Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 16:50:17
“Hökumət çətin durumda olsa da, kəndlərdə məktəblər açırdı” – AXC dövründəki təhsil

 

“1919-20-ci tədris ilinin birinci yarısında müəllim seminariyaları istisna olmaqla, qalan məktəblərdə 9611 tələbə oxuyurdu ki, bunun da 3115 nəfəri azərbaycanlı idi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Cümhuriyyət dövrünü araşdıran yazıçı Natiq Məmmədli deyib. Onun sözlərinə görə, Azərbaycan Cümhuriyyəti qısa vaxt ərzində təhsilin inkişafı yolunda bir sıra islahatlar həyata keçirib:

“Ana dilində məktəblərin açılması, azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Avropa ölkələrinə göndərilməsi və Bakı Dövlət Universitetinin təşkilini xüsusi qeyd etmək lazımdır. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edildi. Orta məktəblərdə təhsil ana dilində aparılırdı və dili bilmək məcburi idi. Milli müəllim kadrlarına böyük ehtiyac yarandığından, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul edilmişdi. Maarif Nazirliyi dövlətin çətin durumuna baxmayaraq, kəndlərdə məktəblərin açılması üçün vasait ayırırdı”.

Tarixçi qeyd edib ki, Cümhuriyyət dövründə maarifçilik hərəkatında və dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli və başqaları fəal iştirak ediblər:

“Ümumiyyətlə, 1919-cu ilin əvvəllərində Azərbaycanda hökumətin ixtiyarında 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. Daha sonra Lənkəran qəzasında kişi və qadın gimnaziyaları fəaliyyətə başladı. Cümhuriyyətin mövcud olduğu dönəmdə gördüyü tarixi işlərdən biri də, məhz təhsil sahəsində həyata keçirilən islahatlar olmuşdu”.

 

 

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları