Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 14:59:13
“Təhsil sahəsində jurnalistlərin ixtisaslaşmasına ciddi ehtiyac var” -PROBLEM

Dünya mediasında jurnalistika sahəsində ixtisaslaşma gedir. Bu tendensiya təhsil jurnalistikasında da müşahidə edilir. Hətta bəzi ölkələrdə humanitar, texniki və təbiət təmayüllü fənlərdən yazanlar da xüsusi olaraq ixtisaslaşıb.


Bəs dünya təcrübəsində təhsil jurnalistlərinin ixtisaslaşması necə təşkil olunub? Onlarla Azərbaycan mediasının təhsil sahəsindən yazan jurnalistlərinin peşəkarlığı arasında nə kimi fərqlər var? 

“Nəinki təhsil jurnalistikasında, ümumiyyətlə, mediamızda ixtisaslaşmanın olmadığını deyən media eksperti,  Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli dünya təcrübəsi ilə müqayisə aparıb: 

 “Xaricdəki jurnalistika təhsili ilə Azərbaycandakı arasında müəyyən fərqlər var. Fərq bundan  ibarətdir ki, digər ölkələrdə jurnalistika kadrları hazırlayan fakültə və institutlar yoxdur. Orada jurnalistika açıq sahə sayılır, hər kəs onunla məşğul ola bilər. Həmin adamlar  müəyyən kurs  keçirlər. Orada ödənişli jurnalistika kurslarına çox önəm verirlər. Onlar yüksək səviyyədə təşkil olunub. Həmin kurslarda tədrisi müxtəlif  sahələr - neft, iqtisadiyyat və digər sektorlar üzrə tanınmış, peşəkar adamlar aparırlar. Nəzəri yox, daha çox praktik biliklər əldə edirlər. Bizdə isə bu baxımdan vəziyyət fərqlidir. Dünyada qəbul olunub ki, jurnalist ümumi biliklərlə yanaşı konkret bir sahəni də bilməlidir. Reportyor, köşə yazarı  məhz ona görə tanınır. Azərbaycanda isə yanaşnma tərzi tam fərqlidir. Bəzən hansısa  iqtisadçı sonradan jurnalistikaya gəlir. Onun baza biliyi iqtisadiyyatdır. Jurnalistika biliklərinə isə sonradan yiyələnir. Hər kəs bu sahəyə məcburiyyətdən, öz işi olduğuna görə yox, bu işi bildiyinə görə gəlməlidir.

Bizdə jurnalistika fənn olaraq tədris olunur. Onlarda isə fənn yox, daha çox bu biliklərə yiyələnmək istəyən insanlar üçün açıq sahə olaraq bilinir. Orada jurnalistikaya sırf bu sahənin təhsilini alıb gəlmək vacib deyil. Bizim bir neçə institumuzda jurnalistika fakültələri var. Orda intensiv olaraq bu predmet tədris olunur,  kadrlar hazırlanır və yekunda jurnalistika  diplomu verilir. Amma məzunları əksəriyyəti jurnalistika üzrə çalışmırlar. Əcnəbi ölkələrdə baza təhsili jurnalistika olmasa da, buna böyük marağı olan insanlar bu sahədə çalışırlar. Bizimlə onlar arsında çox ciddi fərqlər var”.

O, media təhsilimizdə ixtisaslaşmanın olmamasının səbəbini izah edib:

“Bizdə bir  jurnalist  müxtəlif mövzulardan yazır. Bu, bir neçə amillə əlaqədardır. Ən ciddi səbəb isə iqtisadi amillərdir. Çünki bizim çoxlu yazar saxlamaq,  müxtəlif sahələr üzrə yazan jurnalistləri işə cəlb edib, onu qonorarla təmin etmək imkanımız zəifdir. Amma başqa səbəb bundan ibarətdir ki, bizdə həm də konkret sahə üzrə ixtisaslaşmağa meyilli insanlar azdır. Kifayət qədər maaş almırlar ki, müəyyən bir sahədən yazsınlar”.

Y. Məmmədli ölkəmizdəki media sahəsindəki təhsili yaxşılaşdırmaq üçün təkliflər edib: 

“Bizdəki jurnalistika fakültələrində praktiki laboratoriyalar fəaliyyət göstərməlidir. Tələbələrin gələcəkdə konkret  işdə özlərini doğrultmaları üçün şərait yaradılmalıdır.  Tələbə sözlə yox, təcrübə ilə jurnalistika biliklərinə yiyələnməlidir. Dünya reytinqli ali təhsil müəssisələri arasında yer alan universitetlər öz laboratoriyalarına görə fərqlənirlər. Məsələn, Harvardda oxumaq təkcə ona görə nüfuzlu  deyil  ki, oranı oxuyan nəzəri bilikləri dərindən mənimsəyir, həm də ona görə ki, burada oxuyan tələbənin nəzəri biliklərini tətbiq etməsi üçün lazımi imkanlar var. Məhz bunun nəticəsində həmin təhsil yüksək səviyyədədir. Texniki baza da güclü olmalıdır. Tələbə oxuduğu müddətdə peşəkar öyrənməlidir ki, işlədiyi redaksiyada naşı görünməsin”. 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərov  təhsildəki yenilikləri  əhaliyə çatdıracaq  ixtisaslaşmış  mediaya  ehtiyac olduğunu bildirib

“Xaricdə təhsillə bağlı xüsusi proqramal, rubrikalar aparılır. Bu müxtəlif ölkələrin praktikasında var. Hazırda jurnalistika təhsilində ixtisaslaşma çox məqbul hesab olunur. Dünya ölkələrində təkcə təhsillə bağlı deyil, hətta proqnozunu deyən insanlar belə xüsusi olaraq ixtisaslaşıb. Hər kəs ixtisaslaşıb.  Belə olduqda, jurnalistlər çalışdıqları sahə üzrə peşəkar biliklərə sahib olurlar. İxtisaslaşmanın olması həm jurnalistlər, həm də KİV qurumları arasında ümumi qəbul olunmuş, təqdiredilən bir  haldır. Bu hal təhsil  jurnalistikasına da tətbiq olunsa,  çox yaxşı olar. Azərbaycanda buna xüsusi ehtiyac var. Çünki təhsil sistemində islahatlar gedir, yeni təhsil sistemi oturuşur. Bununla bağlı əhəmiyyətli maarifləndirmə işinin aparılması lazımdır. Bu həm abituriyentlər, həm valideynlər, həm də müəllim heyətini maraqlandırar. Etiraf edək ki, son vaxtlar aparılan dəyişikliklərin adi vətəndaşa çatdırılmasında problem var. Valideynlərə kurikulum, Baloniya, müasir təhsil sistemi haqda sual verin. Adını bilsələr də, əksəriyyəti onun mahiyyəti haqda məlumatlı deyil. Bunu əhaliyə çatdıracaq ixtisaslaşmış mediaya ehtiyac var”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları