Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 12:38:00
“Yeniyetmələri sadəcə dinləmək lazımdır ” – klinik psixoloq

 

Azərbaycanda zaman-zaman yeniyetmə və gənclərin, xususilə də abituriyentlərin intihar hadisələri baş verib. Onların bu yaşda intihara meylliliyi isə çox düşündürücüdür. Burada valideynlərin, məktəb mühitinin nə dərəcədə təsiri olub-olmaması, onların psixoloqa müraciət edib-etməməsi də maraq doğuran məsələlərdir.

Klinik psixoloq Xudaverdi Məmmədov bildirdi ki, onlara əsasən hansı yaş qrupuna aid insanın müraciət edib-etməməsi əvvala bu, psixoloqun ixtisaslaşma sahəsi ilə də əlaqəlidir.

“Psixoloqa müraciət edənlərin hansı peşə sahibi olmasına dair ayırma etmək çox çətindir. Amma müraciət sayını  və müraciət edənlərin peşəsini araşdırdığımızda, daha çox gənc məktəbli və ya tələbələrin müraciət etdiyini deyə bilərik. Yəni, bu, mənim şəxsi müşahidəmdir. Bu, bir az intellektual məsələdir” – deyən kliniki psixoloq qeyd etdi ki, intihar mövzusu qeyri-ciddi yanaşılmalı bir mövzu deyil:

“Bəzən görürsünüz ki, ətrafda kimsə deyir özümdən bezmişəm, özümü öldürəcəyəm, insanlar isə deyir ki, o özünü öldürməz, həyatını çox sevir, canını çox sevir. Bu ifadələr əksinə, bizim üçün - psixoloji yardımla məşğul olan  hər bir psixiatr, psixoloq üçün bu cür sözlər ciddi qəbul olunur. Yəni “özünə nəsə etməz” deyə bir şey yoxdur. Bu, bizim üçün hər zaman ciddi məsələdir”.

Psixoloq qeyd edir ki, ümumiyyətlə intihar edənlər aətən bunu əvvəldən bəyan edirlər. İntiharların əksəriyyəti planlaşdırılmış şəkildə həyata keçirilir. Və bu barədə həftələrlə, günlərlə bir neçə dəfə gizli və ya açıq şəkildə fikirlərini ifadə edirlər.

Xudaverdi Məmmədov bildirir ki, intihar əsasən 14-35 yaş arası gənclər arasında baş verir. Lakin təbii, yalnız yeniyetmələr yox, 95 yaşında insan da özünə, həyatına qəsd edə bilər. Lakin buna istisna hallarda rast gəlinir.

“İntiharın qarşısını ala bilərikmi?” sualını cavablayan psixoloq buna əminliklə “Bəli” deyir. Çünki intihar barədə daim siqnallar verilir. “Sadəcə zamanında aşkar edə bilsək, həmin şəxsi xilas edə bilərik. Bunu yalnız peşəkar psixoloqlar yox, bu şəxslərin yaxınları, ətrafındakılar etməlidir. Sadəcə bu şəxsi dinləyib, onun duyğularına qulaq asan biri kimi yanaşsaq, ona ən böyük yardımlardan etmiş oluruq”.

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.