Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 11:58:06
“Bu xarici universitetlərin diplomu Azərbaycanda  tanınmayacaq” – Ekspertdən vacib tövsiyələr  

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da xaricdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir.

Bəs xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman gənclərimiz nələrə diqqət etməlidirlər?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə mütəxəssislərin fikrini öyrənib

“Son 20 ildə yaranan xarici universitetlərin diplomu Azərbaycanda  tanınmayacaq”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Ayan Əliyeva deyib:

Ayan Əliyeva bildirib ki, xarici ölkələrdə  təhsil almaq istəyən gənclərimiz ilk növbədə Azərbaycanla olan  münasibətlərə fikir verməlidirlər:

“Maliyyə problemi olmayan şəxslər xarici ölkələrin reytinqli universitetlərində təhsil almaq istəyirlər. Beynəlxalq imtahan nəticəsi olan tələbələr isə TOP universitetlərdə təhsil almağı hədəfləyirlər. Amma xaricdə təhsil almaq istəyən hər kəs bilməlidir ki, ABŞ, Kanada, Avropa ölkələrində  universitetlər eyni lisenziya ilə işləyirlər. Ümumiyyətlə, millətimiz universitet seçimində də şöhrətpərəstdilər. Elə buna görə də daha çox TOP universitetlərdə təhsil almağa can atırlar.

Hazırda iyul ayında bir çox universitetlərin qeydiyyat tarixi keçmiş olur. Ona görə də təhsil almaq üçün əvvəlcədən  müraciət etmək lazımdır”.

Ayan Əliyeva vurğulayıb ki, xarici universitetlərdən diplom alınan zaman ölkədən çıxmamış bütün sənədləri apostil etmək lazımdır:

“Gənclərimiz təhsil aldıqları ölkənin daha çox sakit və təhlükəsizliyinə fikir verirlər. Onu da bildirim ki, tələbələrimizin xaricdə təhsilinə çox da maliyyə ayrılmır. Ümumiyyətlə, gənclərimiz xaricdə təhsil üçün daha çox büdcəli variantlar axtarırlar. Büdcəli variantlar isə hazırda Belarus, Kipr, Polşa universitetlərindədir. Həmin ölkələrin universitetlərində verilən təhsil isə heç də  İngiltərə, Kanadadan geri qalmır. Amma Belarus, Kipr, Polşa universitetlərində təhsil haqqı ucuzdur.

Xarici ölkələrdə  təhsil almaq istəyən gənclərimiz ilk növbədə Azərbaycanla olan  münasibətlərə fikir verməlidirlər. Çünki diplomların tanınması üçün iki dövlət arasında münasibətlər yaxşı olmalıdır. Çox güman ki, son 20 ildə  yeni yaranan xarici universitetlərdən alınan diplom Azərbaycanda  tanınmayacaq. Amma tutaq ki, yüz il bundan əvvəl yaranan dövlət və özəl universitetlərin diplomu Azərbaycanda tanınır.  Sadəcə olaraq düzgün prosedurlardan keçmək lazımdır. Xarici universitetlərdən diplom alınan zaman ölkədən çıxmamış bütün sənədləri apostil etmək lazımdır. Daha sonra apostil sənədlər vasitəsilə diplomu Azərbaycanda tanıtdırmaq lazımdır”.

Xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev bildirib ki, xaricdə təhsil almağı hədəfləyənlər ilk növbədə seçdikləri universitetin öz ölkəsi tərəfindən tanındığına əmin olmalıdırlar:

“Beynəlxalq təcrübədə universitetlərin sertifikatlaşması müddəti limitsiz olmur. Universitet fəaliyyət göstərdiyi dövlətin müəyyən qurumları tərəfindən daim təftiş edilir. Bu təftişin sonunda həmin ölkənin müəyyən qurumları xarici universitetin akkreditasiyasını təmin edir. Xaricdə təhsil almağı hədəfləyənlər ilk növbədə universitetin öz ölkəsi tərəfindən tanındığına əmin olmalıdırlar. Daha sonra isə xarici universitetin beynəlxalq arenadakı səviyyəsində baxmaq lazımdır.

Həmçinin universitetlərin təklif olunan təhsil paketinin ölkəmizin qanunverciliyinə uyğun olmasını da araşdırmaq vacibdir. Bu barədə Azərbaycanda olan dövlət qurumları vətəndaşlara istənilən zaman yetərli səviyyədə informasiya verir.

Onu da bildirim ki, xarici universitetin maddi texniki bazası, infrastrukturu və müəllim heyətini də araşdırmaq zəruridir”.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası ərazisində distant və ya eksternat təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından bu tip təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları