Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 11:09:00
Yüksək bal toplayan məcburi köçkün məktəblisi: “İxtisas seçimimə görə məni qınayırdılar”

“İxtisas seçimimə görə məni qınayırdılar: qıza yaraşan iş müəllimlikdir deyirdilər. Bütün bunlara baxmayaraq, öz arzularımın arxasınca getdim və istəklərimə nail oldum. Belə yüksək nəticə əldə edəcəyimi inanmırdım”.

Bu sözlər Laçın rayon 37 saylı tam orta məktəbin məzunu, bu il keçirilən qəbul imtahanlarında 622 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olunan Əcəb İbrahimovaya aiddir.

Əcəb İbrahimova AzEdu.az-a açıqlamasında ilk olaraq, yaşadığı çətinliklərdən danışıb. O, bildirib ki, orta təhsilinə 2008-ci ildə Laçın rayon Dambulaq kənd tam orta məktəbində başlayıb:

Burada 8 il təhsil aldım. Bu müddətdə çox çətinliklərlə rastlaşdım. İstər təmir, istərsə də kadr potensialı baxımından məktəbdəki vəziyyət yaxşı deyildi. Köhnə xəstəxana binası olduğu üçün bina da təmirsiz idi və yağış bir-başa məktəbin içinə yağırdı. Əlavə olaraq, kadr çatışmazlığı da əlavə problem: bir müəllim bir neçə fənni tədris edirdi. Bununla yanaşı, müəllimlər də öz ixtisaslarını yaxşı bilmirdilər. Riyaziyyatı həftədə cəmi 2, ya da 3 dəfə keçirdik”.

“Öz arzularımın arxasınca getdim”

Bütün bu çətinliklərə baxmayaraq, Əcəb İbrahimova arzularının arxasınca getməyi bacarıb:

“VIII sinfi bitirdikdən sonra, 2016-cı ildə Laçın rayonu 37 nömrəli tam orta məktəbə başladım. Həyatımda xüsusi yeri olan bu məktəbdə  müəllimlərin köməyi ilə IX sinif şəhadətnamə imtahanında yüksək nəticə göstərdim.

X sinifdən etibarən isə universitetə hazırlaşmağa başladım. Maddi imkanımız yaxşı olmadığı üçün yalnız 3 fəndən hazırlığa gedə bilirdim. XI sinifdən “Yeni Abituriyent” kursunun direktoru mənə güzəştli təhsil imkanı yaratdı. Birinci imtahanda olmasa da, ikinci qəbul imtahanında II ixtisas qrupu üzrə 622 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olundum.

İxtisas seçimimə görə məni qınayırdılar: qıza yaraşan iş müəllimlikdir deyirdilər. Bütün bunlara baxmayaraq, öz arzularımın arxasınca getdim və istəklərimə nail oldum. Belə yüksək nəticə əldə edəcəyimi inanmırdım. Qazandığım uğura görə başda ailəmə, daha sonra isə müəllimlərimə minnətdaram. Gələcəklə bağlı planlarımdan danışsam, deyə bilərə ki, bakalavriaturanı bitirdikdən sonra magistraturanı ya Türkiyə, ya da Fransada davam etdirməyi düşünürəm”.