Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 09:05:00
Qurban bayramı mövzusu dərsliklərdə necə əks olunmalıdır? - Sosioloq alimdən təklif  

“Bu gün  orta məktəblərdə dinlə bağlı fənn daxil edə bilmədiyimizə görə, ortada müəyyən boşluqlar yaranıb. Saxta dindarlar da bundan sui-istifadə edirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq, professor Əhməd Qəşəmoğlu deyib. O, Qurban bayramının orta məktəb dərsliklərində təsviri ilə bağlı danışarkən qeyd edib ki, İslamın bu və digər dəyərləri ilə bağlı çox düşünülmüş münasibət olmalı, bunlar orta məktəb dərsliklərinə də mütləq salınmalıdır:

“Niyə? Onlar şagirdə nə qazandıracaq?”

“Biz İslam ölkəsiyik, hətta olmasaq da belə, bütün nəzəriyyə və təhlillər, sosial psixologiya elminin özü də təsdiq edir ki, dini dəyərlər arzuolunan şəkildə tədris ediləndə cəmiyyətə fayda verə bilər.

Bunun üçün  mövzular dərsliklərə elə şəkildə salınmalıdır ki, orada nə cəhalət aşılansın, nə də insanlarda həddindən artıq laqeyd münasibət yaratsın. Gənclərimiz bu şəkildə məsələ ilə tanış olmalıdırlar. Qurban bayramının  haradan gəlib, necə yaranması, indiki vaxtda İslam aləminin bunu necə qeyd etməsi dərsliklərdə kifayət qədər öz əksini tapmalıdır”.

O, Qurban bayramı mövzusunun dərsliklərdə necə təsvir olunması ilə bağlı bunları deyir:

“Bu bayram kiminsə xoşuna gəlməyə bilər. Hazırda həm ölkəmiz, həm xaricdə xüsusilə də xristian aləmində böyük anti-təbliğat gedir ki, qan tökmək və heyvanları kəsmək olmaz. Şagirdlərin bu iddialar qarşısında çaşmaması üçün Qurban bayramı haqda dərsliklərdə əhatəli məlumat vermək lazımdır. Bu gün Qurban bayramından üz çevirə bilmərik. Çünki hazırda o bizim mədəniyyətimizə elə oturub ki, həmin gün milyonlarla insan bir araya gəlir, bir-birinə kömək edirlər. Amma bundan sui-istifadə edənlər də az deyil. Buna görə də biz ayıq məntiqlə qurban bayramının tarixi kökləri, harada, niyə yarandığı, indiki faydası, aşırı tərzdə düzgün olmayan hərəkətlər etməyin yanlışlığı barədə məlumat verməliyik.

İnsanlar çox yanlışa yol verir, heyvanları bir-birinin gözü önündə kəsirlər. Təsəvvür edin, 50 qoyunun gözü önündə birini kəsirlər. Bu zaman onların hər biri qorxu içərisində olur. Tibb elmində belə bir şey var ki, qoyunlar qorxanda onların genində qorxu enerjisi toplanır və onu yeyən insanlara pis təsir edir”.

Professor qeyd edib ki, mövzular ətrafında öncə mütəxəssislərlə dərindən düşünmək, daha sonra dərsliklərə daxil etmək lazımdır:

“Bu gün kimsə belə mövzuları elə-belə nəyinsə xatirinə kitaba daxil etsə, heç nə dəyişməyəcək. Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil. Bu mətnlər yüksək səviyyədə düşünülməli, öz daxilində ciddi psixoloji mexanizmi ehtiva etməlidir. Belə olduqda, insanlar bundan yalnız bəhrələnər. Belə mövzular öz din və adət-ənənəsinə məhəbbət yaradan şəkildə  şagirdlərə təbliğ olunmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları