Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 16:17:00
Təhsil müəssisələrimiz necə qorunur? - “Heç ABŞ-da belə mühafizə yoxdur”

Azərbaycan universitetlərinin girişində təhlükəsizliyinin təmin olunması məqsədilə mühafizə işçisi qoyulur. Bəzən isə bu, yalnız formal xarakter daşıyır. Hətta tələbə olmayan şəxslər belə ali təhsil müəssisəsinə daxil ola bilir. Bu gün 9 ili tamam olan ADNA terrorundan sonra təhlükəsizlik tədbirləri müəyyən qədər gücləndirilsə də, bəzi universitetlərdə bu formallıq hələ də qalmaqdadır. Bəs dünya təcrübəsi ilə müqayisədə ölkəmizdəki ali təhsil müəssisələrinin təhlükəsizliyi arasında hansı fərqlər var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əcnəbi ölkələrdə mühafizə sisteminin bizdəki ilə müqayisədə zəif olduğunu bildirib:

“Təhlükəsizlik sistemi bizdə daha güclüdür, nəinki dünya universitetlərində. Mən hətta Amerikadakı ali təhsil müəssisələrinə də baş çəkmişəm. Bizimki ilə müqayisədə orada keçid, buraxılış daha zəifdir. Xaricdə sərbəst şəkildə ali təhsil müəssisəsinin  binasına daxil ola bilmişəm. Amma bizim universitetlərdə xüsusi buraxılış yerindən keçirsən, kənar adamlar buraxılmır və s. Bu, məsələnin zahiri, yalnız görünən tərəfidir. Əslində isə təhlükəsizliyin qorunması daha çox əməliyyat məlumatlarına əsaslanır. Bunlar qapının ağzında kimisə qoymaq, adamları yoxlamaq, kənar şəxslərin buraxılıb-buraxılmamasından asılı deyil. Əgər kimsə universitetdə hansısa təhlükə törətməyi qarşısına məqsəd qoyubsa,  buraxılış məntəqəsindən asılı olmayaraq oraya hansısa yolla daxil ola bilər. Bu, hər yerdə belədir.

ADNSU-dakı içəri giriş-çıxışı müəyyən qədər gücləndiriblər. Amma bu məsələnin zahiri tərəfidir. Neft Akademiyasında o vaxt məlum hadisəni törədən şəxs yenidən peyda olsa və istənilən universitetdə nəyisə həyata keçirməyi qarşısına məqsəd qoysa, hansısa yolla bunu edə bilər. Zahiri görüntü ilə, zahiri yoxlamalarla yalnız xırda təhlükələrin qarşısını almaq mümkündür. Bu yolla kənar adamların daxil olmasına, kiçik ajiotajların yaranmasına mane olmaq olar. Geniş terror hadisələrinin qarşısının alınmasında isə universitetin qapısı ağzında kiminsə dayanması çox az rol oynayır”.

O, terrorun qarşısının təhlükəsizlik tədbirləri ilə alınmasının mümkün olmadıını bildirib:

“Universitet o yana, mən hətta Texasda qubernatorluğa da tam sərbəst daxil olmuşam. Buraxılışda heç  kəs yoxdur. Heç kim məndən soruşmadı ki, “sən bura niyə girirsən?”, “nə işin var?”, “kimsən?” Amma  bizdə hansısa icra hakimiyyətinə 5 metrdən belə yaxınlaşmaq mümkün deyil. Bu o demək deyil ki, Amerikada təhlükəsizliyi qorumurlar. Sadəcə vizual görünüşlə, qapıya iki polis qoyub  mən buranı qoruyuram, bura heç kimi buraxmıram düşünməklə olmur. Elə yerlər var ki, sən nə qədər qorusan da, İŞİD-dən kisə oranı partlatmağı qarşısına məqsəd qoyubsa, bunu edəcək. Bəzən eşidirik ki, əməliyyat vasitəsilə hansısa terrorun qarşısı qabaqcadan alınır. Əsil iş budur. Məsələn, insanların ən çox istifadə etdiyi metroda həmişə bir polis dayanır. O, müşahidə edir, kimdənsə şübhələnir. Hamını yoxlamaq mümkün deyil.

Kiminsə metroya girib kiçik bir şey qoyub çıxması tamamilə mümkündür. Amma bunun qarşısı ora qədər alınmalıdır. Metronun qarşısında polisin dayanmağı məsələni həll etmir. O, sadəcə görüntüdür. Heç görmüsüz ki, o polis kimisə saxlasın və desin ki, böyük bir terrorun qarşısı alındı? Yox, bu olmur. Çünki terrora cəhd edən adam o polisin qarşısından nümayişkəranə şəkildə getməyəcək. Elə keçəcək ki, heç onun bura nə məqsədlə gəldiyini bilən olmayacaq. Yəni xarici görünüşlə təhlükəsizlik sistemi yaratmağa  müdafiə deyilmir. Bunun adı sadəvə buraxılış məntəqəsidir.

Bizim dövrümüzdə ümumiyyətlə universitetlərdə bu forma yox idi. Kim istəsə girib-çıxa bilərdi. İndi qapıda qoyduqları polis isə böyük təhlükənin qarşısını almır. Amma hər halda o da lazımdır. Ona görə ki, əhali çoxalıb, tələbələrin sayı artıb, dünyada vəziyyət dəyişib. Heç olmasa müəyyən mənada qarşısı alınar. Amma böyük terrordan söhbət gedirsə, bu, təhlükəsizlik deyil”.

O, həmçinin mühafizəçilərə xüsusi təlimlər keçirilməli olduğunu vurğulayıb:

“Universitetlərdə mühafizəyə qoyulan şəxslərə ciddi professional təlimlər keçirilməlidir. Çünki insanların özünü aparma  qaydası var. Terrora meylli bir şəxs qapıdan keçəndə  o qədər peşəkar olmalıdır ki, psixoloji gərginlik yaşamasın. Eyni zamanda polis də bunu kənardan hiss edəcək qədər professional olmalı, təhlükəni öncədən hiss etməlidir. Onlara təlimlərdə deyilməlidir ki, əsas nəyə fikir versinlər, əlində nəyi olanlara baxsınlar və s. Tələbədən kənar adamlara xüsusi diqqət yetirilməlidir. Mən bilmirəm, bəlkə də bizimkilər o təlimləri keçirlər. Amma bəzən görürsən ki, nəyəsə diqqət yetirmirlər. Bütün sistemlərdə belədir. Peşəkar  yol polisi işçisi uzaqdan görür ki,  sürücü, ya yox. Bu adamları da belə profesiomallıq səviyyəsinə yüksəltməlidirlər. Düşünməməlidirlər ki, “bunun  heç kimi yoxdur, heç bir iş bacarmır, qoyaq qapıda dursun”. Əksinə, bura daha məhsuliyyətli, təlim keçmiş adamlar qoyulmalıdır. Mən demirəm ki, bizdə bunlar yoxdur, bəlkə də var, amma arzu olunan da budur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları