Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 15:20:00
Lənkəran  kəndindəki  iki məşhur əcnəbi müəllim - rus Dudin, 20 dil bilən alman Miller

Ucqar kənd məktəblərimizdə təkcə Bakıdan (həmçinin, ətraf rayon və kəndlərdən)  gələn yerli müəllimlər olmayıb.

Elə kəndlərimiz olub ki, orada əcnəbi müəllimlər də işləyib. Təbii ki, sovet dövründə Bakıda hər hansı universitet, texnikum və orta məktəbdə postsovet məkanından, hətta Avropadan olan müəllimion dərs deməsi adi hal sayılırdı. Amma bölgələr üçün isə   bu,  çox təsadüfi haldır.

Amma nadir hallardan sayılsa da, Lənkəranın kəndlərinin birindəki orta məktəbdə hamı tərəfindən sevilən iki əcnəbi müəllim dərs deyib. Onlardan biri Lənkəran rayon Viravul kənd 1 saylı orta məktəbinin rus dili müəllimi Fyodor Dudin, o biri isə ştatdankənar “müəllimi”, 20 dil bilən unikal alim Miller olub.

Əvvəlcə,  Dudin haqqında danışaq. Daha doğrusu, biz yox, onun sevimli şagirdlərindən olan tanınmış hərbi jurnalist, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov  məlumat verəcək.

Hərbi ekspert AzEdu.az-a açıqlamasında əcnəbi kənd müəllimi barəsində çox maraqlı məqamlara toxunub:

“Fyodor Fyodoroviç Dudin, mənim orta məktəbdə rus dili müəllimlərimdən biri olub.  Sözün bütün mənalarında əsl müəllim və əsl pedaqoq idi. O, mənə və mənim kimi yüzlərlə, bəlkə də minlərlə şagirdə bütün varlığı ilə o vaxtlar üçün proletariatın “dahi” rəhbəri sayılan böyük Leninin, rus ədəbi mühitinin əfsanələri olan Puşkinin, Mayakovskinin və onlarla digərlərinin dilində danışdıqları, yazdıqları əsərləri bizə sevə-sevə tədris edən bir müəllim idi. O,  rus dili kimi nəhəng bir ünsiyyət vasitəsinin bizə öyrədilməsində bütün canını, varlığını əsirgəməyən bir pedaqoq olub. Onun bu dili necə sevdiyini və onu biz kənd uşaqlarına sevdirməyə çalışdığının canlı şahidləriyik. Məhz onun və digər orta məktəb müəllimlərimizin əsl pedaqoq kimi öz peşələrinə yanaşmalarının nəticəsi idi ki, bizim orta məktəbi bitirmiş yüzlərlə məzunlar təkcə Bakının deyil, Moskvanın, Kiyevin, Xarkovun, Dnepropetrovskinin, o vaxtkı Leninqradın və onlarla tanınmış ali təhsil, eləcə də ali hərbi məktəblərinin tələbə və müdavimi adını alıb, bu gün də çalışdıqları sahədə öz bilik və bacarıqlarını sərf edirlər. Şəxsən özümdən deyim ki, mən bu gün nəyə nail olmuşamsa, məhz Dudinin, eləcə də digər rus dili müəllimim, ağsaqqalımız İdris Əliyevin sayəsəində nail olmuşam. Onların hər ikisinin əziyyəti və zəhməti mənim və mənim kimi Azərbaycanda kənarda təhsil almış bütün məzunlar üzərində hədsiz böyükdür. Və onlar bizə verdikləri rus dilində savad və bilik əsla Bakının, Leninqradın və ya digər keçmiş SSRİ-nin orta təhsil məktəblərində tədris olunan rus dilindən zərrə qədər geridə qalmazdı, əksinə bəzən daha da keyfiyyətli və mükəmməl olardı. Elə rayonda təşkil olunmuş rus dilində olimpiadalarda şer demək, rus dilində danışmaq üzrə yarışlarda Dudinin özünün bizi hazırlaşdırması və müşayiət etməsi bu günə kimi yaxşı yadımdadır. O, fenomenal bir müəllim tərbiyyəsi və hazırlığı olan şəxs idi. Son dərəcə məsuliyyətli və bacarıqlı bir pedaqoq idi. Dərsinin əvvəlindən son dəqiqəsinə kimi elə maraqlı, elə bacarıqlı dərs tədris edərdi ki, biz onun bütün dəsrləsini səbrsizliklə gözləyərdik. Özü də Azərbaycan dilində çox şirin danışardı. Bəzi sözlərimizi sındırsa  belə, o sözlər bizə həm çox doğma və şirin gələrdi. İnanın ki, mən söz adamı olsam da, onun o doğma və son dərəcə mehriban münasibətini təsvir etməkdə bir qədər çətinlik çəkirəm. Özü də hər zaman xüsusi olaraq vurğulayırdı ki, siz bu dili müəllim üçün deyil, özünüzün gələcəyiniz üçün öyrənirsiniz. Kim öyrənmək istəyirdisə, ona hər cürə dəstək və köməyi göstərirdi. Özü də fərq qoymadan… Xüsusən də oğlan uşaqlarına qarşı daha çox tələbkar olardı ki,  ən azından, sabah əsgəri xidmətləri zamanı öz fikir və arzularını başqa millətdən olanlara rahat izah etməyi bacarsınlar.

O, Lənkərana və Viravul kəndinə o qədər bağlı idi ki, kimin kim olduğunu, kimin ailəsinin hansı vəziyyətdə olmasını belə dərindən bilirdi. Bütün adət və ənənələrimizi də gözəl bilir və ona əməl dirdi.

Özü də Lənkəran şəhərində yaşamasına baxmayaraq hər gün məktəbə avtobusla gedib-gələrdi.

Dudin müəllim bizim üçün ideal bir müəllim və pedaqoq olub

Biz əsl müəllimin necə olmasını daha çox ondan öyrənib və ona uyğun özümüzdə təlqin etmişik.

Bəli, Dudinin şagirdi olmaq doğrudan da bir şans və çox böyük xoşbəxtik idi. Xüsusən də  şəxsən mənim kimi ölkədən kənarda təhsil almış kənd uşaqları üçün…

Son illərə  kimi biz əziz müəllimimizi tez-tez axtarırdıq.

O Azərbaycandan köçəndən sonta uzun müddət Rusiyanın Astraxan vilayətində məktəb direktoru kimi çalışdı.

Özü də onun rəhbəri olduğu məktəb çox savadlı və qabaqcıl bir orta təhsil ocağı kimi çoxlarından fərqli olurdu. Və bunu hamı xüsusi olaraq qeyd edirdi.

Dudinin ən yadda qalan keyfiyyəti onun son dərəcə səmimi və doğma olması idi, hər bir şagirdinə və müəllim yoldaşına qarşı.

Onu demək olar ki mən heç vaxt əsəbləşib özündən çıxan görmədim.

Olurdu, hərdən dərsdə dəcəl bəzi dostlarımıza görə sinirlənirdi, amma onu elə edirdi ki, sanki uşaqlar deyil, müəllim günah işlədib. Bax belə bir yüksək mədəniyyətin və qabiliyyətin yiyəsi olub Fyodor müəllim”.

Lənkəranın Viravil kəndində uzun illər yaşayan və burada araşdırmalar aparan əcnəbilərdən biri də Boris Miller olub. Üzeyir Cəfərov bu unikal insan haqqında da ürəkdolusu danışır:

“Dövrünün tanınmış şərqşünas və dilşünas alimi Boris Vsevolodoviç Millerin həyatının bir hissəsi Azərbaycanla, mənim doğulduğum Veravul kəndi ilə bağlıdır. Həm də politoloq olan Miller, buraya ölkəmizdə yaşayan etnik xalqların məişətini, adət-ənənəsini araşdırmaq üçün gəlmişdi. Bu məqsədlə 1902-ci ildə missiyasına ilk olaraq Lənkərandan başlamışdı. 20-yə yaxın dildə danışan alimi əsasən burada yaşayan yerli xalqın dilinin mənşəyi maraqlandırırdı. Onun apardığı tədqiqatlar uzun zamanı əhatə edir.

Miller 22 ilə yaxın müddətdə Lənkərandan ayrılmır. Həyatında baş verən faciə onu Azərbaycanı birdəfəlik tərk etmək məcburiyyəti qarşısında qoyana kimi...

Kəndimizdə yaşayan Miller bura özü ilə kiçik oğlunu da gətiribmiş. Ata övladının həm tərbiyəsi, həm də təhsili ilə şəxsən məşğul olurdu. Oğlu olduqca dərrakəli idi. Atasının təsiriylə hətta kiçik yaşlarında bir neçə dil öyrənmişdi. Miller kənddə, çayın kənarında onun üçün məxsusi tikilən evdə yaşayırdı. Bir gün sel gəlir və Millerin oğlu çaya düşüb boğulur. Onu xilas etmək mümkün olmur. Miller bu dəhşətli hadisədən sarsılır. Həmişə sahilinə gəlib saatlara sularına tamaşa etdiyi çaya bir daha baxmağa ürək etmir. Hər dəfə oğlu yadına düşəndə qəhər onu boğur. Bu faciəyə dözə bilməyən ata 1924-cü ildə Lənkəranı tərk etməli olur və Moskvaya gedir.

Deyilənlərə görə, Miller yerli əhaliyə təmənnasız tibbi yardım göstərər və həyətində nadir meyvə ağacları yetişdirərdi. Onun getməsi kənd sakinlərinə pis təsir edir. Boris Millerin yeni tikdirdiyi imarəti sahibsiz qalsa da, heç kim ora köçmür. Baxımsız qalan ev sonralar ibtidai məktəb olur. Amma uçmaq təhlükəsi olduğuna görə burada tədris dayandırılır. Dağılmış evin bəzi materialları sonralar xeyriyyə məqsədilə istifadə olunur. Millerə məxsus evin bünövrəsi üzərində indi də yurd salan yoxdur”.