Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 11:11:00
Çində təhsil alan nanoenerji mütəxəssisi Cəmil: “Burada adicə çörək də tapa bilmirdim”-MÜSAHİBƏ

 

“Azərbaycanla müqayisədə Çin universitetlərində tədqiqat aparan professor və müəllim heyəti sırf yüksək nailiyyətlər əldə etmək üçün çalışırlar”.

Bu sözləri AzEdu.az-a müsahibəsində Cəmil Ağasıyev deyir. Yəqin ki, ağlınızda ilk yaranan sual bu oldu: “Kimdir, Cəmil Ağasıyev”. Cavabı əslində sadədir: Xaricdə təhsil alan yüzlərlə azərbaycanlı tələbədən biri...

Amma məsələnin mürəkkəb tərəfi də var axı! –Cəmilin keçdiyi təhsil yolu, xaricdə təhsilin spesifikası və çətinlikləri... Bundan isə özü danışacaq. Əvvəlcə, bəlkə, Cəmili daha yaxından tanıyaq?

Öz dilindən təqdimatı: Mən, Cəmil Ağasıyev 1996-cı ildə Quba rayonunun Püstəqasım kəndində anadan olmuşam. 2014-cü ildə orta məktəbi bitirib,  Bakı Dövlət Universitetinin  Kimya fakültəsinə qəbul olmuşam.

Həmçinin, Təhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarının sınaqlarından uğurla keçmişəm. 2015-ci ildə isə həmin xüsusi seçilmiş qruplarda təhsil almaq şansını qazandım. Diplom müdafiəsi zamanı fakültə üzrə ən yüksək nəticə göstərmişəm.

Ölkəmizdə nanotexnologiya inkişafının  ilkin mərhələsini yaşamasına  baxmayaraq tədqiqat sahəmi məhz bu istiqamətdə seçmişdim. Bu tədqiqat nəticələrim isə diplom dissertasiyasında olan nümayəndələr tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda apardığım tədqiqat Almaniyanın Rostok Universiteti tərəfindən keçirilən beynəlxalq konfransda səsləndirilib və eyni adlı jurnalda çap olunub.

2018-ci ildə məzun olduqdan sonra Çin tərəfindən təqdim olunan təqaüdü qazandım. Hazırda isə Çinin Elm və Texnologiya Universitetində nanoenerji materialları ixtisasları üzrə magistr səviyyəsində təhsil alıram.

 Cəmili Çinə aparan təhsil yolu…

 -Kimya ixtisası üzrə ən yüksək təhsili verən, tədqiqatlarda yüksək nəticələr əldə edən ölkələr ABŞ, Çin və Yaponiyadır.  Lakin bu ölkələr arasında Çin digərləri ilə müqayisədə təhsil almağım üçün daha sərfəli təkliflər  edirdi. Həmçinin, Çin dili və mədəniyyətinə olan marağım bu ölkəni seçməyimə səbəb oldu.

 “Kimya həyatın təməlidir"

Cəmil deyir ki, ziyalı ailəsində doğulması və bu mühitdə böyüyüb-formalaşması onun kimya elminə olan marağına təkan verib:

-Ziyalı ailəsində doğulmağım mənə elmə, kitablara olan marağıma təkan verib. Həmçinin, uşaqlıqdan  təbiətlə maraqlanmağa başlamışam. Valideynlərim məni çox sual verən biri kimi bildirirdilər. Məsələn, “Ay, göydə necə dayanıb?” kimi suallar verdiyimi xatırlayıram. Bu  kimi suallarımı ətraflı formada cavablandıran isə babam olub. O, BDU-nu filologiya ixtisası üzrə bitirib. 

Orta məktəbdə oxuduğum zamanlarda kimya müəlliminin verdiyim suallarımı cavablandırması bu fənni mənə daha da çox sevdirdi.

Ümumiyyətlə, kimya həyatın təməlidir. Bu istiqamətdə olan marağım dini inanclarımı da sorğulamağa səbəb olub. 

“Neft sahəsinə aid ixtisaslar üzrə Avropa ölkələri ilə müqayisədə Azərbaycanda təhsil almaq daha yaxşıdır”

 Cəmilin sözlərinə görə, nanotexnologiya ixtisası üzrə xarici universitetlərdə təhsil almaq daha əhəmiyyətlidir. Səbəbini isə təbii ki, özü daha yaxşı bilir.

Təkcə buna yox, “Azərbaycan və Çin təhsil sistemində hansı fərqləri müşahidə etdin?” sualına da maraqlı cavabı var? Dinləyək? –Getdik!

-Kimya texnologiyası,  nanotexnologiya ixtisası ölkəmizdə yenidir. Elə buna görə də, bu sahənin inkişafı üçün doğru seçilmiş xarici universitetlərdə təhsil almaq vacibdir.

Çin universitetlərində tədqiqat aparan professor və müəllim heyəti sırf yüksək nailiyyətlər  üçün çalışırlar  ki, bu da oradakı tələbələrə də aşılanır. Ümumiyyətlə, Çin müəllim və tələbə heyətinin bizimkilərdən fərqli olaraq yüksək nəticə əldə etməkdən başqa məqsədi yoxdur. Çin universitetlərində təhsil nəzəriyyədən daha çox praktikaya fokuslanır.

Azərbaycan universitetlərində bakalavr dərəcəsində təhsil alan tələbələrlə magistr səviyyəsində oxuyanların arasında fərq çox olmur. Çünki istər bakalavriatura, istərsə də magistratura səviyyəsində oxuyan tələbələr nəzəri olaraq təhsil alır və praktiki sahə çox səthi keçirilir”.

 Maraqlıdır bəs onun təklifləri nələrdir?

-İlk növbədə, tənbəlliyi aradan qaldırmalıyıq. Çünki tənbəlliyi aradan qaldırsaq, bir çox problemlərimiz həll olar. Məsələn, universitetdə oxuduğum müddətdə tələbələrin əksəriyyəti yeni semestr başlamamış müəllimə rüşvət vermək üçün pul yığırdılar. Yəni, tələbələr özlərinə əziyyət verib dərs oxumur.   Tənbəlliyin əsasında isə milli-mənəvi dəyərlərin yüksək tutulmamasıdır”.

 Qərib ölkədə “çörək həsrəti”…

-Çinə gəldiyim ilk vaxtlar mənim üçün çox çətin idi. Hətta ölkədən nifrət etmə həddinə də çatmışdım. Çünki burada hər şey bizdən çox fərqli idi. Həmçinin,  yerli dili bilməməyim də mənə problem yaradırdı. Hər şey elektron olduğu üçün alış-veriş, ödəmələr də çətin idi. Çində olduğum müddətdə çörək tapa da bilmirdim. Daha sonra çörəyi düyü ilə əvəzlədim. Çinlilərin ən çox içdikləri də isti sudur.

Beynəlxalq aləmdə tələbələrimiz ölkəmizi təmsil etməkdə və milli mənəvi dəyərlərimizi əks etdirməkdə digər ölkələrlə müqayisədə çox yüksək səviyyədədir”.

Cəmil xaricdə təqaüdlə təhsil imkanı qazanmağın sirlərini də bizimlə bölüşüb:

 -Çin universitetlərində təqaüdlə təhsil almaq heç də asan deyil. İlk növbədə,  ora çox gözəl tədqiqat planı göstərməlisiniz. Yəni onları inandırmalısınız ki, innovativ yenilik etmək istəyirsiniz,  amma burada olan şərait buna imkan vermir. 

Həmçinin, tələbələrin bakalavr səviyyəsində oxuduqları müddətdə akademik göstəriciləri, dil bilikləri, sertifikatları təqaüd qazanmaq şanslarını artırır. Ümumiyyətlə, daha yaradıcı və yenilikçi düşünən şəxslərin təqaüd qazanma şansları yüksəkdir”.

“Çinlilər Azərbaycanı varlı ölkə kimi  tanıyırlar”

“Çinlilərin əksəriyyəti  Azərbaycanı tanımır. Azərbaycanı tanıyanlar da bizi neft ölkəsi olaraq bilir, varlı ölkə kimi tanıyırlar”.

Cəmil Çin təhsil sisteminin bəyənib-bəyənmədiyi cəhətlərini də vurğulayır:

“Çin universitetlərində demək olar ki, imtahan olmur. Yəni əsasən raportlar veririk. Həmçinin tələbələrin universitetdə təhsil aldıqları müddətdə çoxlu praktika etmə şansları olur. Çində universiteti bitirməyən tələbələrin də iş imkanları olur. Onu da bildirim ki, Çin universitetindəki professor müəllim heyəti feodal sistemdəki kimi deyil. Çin universitetlərində professor, müəllim heyəti tələbələrə çox dəstək olurlar.  Ölkənin bəyənmədiyim cəhəti isə tələbələrin soyuq münasibətidir”.

“Çində olduğum müddətdə ən çox dolma üçün darıxıram”

Cəmil Çində təhsil almaq istəyənlər üçün yaşayış xərclərinə də aydınlıq gətirib:

“Azərbaycanla müqayisədə Çində yaşayış xərcləri çoxdur. Çində tək otaqlı evin aylıq kirayə qiyməti bizim məzənnə ilə təxminən, 250 AZN civarındadır. Ümumiyyətlə, Çində aylıq yaşayış xərci  500AZN civarında olur.  Burada qeyri-qanuni , yarım iş günü çalışan tələbələr öz ixtisası üzrə işlədikdə 600-700 AZN maaş alırlar.  Müqayisə üçün deyim  ki, Çində yol təmizlikçiləri bizim pulla təxminən, 800-1000 AZN maaş ala bilirlər. Kimya ixtisası üzrə dərs deyən müəllimlər isə başlanğıc maaşı 5000 AZN-dir.

Açıq etiraf edim ki, Çində olduğum müddətdə ən çox dolma, çörək, süd məhsulları, ailəm və dostlarım üçün darıxıram”.

“Çində kişilərlə müqayisədə qadınların sözü keçərlidir”

Maraqlıdır, Çində təhsil almaq Cəmildə nələri dəyişdi?  

“Çin məndə səbrli olmağı və çətin mühitdə iradəli davranıb, geri çəkilməməyi öyrətdi. Onu da bildirim ki, Çinin yaşlı insanları da çox aktiv həyat tərzinə malikdirlər.  Burada hər axşam bütün nənə və babalar parkda yığışıb, rəqs edirlər. Amma cavanlar ancaq telefonla məşğuldurlar. Hətta sevgililər görüşəndə belə telefonları ilə məşğul olurlar. Onu da bildirim ki, Çində kişilərlə müqayisədə qadınların sözü keçərlidir. Buradakı insanlar çox sərbəstdirlər və onlarla rahatlıqla münasibət qurmaq mümkündür”.

 Sağollaşmaq üçün sonluq...

Sonda isə Cəmil xaricdə təhsil almaq istəyənlərə tövsiyələrini bildirib:

-Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm budur ki, mütləq beynəlxalq təcrübə qazansınlar. Ümumiyyətlə, xaricdə təhsil almaq istəyənlər heç bir şeydən çəkinməsinlər.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları