Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 13:55:00
Texniki qüsur aşkarlanan suallara görə namizədlərə bal artımı tətbiq ediləcək - RƏSMİ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları zamanı suallarda aşkarlanan texniki qüsurlarla əlaqədar namizədlərə bal artımı tətbiq ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, 2019/2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim edilən 29 test tapşırığında texniki səhv aşkarlanıb.

İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balının hesablanmasında nəzərə alınacaq.

Məlumata əsasən, bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və həmin qüsurlar izah ediləcək.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test suallarının yoxlanması zamanı ekspertlər tərəfindən Azərbaycan bölməsində 20, Rus bölməsində isə 9 sualda texniki qüsur müəyyən edilib.

İmtahanlar zamanı 19 ixtisas fənni, habelə, metodika və məntiq üzrə ümumilikdə 5.340 sayda test tapşırığından istifadə edilib. Testlərdə aşkarlanan qüsurlar ümumi təqdim olunan tapşırıqların 0.54 faizini təşkil edir.

Ekspert qrupunun verdiyi rəyə əsasən, texniki qüsurlar dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın bir imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər hallar (8 sual) nəzərdə tutulur. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test imtahanı mərhələsinin yekun nəticələri bu gün namizədlərin şəxsi səhifəsinə göndəriləcək.