Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 16:29:00
Gələcəyin Mendeleyevləri sayılan gənclərimiz–Onlar bütün dünyanı necə heyrətləndirdilər?

21-30 iyul 2019-cu ildə Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.

Bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək uğura imza atıblar. Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika Liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev isə  bürünc medal qazanıb.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev olimpiadada bürünc medala layiq görülüb.

O, AzEdu.az-a açıqlamasında olimpiadaya hazırlığın  məktəblərində keçirildiyini vurğulayıb:

“9-cu sinifdən olimpiadaya hazırlaşmağa başladım. 2017-ci ildə Beynəlxalq Kimya Olimpiadasına qatılsam da, heç bir medal qazanmadım. 2017-ci ildə  Gənclərin Beynəlxalq Elm Olimpiadasından  bürünc medal əldə etdim. 2018-ci ildə   Meqapolis Olimpiadasında gümüş medala layiq görüldüm”

Olimpiada qalibi ixtisas seçimini  etdiyini və Bakı Ali Neft Məktəbində “Kimya Mühəndisliyi” fakültəsini seçdiyini qeyd edib:

“Gələn il sənədlərimi xarici ölkəyə verməyi düşünürəm  və  Koreyada kimya mühəndisliyi istiqamətində oxumağı planlaşdırıram”.

Bu ilin yanvardan beynəlxalq  olimpiadaya fokuslandım. Komanda olaraq hazırlaşdıq. Tədris prosesi üçün xarici ölkələrdən müəllimlər dəvət olunmuşdu. Onların qalib gəlməyimdə böyük rolu olub”.

O, qeyd edib ki, yarışmaya 80 ölkədən müxtəlif dünyagörüşünə və mədəniyyətinə malik şagirdlər qatılıb:

“Qatılan şagirdlərin çoxu bizdən yaşca böyük idi. Aktiv olanlar çoxluq təşkil edirdi. Olimpiada müddətində şagirdlərdən telefonları alınmışdı. Bu da digər ölkələrdən gələn uşaqlarla rahat ünsiyyət qurmağa yardımçı olurdu.

Mən həmin şagirdlərlə bizimkilər arasında təfəkkür baxımından fərq görmədim. Sadəcə,  başqa ölkələrdən gələn uşaqların hazırlığı ciddi olduğu üçün onların nəticələri yüksək oldu.

Fransanın bir çox tarixi yerlərini gəzdik. Luvr muzeyini görmək şansı əldə etdik”.

O, sözlərində  sualların  çətin olmadığını vurğulayıb və hazırlaşan hər şagirdin uğur əldə edəcəyini qeyd edib:

“Sadəcə vaxt problemi var idi. Bizə 9 sual təqdim olundu. Bunlardan təxminən altısını həll edə bildim. Son yarım saatda  isə edə bilmədiklərimə baxdım, lakin bu mümkün olmadı.

Olimpiadaya yaxşı hazırlaşmaq üçün 8 və 9-cu siniflərdən başlamaq lazımdı. Yuxarı sinifdən başlayanda çətinliklər çox olur”.

Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev isə gümüş medal əldə edib:

O, olimpiadaya hazırlıq mərkəzində hazırlaşmağa başladığını söyləyir:

“Bizə  mütəmadi olaraq Rusiyadan çağırılan müəllimlər dərs deyirdi.

Olimpiadanın praktik hissəsi keçən ilə nisbətən rahat idi. Lakin nəzəri hissə uzun idi. Vaxt problemi vardı və çatdırmaq mümkün deyildi. Amma buna baxmayaraq  uğur qazandım”.

Olimpiada qalibi Avropa və Asiyanın bir çox ölkələrindən şagirdlər iştirak etdiyini qeyd edib.

“Olimpiadada Avropa ölkələrindən çox şagirdlər iştirak edirdi. Bu ölkələrdə təhsil müddəti  12-13 il olduqları üçün həmin şagirdlər bizdən böyük idi”.

Müsahibimiz ixtisas seçimi edib və Bakı Ali Neft Məktəbinin Kimya fakültəsini seçib. O, “Beynəlxalq olimpiadaların keçirilməsi haqqında” sərəncama əsasən,  universitetə müsabiqədən kənar qəbul olunacaq:

“Suallarla qarşılaşanda  əvvəlcədən hazırlıqlı olduğum üçün nə edəcəyimi bilirdim. Nəzəri hissədə sualları oxuyur, praktik hissədə isə avadanlığın qurulmasını həyata keçirirdim”.

 Qatıldığım olimpiadalara misal olaraq, 50-ci Beynəlxalq Kimya Olimpiadası, 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (bürünc medal),2017-ci ildə Beynəlxalq Meqapolislər Olimpiadası (bürünc medal), 2018-ci ildə Beynəlxalq Meqapolislər Olimpiadasını (qızıl medal) göstərə bilərəm.

Olimpiadalar iki hissədən ibarət olur: Praktik və nəzəri  hissə. Praktik turda  eksperimentlər, nəticələrin qeyd edilməsi və maddələrin keyfiyyətinin yoxlanılması həyata keçirilir. Praktik turda laboratoriyada işləmə bacarıqları əsas götürülür.

Nəzəri hissədə isə sırf məsələ həlli olduğu üçün  sürətli və düzgün çalışmaq lazımdı.

Hər ölkədən uşaqlar qatıldığına görə  onların hazırlıq səviyyəsi də   fərqli idi. Nisbətən zəif hazırlaşdığını düşündüyüm ölkələrdən gələn şagirdlər yüksək dərəcəli medallar əldə etdilər. Düşünürəm ki, şagirdin harada hazırlaşması deyil, bacarıqları əsasdı.

Digər ölkələrdən gələn şagirdlər vaxtı daha düzgün şəkildə bölə bilirdilər”.

Qeyd edək ki, azərbaycanlı məktəblilər iyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

Belə ki, 7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

Şükufə Süleymanlı