulunu tədris etmişəm. Düşünürəm ki, indiki üsul daha effektlidir. Çünki fəal təlimdir, uşaqlar özləri özlərini ifadə edir, müəllim olmadan tapşırığı yerinə yetirə bilirlər, müstəqil tətqiqat işi aparırlar. Araşdırma zamanı uşaqlar artıq tam şəkildə fikir sahibi olurlar. Müxtəlif mənbələrdən, internetdən yararlanaraq mövzuların öhdəsindən gəlirlər.

Kurikuluma təzə keçid edəndə bir qədər çətinlik yaranırdı. Lakin, mütəmadi, kurs keçdiyimiz üçün artıq çətinliyin öhdəsindən gəlirik. Yavaş-yavaş kurslara cəlb olunduqca bu prorses bizim üçün asanlaşıb”.

47 illik stajı olan Nəzakət Həsənova:

“Bugün uşaqların müstəqilliyi, sərbəst fikir söyləmələri, dərsə daha maraqla yanaşmaları ənənəvi üsulda yox idi. Ənənəvi sistem çox ciddi təşkil olunmuşdu, müəllim nə deyirsə o, olmalı idi.. Uşaqlar indiki kimi sərbəst və aktiv ola bilmirdilər. Kurikulumun yaradıcılıq, əməkdaşlıq istiqaməti məni çox qane edir. Keçid vaxtı kurikulumla bağlı elə bir çətinliyim olmadı. Ənənəvi üsulu görmüşdüm deyə yeri gələndə oradan lazım olan məqamları kurikulumda da tətbiq edirəm. İllərdir artıq bu məktəbdə işləyirəm. Artıq mənim şagirdlərim iş yoldaşım olublar, mənimlə birgə müəllim işləyirlər. Bu, mənim üçün fəxrdir”.

24 ildir ki müəllimə işləyən Gülşən Abbasova:

 “İstənilən yeni bir üsulun tətbiqi zamanı həm müsbət, həm də neqativ hallar ola bilər. Əslində, müəllim özü yaradıcı olmalıdır. Biz ənənəvi sistemi tamamilə kəsib ata bilmərik. Tədris prosesində mütləq, ənənəvi sistemin də istiqamətlərindən faydalanırıq, bugünkü gündə də ondan istifadə edirik.

Kurikulum ona görə, effektli üsuldur ki, söhbət burada fəal təlimlərdən gedir.  Uşaqlar fikirlərini sərbəst ifadə edirlər, müxtəlif problemlərin həlli üçün özləri çıxış yolu tapırlar. Ənənəvi üsulda əsas iştirakçı müəllim idi. İndi isə əsas həlledici qüvvə şagirddir. Uşağı bir şəxsiyyət kimi formalaşdırmaq üçün təbii ki, kurikulum tətbiq olunmalıdır. İlk illərdə kurikuluma keçid edəndə bizim üçün bəzi çətinliklər yaranırdı. Lakin üzərimizdə işləməklə, məsləhətlər və tədbirlər vasitəsilə bunun öhdənisdən gəldik. Zənnimcə, yeni üsul gənc məzunlara tapşırılsa, onlar bunu daha rahat tədris edərlər. Nəinki köhnə- ənənəvi üsula köklənmiş müəllimlər...”

11 ildir ki, müəllimə işləyən Səbinə Əliyeva: 

“Kurikulumun bir tərəfi yaxşıdır ki, uşağın şifahi bacarıqları formalaşır, amma təəssüf ki,  yazı qabiliyyətləri yetəri qədər inkişaf etmir. 11 ildir müəllim işləyirəm, cəmi bir il ənənəvi üsulu tətbiq etmişəm. Mənim öz uşaqlarım hazırda universitetdə oxuyarlar. Onlarla, indi sinfimin şagirdlərini müqayisə edəndə görürəm ki, o dövrün uşaqları daha savadlı olublar.

Yeni üsulun tədrisində mənə heç bir çətinliyi yoxdur. Lakin uşaqlar çox yüklənirlər, suallar, tapşırıqlar çox qəlizdir. Bugün öyrətdiyimiz dərsi sabah uşaq, bizə qaytara bilmir. Haradasa mütləq boşluq qalır”.

24 ildir ki müəllimə işləyən Könül Tarıverdiya:

“Hansı üsulun effektli olması onda bəlli olur ki, bunu tədris edən müəllimlər hansını daha yaxşı bacarırlar. Bugün uşaqlar interaktivdirlər və onlara verdiyimiz təhsil də interaktiv olmalıdır. Bu baxımdan kurikulum daha yaxşıdır. Belə demək mümkünsə, dövrün tələbi kurikulumdur...  Lakin biz bu üsul bizim başa düşdüyümüz kimi davam etməməlidir. Kurikulum təkmilləməli və milliləşməlidir. Əgər müəllim bu üsulu tətbiq edə bilmirsə, mahiyyətini başa düşmürsə, müəllim ümumiyyətlə dərs deməsin. Ənənəvidən daha yaxşı nəticə görürsə, elə ənənəvini tətbiq etsin. Çox yaxşı olardı ki, hamı kurikulumu yaxşı bilsin və ondan sonra bu üsulun tətbiqinə başlanılsın ki biz daha başqa 10 illər itirməyək.

Kurikulumda müəllimlər üçün ən çox çətinlik yaradan istiqamət isə qiymətləndirmə sistemi və interaktivlikdir. Yeni sistemdə layihə xarakterli dərslər olur. Ənənəvi də olduğu kimi kurikulumda da, dərsi qavramayan uşağa həmin mövzunu dərsdən əlavə vaxt ayırıb öyrədirdik. Yəni, şagirdlərə fərdi yanaşma həmişə olub. Kurikulum 7 mərhələsi ki var, müəllimlər həmin mərhələləri tətbiq etməlidirlər. Bax, bu istiqamətlərin hər biri müəllimlərə düzgün öyrədilməlidir. Müəllim üçün qaranlıq qalan şey, uşaq üçün zülmətdir. Əgər indi kurikulum müəllimlərə qaranlıqdırsa, bu necə nəticələnəcək?”