Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 14:03:00
Abituriyentlərin bunu bilməsi vacibdir –Zəruri tövsiyələr

Qarşıdan abituriyentlərin həyatının ən önəmli günlərindən olan qəbul imtahanları gəlir. İmtahanqabağı stres, qayğılar, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdəndir. Bu hallar abituriyentlərin imtahanda göstərdikləri nəticələrə mənfi təsirsiz ötüşmür.


Aparılmış statistik hesablamalara görə, imtahan zamanı abituriyentlərin 96 faizi stres altında olur, bu da imtahanda istənilən uğurun əldə edilə bilməməsinə səbəb yaradır. Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?

Türk və Azərbaycan saytlarında bununla bağlı maraqlı həkim və psixoloq rəyləri dərc olunub. Onlardan bəzilərini abituriyentlərin nəzərinə çatdırırıq. Həkimlərin məsləhətinə görə, imtahanlarda maksimum uğur qazanmaq üçün abituriyent bilməlidir ki, imtahana bir neçə gün qalmış ciddi hazırlıqlar dayandırılmalı, imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətlər tamam yığışdırılmalı, abituriyent imtahandan öncəki bir-iki günü yalnız istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir.

İmtahan qabağı rahat yatın!

Abituriyent imtahan qabağı sərbəst olmalı, gəzintiyə çıxmalı, beynini sakitləşdirməlidir. Abituriyent normal yuxu yatmalıdır. İmtahandan qabaqkı axşam abituriyent yatmazdan öncə müxtəlif sakitləşdirici otlardan, yaxud valerian (pişikotu) dəmləyib içsə, həm rahat yatar, həm də həyəcanı azalar. Çünki rahat yuxu belə vaxtda çox vacibdir. Rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda insanın toparlanmasını - konsentrasiya olmanı asanlaşdırır.

Valideynlərə məsləhət

Valideynlər də abituriyentə təzyiq etməməlidirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. Abituriyentə "imtahanda uğur qazanmasan, biabırçılıq olacaq" və s. bu kimi psixi gərginlik gətirən sözlər demək əsla yolverilməzdir. Abituriyentə qarşı psixoloji pressinq qətiyyən olmaz. Abituriyent imtahanın nəticəsini yox, imtahanın gedişini düşünməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır. Abituriyent düzgün tapdığı cavabı da cavab blankına səhv köçürür. Ona görə də abituriyent daxilən rahat və sakit olmalı və ancaq dünənədək aldığı biliyi həyəcansız realizə etməlidir.

İmtahana gedənlər nə yesinlər?

Birinci növbədə axşam tez yatıb səhər erkən qalxmaq lazımdır. Səhər yeməyində yaxşı olar ki, qədərində duzsuz pendir, adi kərə yağı, mümkündürsə, bal yeyilsin. Səhər yeməyi çox olmamalıdır. Mədəni heç bir halda yükləmək olmaz. Çünki mədə yüklənəndə qan dövranının böyük hissəsi mədədə toplanır və qidanın həzminə yönəlir. Belə olanda beynə lazımi miqdarda qan çatmır. Bu da abituriyentin özünü səfərbər etməsinə və biliyini realizə etməsinə mane olur. Yaxşı olar ki, şirinçaya üstünlük verilsin. Çaya bal qatıb içmək də xeyirlidir. Südü hər bir orqanizm müxtəlif cür qəbul edir. Eləcə də kakao, yaxud qəhvəni. Ola bilər ki, səhər süd içmək abituriyentin mədə-bağırsaq sistemində problem yaratsın. Eləcə də qəhvə. Qəhvə təzyiqi qaldıran içkidir. Ancaq bu cür içkilər mədəni qıcıqlandıra da bilər. Ümumiyyətlə, imtahana gedən adama səhər-səhər yağlı, mədəni qıcıqlandıra biləcək yeməklər vermək düzgün deyil.

Psixoloq rəyi

Psixoloqlar isə məsləhət görürlər ki, abituriyentlər imtahana iki gün qalmış istirahət etməlidirlər: "Qəbula hazırlaşan şagird onsuz da ilboyu çalışır, müəllim yanına gedir. Beyin həddən artıq yüklənir. Belə halda beyni sakitləşdirmək, həyəcanı aradan qaldırmaq çox çətindir. İmtahanda həyəcanlı, yaxud sakit olmaq hər bir insanın daxili keyfiyyətlərindən də asılıdır. İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir. İmtahan barədə ümumiyyətlə düşünməsin, gəzintiyə çıxsın. Valideynlər uşaqlarına qarşı daha həssas olmalıdırlar. Valideyn gərək uşağı qorxutmasın. Əksinə, uşağa aşılamaq lazımdır ki, o, müvəffəq olacaq. Müvəffəq olmasa da, burada faciəvi heç nə yoxdur.

Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdırlar ki, abituriyent də biliyini mərkəzləşdirə bilsin".

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.