Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:35:00
“Tətillərin çox olması şagirdlərin təhsilinə zərbə vurur” - Ekspertlər

Azərbaycanda dərs ili bir qayda olaraq sentyabrın 15-də başlayıb, iyunun 15-də bitir. Bu tarixlər müxtəlif ölkələrdə fərqlənir.

Məsələn, Hindistanda dərs ili  iyun ayında başlayıb,  martda bitir. Danimarka və Finlandiyada  daha tez - avqustda başlayıb, iyunda başa çatır. Türkiyədə də dərslər eynilə bizdəki kimidir.

Tədris ilində məktəblilərə bir neçə dəfə tətil verilir. Bir çox mütəxəssislər tətillərin çox olmasını uşaqların təhsilinə mənfi təsir göstərdiyini iddia edir. Məsələnin aktuallığını, bu gün də məktəblilərin beş günlük yaz tətilinə çıxdığını nəzərə alıb mövzuyla bağlı mütəxəssislərə müraciət etdik:

AzEdu.az-a açıqlamasında, tətillərin çox olduğunu qeyd edən təhsil eksperti Etibar Əliyev bunun qarşısının alınması üçün rasional bir yolunun tapıldığını deyib. Onun sözlərinə görə, dərs ilini 2 həftə uzadılması boşluqlarına aradan qaldırılmasına xidmət edir. Bu iki həftə tətil müddətinin  çox olmasını kompensasiya etmək üçün düşünülüb:

“Buna baxmayaraq bu addım müəyyən narazılıqlarla qarşılandı. Düşünürəm ki, bunlar haqsız narazılıqlar idi. Bir çox ölkələrdə, hətta yay tətili dövründə də uşaqlara yay məktəbləri təşkil olunur. Onlar tədrisdən ayrılmırlar. Bizdə isə belə əsaslandırmağa çalışırdılar ki, istidir, uşaqlar daha tez tətilə çıxmalıdırlar. Görünür, cəmiyyətdə uşaqların məktəbdə az olmasının tərəfdar olanların sayı çoxdur. Məsələn, Çin məktəbliləri mötəbər bilik yarışmalarında öndə gedirlər. Onlar ildə 2 dəfə dincəlirlər: Çin yeni ilində və yayda. 15 iyuldan 1 sentyabra qədər.

Bu müddət ərzində orta və tam orta məktəb sinif şagirdləri əlavə dərslərdə iştirak edir,  yaxud, müxtəlif fənlərdən böyük həcmli ev tapşırılarını yerinə yetirirlər. Dünyanın əksər ölkələrində uşaqlar tətillərdə də oxuyurlar. Valideynlər dərs ilinin 2 həftə uzadılmasına maraqlı olmalıdırlar. Həm də yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ciddi nəzarətə götürülməlidir. Maraqlı bir məsələyə toxunum: uşaqlara verilən dərsliklər  yayda yığılır. Onların əlində keçdikləri fənləri təkrar etməyə vəsait qalmır. Bu onların biliklərini artırmaq, keçdiklərini təkrarlamaq imkanlarını məhdudlaşdırrır. Bu faktı da nəzərə almaq lazımdır. Uşaqlar üçün yay düşərgələrinin təşkil olunması vacib məsələrdən biridir”.

Ağdam Dövlət Sosial-iqtisad  Kollecinin müəllimi Fəridə İsmayılova deyir ki, hər tətil yaxınlaşdıqca davamiyyət zəifləyir, çünki uşaqlar əvvəldən bilir ki, filan vaxtdan tətilə çıxacaqlar:

"Hər tətildən qabaq davamiyyət zəifləyir. Bayram olsun, ya semestr fərq etmir. Burda həm müəllimlərin, həm də rəhbərliyin səhvi var. Tətil yaxınlaşdıqca bəzi müəllimlər də dərsin tempini aşağı salırlar. Dərsdən çox uşaqlarla deyib-gülməyə üstünlük verirlər. Həmişə tətilin bu qədər olmasına qarşıyam. Bu özünü tətildən bir həftə əvvəldən göstərir və eynilə tətildən qayıdandan sonra da. 1-2 həftə uşaqları dərs mühitinə uyğunlaşdırmaq çətin olur. Tətil arxayınlıq yaradır, dərsə qarşı həvəsi öldürür. Beyin passsivləşir. Verilən tətil şənbə və bazarla kifayətlənməlidir”.

Müəllimin sözlərinə görə, ildə bir neçə dəfə tətil olur. Uşaqlar isə hər tətildən qayıdandan sonra parta arxasında otura, dərsi mənimsəyə bilmirlər. Dərsə yeni öyrəşəndə yenə tətil olur.