Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 15:17:00
Müəllim namizədlər müsahibədə  bunu etməsinlər-Vacib tövsiyələr

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 41. 288 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Qarşıdan isə MİQ müsabiqəsinin müsahibə mərhələsi gəlir. Nəzərinizə çatdıraq ki, müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

“Müsahibə mərhələsində iştirak edən bəzi komissiya üzvlərinin aurası insanı sıxır”

Bu sözləri AzEdu.az-a ötən illərdə MİQ müsabiqəsinin müsahibə mərhələsində iştirak edən kimya müəllimi Elşən Ramizoğlu deyib:

Elşən müəllimin  sözlərinə görə, müsahibə mərhələsi onun üçün çox yaxşı keçib:

“MİQ müsabiqəsinin müsahibə mərhələsində iştirak etdiyim zaman iki müəllim proqrama uyğun olaraq ixtisasıma  aid suallar verirdi. Açıq etiraf edim ki, müsahibə mərhələsi çox yaxşı keçdi. Həmçinin ekspert heyətini qane edəcək cavabları verirdim. Həmin illərdə 1il müqavilə ilə orta məktəbdə müəllim olaraq fəaliyyət göstərirdim. Müsahibə mərhələsində ekspert heyəti uşaqlara necə dərs keçdiyimi və hansı yeniliklər etdiyimi soruşdular. Onu da bildirim ki, çox səmimi söhbət oldu. Həmçinin, maraqlı, səmimi formada fikirlərimi ifadə edirdim.

Müsahibə mərhələsinin komissiya üzvlərindən çox şey aslıdır. Bu il müddətli müqavilələrin daimiləşməsində 9 təhsil şöbəsinin müdiri iştirak edirdi. Onu da bildirim ki, bir nəfər də müəllim iştirak etmirdi.  İştirak edənlər təhsil şöbəsinin müdirləri, direktorları idi. Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən işçilər, Təhsil Nazirliyinin nümayəndəsi də müsahibə mərhələsində iştirak etmişdi. Təhsil şöbəsinin direktorları hansı kateqoriyaya görə seçildiyini bilmirəm. Amma fikrincə yanlış seçim olub. Çünki müəllimlər oradakı bəzi komissiya üzvlərinin yanında özlərini heç vaxt sərbəst apara bilməzlər. Həmçinin, bəzi komissiya üzvlərinin aurası insanı sıxır. Beləliklə, həyəcanlı müəllimlər üçün müsbət nəticə olmur. Onu da bildirim  ki, normalda proqram olmalıdır ki, haqsızlıq olduğu zaman müəllimlər sübut edə bilsin. Müsahibə mərhələsində iştirak edən komisiyya üzvlərinə tövsiyə edirəm ki, özlərini qarşıdakı şəxsin yerinə qoysunlar. “Ütülənmiş” suallardan əl çəksinlər. Məsələn, ekspertlər heyəti “niyə müəllim işləmək istəyirsiniz?” kimi suallar verirlər.  Axı bu nə sualdır?! Müsahibə mərhələsində iştirak edənin ixtisası müəllimlik olduğu üçün müəllim də işləmək istəyir. Təbii ki, müəllim namizədlərin də cavabları şablon olur”.

Elşən Ramizoğlu müsahibə mərhələsində iştirak edəcək müəllim namizədlərinə tövsiyələrini də bildirib:

“Müsahibə mərhələsində iştirak edəcək müəllim namizədlərinə tövsiyəm odur ki, qətiyyən həyəcanlanmasınlar. Unutmasınlar ki, namizədlərin əksəriyyəti müsahibədə iştirak edən komissiya üzvlərindən daha çox biliyə malikdirlər.Həmçinin müəllim namizədləri komissiya üzvlərinə heç vaxt sərt hərəkət etməsinlər. Çünki bəzi üzvləri təcrübəlidir. Müəllim namizədlərinə tövsiyəm budur ki, ilk  növbədə qarşısındakı şəxsi kəşf etməyə çalışsınlar. Həmçinin, ciddi komissiya üzvünə çox gülümsəməsinlər. Onu da bildirim ki, müsahibə mərəhələsindən uğurla keçmək istəyən müəllim namizədləri özlərinə güvənməlidirlər. Müsahibəyə gedən müəllim namizədləri geyimlərinə də diqqət verməlidirlər. Onu da qeyd edim ki, kostyum geymək də şərt deyil. Müsahibə mərhələsindən namizədlərin bilmədikləri sual olduğu zaman qətiyyən həyəcanlanmasınlar. Ümumiyyətlə, ekspert heyəti tərəfindən verilən sualı biraz cavablamağa çalışsınlar.  Əgər qarşıdakı şəxs humanist insandırsa, namizədlərin fikrini ifadə etməyə şərait yaradacaq. 

Müəllim namizədlərinə tövsiyəm budur ki, səbrli olmağa çalışsınlar. Çünki ekspertlər namizədlərə haqlı olaraq “səbr edə bilmirsinizsə şagird qarşısında nə edəcəksiniz?”ifadələrini işlədə bilərlər. Bəzən komissiya üzvləri sual verir ki, “şagird sizə sevgi etirafı etsə nə edərsiniz?” Maraqlıdır, axı bu sualla nəyi yoxlamaq istəyirlər?! Reallıqdan danışsaq bu sualla müəllimin psixologiyası yoxlanılır. O zaman müəllim də direktora sual versin ki, “müəllim sizə sevgi etirafı etsə nə edərsiniz?””

 İbtidai sinif müəllimi Aysel Alıcanova isə bildirib ki, müsahibə mərhələsində iştirak edəcək müəllim namizədləri qətiyyən həyəcanlanmasınlar:

“Hər il MİQ müsabiqəsinin test mərhələsindən sonra müsahibə mərhələsi başlayır. Müəllim namizədləri isə müsahibə mərhələsini həyəcanla gözləyib, stress keçirirlər. Mən də MİQ müsabiqəsinin müsahibə mərhələsində iştirak etmişəm.  Həmçinin həyəcan keçirib, xətalara da yol vermişəm. Müsahibə mərhələsində  özümü təqdim edəndə çaşıb, səhv etmişdim. Lakin özümü ələ alıb, müəllimlik xəyalımı göz önümə gətirdim. Ekspertlər heyəti tərəfindən verilən suallara diqqətlə qulaq asıb, cavab verməyə çalışdım. Müsahibə mərhələsində verilən sualların içərisində ən maraqlısı "İnklüziv təhsil nədir?" idi. Həmin suala doğru cavab vermişdim.  

Müəllim namizədlərə məsləhətim odur ki, qətiyyən həyəcanlı olmasınlar. Müsahibə mərhələsində özlərini müəllim kimi təsəvvür etsinlər. Həmçinin müsahibə mərhələsinə getdikləri zaman müəllim kimi səliqəli, nümunəvi geyimdə olsunlar. Özlərini təqdim edəndə "Müəllim"sözünü istifadə etsinlər. O zaman müəllimlər həmkar olduğunuzu, gələcəyin uğurlu müəllimi qarşılarında əyləşdiyini başa düşəcəklər. Onu da bildirim ki, müəllim namizədləri danışıqlarında ləhcədən istifadə etməsinlər.

Bütün müəllim olmaq istəyən müdavimlərə isə  uğurlar arzu edirəm”.

Digər kimya müəllimi Fəzilə Mahmudova vurğulayıb ki, müsahibə mərhələsinə getdiyi zaman idman tərzində paltar olan  geyinmişdim:

“MİQ müsabiqəsində ilk dəfə 2015-ci ildə iştirak etmişəm. Müsahibə mərhələsinə getdiyim zaman idman tərzində paltar geyinmişdim. Onu da bildirim ki, müsabiqə keçirilən binaya girməmiş eşidirdim ki, ekspertlər müəllimə yaraşmayan tərzdə geyinənləri kəsəcəklər. Amma yenə də ümidimi üzmədim. Müsahibə zalına daxil olub, çəkinə-çəkinə ekspertlər heyətinə yaxınlaşdım. Ekspertlər heyətində bir xanım iki kişi müəllim əyləşmişdi.Mənə dedilər ki, gətirdiklərini təqdim et… Mən də qırmızı diplomumu ekspertlər heyətinə təqdim etdim. Daha sonra xanım ekspert mənə “Asudə vaxtlarında hansı işlərlə məşğul olursan?”  soruşdu. Mən  də  rəsm çəkməyi sevdiyimi dedim. Həmçinin, “Şamaxının ucqar kəndində qazı, suyu olmayan bir yerdə gedib necə qalacaqsan?”- deyə ekspertlər heyəti sual verdilər. Həmin vaxtlarda isə Şamaxının Qonaqkənd tam orta məktəbə qəbul olmuşdum. Mən də cavab verdim ki, müəllim olmaq üçün bir yerdən başlamalıyıq.

Fəzilə Mahmudova bildirib ki, onun idman tərzində olan geyimi ekspertlər heyəti tərəfindən səmimiyyətlə qəbul olunub:

“İmtahan zalını tərk edəndə hamı müsahibə mərhələsiylə bağlı təəssüratlarımı soruşurdu. Mən də hər şeyi olduğu kimi danışdım. Ümumiyyətlə müsahibə mərhələsinin cavabları çıxanaqədər ətraf insanlardan nadir hallarda xoş sözlər eşidirdim. Çünki hamı deyirdi ki, bu qədər səmimi olmamalı idin. Müsahibə mərhələsinin cavabları çıxanda isə çox sevinmişdim. Deməli idman təzində olan geyimim ekspertlər heyəti tərəfindən səmimiyyətlə qəbul olunmuşdu.

 2015-2018-ci illərdə Şamaxı rayon Qonaqkənd tam orta məktəbində müəllim işlədim. Amma hazırda  həmin rayona qaz da çəkiblər. 2018-ci ildə Şamaxı rayonu Həmyəli kənd orta məktəbinə yerdəyişmə etdim.

Hazırda müəllim namizədləri nədənsə özlərinə güvənmirlər.  Onu da bildirim ki, qorxu, həyəcan hissi normaldır. Amma özgüvənsizlik yaxşı deyil. Ümumiyyətlə “müəllim hər şeyi bilməlidir” düşüncəsi bizim cəmiyyətimizdə var. Onu da bildirim ki, müəllim robot deyil ki hər şeyi bilsin… Müəllimlərin də bilmədikləri çox şey var. Müəllim namizədlərinə tövsiyə edirəm ki, səmimi olsunlar. Ümumiyyətlə, “müəllim ciddi olmalıdır”, “müəllim şagirdi baxışı ilə qorxutmalıdır”, “müəllim bütün suallara doğru cavab verməlidir” kimi qayda yoxdur”.

 Riyaziyyat və informatika müəllimi Aysel Səfərzadə MİQ müsabiqəsində ilk dəfə 2017-ci ildə iştirak etdiyini bildirib:

“MİQ müsabiqənin test mərhələsindən narazı qalmadım. Ümumiyyətlə, müsabiqənin müsahibə mərhələsi qənaətbəxş idi. Ancaq başqa yoldaşlarım müsahibə mərhələsindən narazı idi. Bəzi yoldaşlarım müsahibənin vaxtının çox uzun olmasından, ixtisasa və dünyagörüşə aid olmayan sualların verilməsindən şikayətlənirdilər. Həmçinin, bəzi müəllim namizədlərin hicablı xanımları müsahibə mərhələsindən “kəsirlər” kimi fikirlər mövcud idi. Bu kimi fikirlər də müsahibə öncəsi müəllim namizədlərində stress, qorxu hissi oyadırdı. Ən əsası isə icmal mövzuları verildiyi, tələb olunacaq deyildiyi halda müsahibə zamanı tam əksi ilə qarşılaşdım. Onu da bildirim ki, o zaman üçün ən böyük problem icmalların ənənəvi yoxsa kurikulum üsuluna uyğun hazırlanacağı ilə bağlı idi. Bununla bağlı doğru məlumat əldə edə bilmədiyim üçün X-XI siniflər üzrə icmalları hər iki üsulla hazırlamışdım.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçmək üçün yaxşı hazırlaşmaq lazımdır. Müəllim namizədlərə tövsiyəm odur ki, Azərbaycanla bağlı müəyyən qədər daha ətraflı məlumat toplayıb, biliklərini möhkəmləndirsinlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları