Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 16:46:00
Bəxtiyar Vahabzadənin çamadanda paltar arasında saxlanılan poeması - Ədəbiyyatımızın "Gülüstan"ı 

Bu gün böyük Azərbaycan şairi Bəxtiyar  Vahabzadənin anadan olduğu tarixdir. 1925-ci ilin bu günündə Şəkidə dünyaya gələn Bəxtiyar Vahabzadə ədəbiyyatda həm də cəsarətli mövzuların yazılmasına görə də seçilib. 

AzEdu.az-ın təqdim etdiyi yazı  Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması haqqındadır. Poema hələ çap olunmamışdan əvvəl əlyazma şəklində böyük rezonansa səbəb oldu. O vaxt Bakı Dövlət Universitetinin tələbələri (o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı) poemanı əlyazma şəklində gizli halda oxuyurdular. Tarix, filologiya, hüquq, eləcə də başqa fakültələrin tələbələri yataqxanalarda gizli surətdə bu poemanı oxumaqdan çəkinmirdilər. Beləliklə, poema universitetin “gizli yataqxana kitabxanasının” ilk qaranquşlarından oldu. Bu barədə hazırda həmin universitetin filologiya fakültəsinin dosenti Məti Osmanoğlu ilə söhbətləşdik.

Məti Osmanoğlu Bəxtiyar Vahabzadənin tələbəsi olmaqla yanaşı, həm də 1988-ci ildə “Gülüstan” poemasının “Gənclik” jurnalında çapı üçün B. Vahabzadə ilə şəxsən evində görüşüb bu məsələni həll edən bir jurnalist olub:

Eşitdim ki, o əsərə görə şairi təqib ediblər

Məti Osmanoğlu poema haqqında orta məktəbdə oxuduğu illərdə eşitsə də onu 1975-ci ildə birinci kurs tələbəsi olarkən oxuyub. Amma oxumamışdan qabaq da eşidib ki, “Gülüstan” müəllifini təqiblərə məruz qoyan bir əsər olub: “Bəxtiyar Vahabzadənin “Gülüstan poeması” ərsəyə gələndə nə kimi səs-küyə səbəb oldu” sualına birbaşa cavab verməyim çətindir – çünki poema yazılanda və çap olunanda mən hələ heç orta məktəbə getmirdim. Sonradan eşitmişdim ki, “ Gülüstan ” poemasına görə Bəxtiyar Vahabzadəni təqib ediblər. Elə o vaxtdan – uzaq bir kənd məktəbində oxuduğum illərdən bu əsərə və müəllifinə məndə böyük maraq və rəğbət yarandı.

Poemanın özü ilə 1975-ci ildə, universitetin birinci kursunda oxuyanda tanış oldum. Onda artıq ədəbiyyat haqqında müəyyən təsəvvürlərim formalaşmışdı və mənə “Gülüstan” bədii cəhətdən yüksək sənət əsəri təsiri bağışlamadı. Məndə yaranan təəssürat bu oldu ki, bu əsərin siyasi və ictimai əhəmiyyəti ədəbi əhəmiyyətindən daha böyükdür“.

Bu təqiblər rəsmi deyil, el arasındakı dedi-qodu təsiri bağışlayıb. Əslində məsələ necə olub sualına M. Osmanoğlu bu cür cavab verir:


“ Poemaya görə Bəxtiyar müəllimin təqib olunmağı barədə el arasında çoxlu şayiələr gəzsə də, o dövrün mətbuatında bu barədə hansısa kəskin yazıya, müzakirəyə, diskussiyaya rast gəlməmişəm. Əslində, məsələ belə olmuşdu: “Gülüstan” ilk dəfə 1962-ci ildə Şəkidə, rayon qəzetində çap olunandan sonra əsərin mətbuatda yayılmasına icazə verilməmişdi. Heç şübhəsiz, dövlət orqanlarının Bəxtiyar müəllimlə ciddi pərdə arxası söhbətləri olmuşdu. Ancaq pərdə önünə çıxan söhbətlər, məncə, xeyli şişirdilmişdi və ictimaiyyətin nəzərində şairin dissident obrazı yaradılmışdı. Bu poema yazılana qədər Azərbaycanın ikiyə parçalanması, Şimalı ilə Cənubu arasında sərhəd qoyulması mövzusunda əsər yazmaq qadağan deyildi və bu mövzuda müxtəlif keyfiyyətdə çoxlu əsərlər yaranmışdı. Digər tərəfdən, sovet dövründə çar Rusiyasını, çar Rusiyasının milli azlıqlara, o cümlədən Azərbaycan xalqına qarşı müstəmləkəçilik siyasətini tənqid etmək də yasaq sayılmırdı və bu mövzuya həsr olunmuş da xeyli əsər adı çəkə bilərik. 
Görünür, hakimiyyət dairələri “Gülüstan”ın millətçilik əhval-ruhiyyəsi yaradacağından təşvişə düşərək onun çapına icazə verməmişdilər və bu addımın atılması əks-effekt yaratmışdı. Yəni əsərin çapına icazə verilməməyinin ictimai fikirdə yaratdığı reaksiya poemanın yarada biləcəyi təsirdən daha güclü və təsirli olmuşdu...” 

Məti Osmanoğlu da qeydində yuxarıda dediyimiz məqamı vurğulayır. Yəni, onun da tələbə tay-tuşları poemanı gizli şəkildə oxuyur, hətta paltaryuyan maşının içində saxlayırdılar. Amma Məti müəllim müəllifin təqib olunsa da ona hər hansı cəzanın verilməsi faktını inkar edir:

“Yadımdadır, biz birinci kursda oxuyanda əsərin makinada çap olunmuş variantını yaşca məndən böyük olan tələbə yoldaşım Xəlil Allahverdiyev (hazırda Rusiyada yaşayır) çamadanda, paltarlarının içində saxlayırdı.
Poemaya görə Bəxtiyar müəllimə hansısa cəza verildiyi barədə dəqiq məlumatım yoxdur. Ancaq bu bir həqiqətdir ki, həmin illərdə orta məktəbin ədəbiyyat dərsliyində Bəxtiyar Vahabzadənin tərcümeyi-halı və tatar şairi Musa Cəlil haqqında poemasından parça verilmişdi və tədris edilirdi. Teatrlarda əsərləri tamaşaya qoyulur, kitabları böyük tirajlarla nəşr olunurdu. Bakı Dövlət Universitetinin sovet ədəbiyyatı kafedrasının professoru idi. Tez-tez xarici səfərlərdə olurdu. Dövlət mükafatına layiq görülmüşdü. “Leninlə söhbət” (1974-cü il) kimi sovet ideologiyasını tərənnüm edən əsərləri də var idi... 
Ancaq bir həqiqəti də inkar etmək olmaz ki, Azərbaycanda antisovet əhval-ruhiyyəsinin və milli azadlıq ideologiyasının formalaşmasında “Gülüstan ” poemasının böyük təsiri oldu”.



Poema çox keçmədən elə sovet dövründə kütləvi şəkildə çap olunur. Çapı həyata keçirənlərdən biri də elə Məti Osmanoğlunun özü olur. “Gənclik” jurnalında işləyən zaman şair Məmməd İsmayılın təklifi ilə poemanın çapı üçün Bəxtiyar Vahabzadə ilə görüşür:

“Poema ikinci dəfə 1988-ci ildə mənim də əməkdaşı olduğum “Gənclik” jurnalında çap edildi. Onda sovet hakimiyyəti hələ yaşayırdı, lakin Qorbaçovun “perestroyka” siyasəti çox şeyi dəyişmişdi. Onu da deyim ki, poemanın jurnalda çap olunmasında, az da olsa, mən də iştirak etmişəm. Bəxtiyar Vahabzadə universitetdə mənə dərs dediyi üçün bizim aramızda tanışlıq var idi. “Gənclik” jurnalının baş redaktoru Məmməd İsmayılın tapşırığı ilə Bəxtiyar müəllimlə əlaqə saxlayıb, redaksiyanın “Gülüstan”ı çap etmək qərarını Bəxtiyar müəllimə mən bildirdim. Bəxtiyar müəllim redaksiyanın qərarından məmnun olduğunu dedi və məni evinə dəvət elədi. Şairlə görüşümüz onun iş otağında oldu. Poemanın makinada yazılmış mətninə xırda düzəlişlər etmişdi. Beləliklə, əsər o vaxt 300 minə yaxın tirajla nəşr edilən “ Gənclik ” jurnalında çap olundu. İstedadlı rəssam Gündüz Əlizadə jurnalın üz qabığında gözəl bir illüstrasiya çəkmişdi. Jurnalda poema ilə yanaşı, Gülüstan müqaviləsinin mətni də çap olundu. 
Təqdimat oxucular tərəfindən böyük maraqla qarşılandı. Lakin poemaya ədəbi tənqid ciddi reaksiya vermədi və əsərin respublika mətbuatında çapı ədəbi hadisəyə çevrilmədi...”