Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 12:24:00
Azərbaycan beynəlxalq olimpiada tarixində hansı rekorda imza atacaq?- Nazir müavinindən qeyd

 

Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. Yarışda dünyanın 90-a yaxın ölkəsindən nümayəndələr iştirak edəcək.

AzEdu.az xəbər verir ki, Təhsil TV-nin canlı yayımında təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın təşkili qaydalarından danışıb.

O, bildirib ki, Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsi mühüm hadisə kimi qiymətləndirilə bilər. Çünki dünyada 5 fənn üzrə beynəlxalq olimpiada təşkil edilir ki,  onların da  arasında informatika olimpiadası böyük nüfuza malikdir və digərləri ilə müqayisədə yeni istiqamətdir:

“Bu olimpiada ilk dəfə 1989-cu ildə UNESCO-nun təşəbbüsü ilə keçirilib. Maraqlıdır ki, ilk olimpiadada cəmi 13 ölkə iştirak edib. Amma sonradan iştirakçıların sayı getdikcə artıb. BİO sonuncu dəfə keçən il, Yaponiyada keçirilib və burada 80-dən çox ölkə iştirak edib. BİO-nun Azərbaycanda keçirilməısi ilə bağlı qərar 2015-ci ildə qəbul olunub. Bu il  isə təşkili qərara alınıb. Yarışda 88 ölkə iştirak edəcək. Bu, Beynəlxalq İnformatika Olimpiadası tarixində rekord saydır. Hər komanda 4 iştirakçı, komanda rəhbəri və onun müavini ilə təmsil olunacaq”.

Firudin Qurbanov bildirib ki, olimpiadanın keçiriləcəyi məkanlar artıq müəyyənləşib. Əsas yarış Gimnastika Arenasında təşkil olunacaq:

“Olimpiadanın ilk günü 6, ikinci günü isə  8 avqustda baş tutacaq. Şagirdlərə 5 saat ərzində cavablamaları üçün 3 sual təqdim olunacaq. Hər sualın cavabı dərhal göstəriləcək. Dünyanın istənilən yerindən müvafiq sayta daxil olmaqla, şagirdin nəticəsini izləmək mümkündür. Bu, şəffaflığın təminatına bir nümunədir”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan indiyədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları