Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 17:38:00
Son imtahan gününün qəhrəmanları – 60 bal toplayan MİQ rekordçuları

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsi başa çatır.

AzEdu.az xəbər verir ki, iyulun 24-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 namizəd ən yüksək nəticə əldə edib.

Azərbaycan Dillər Universitetinin məzunu Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova 60 bal toplayıb

Xatırladaq ki, iyulun 8-dən etibarən keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova kimya fənni üzrə maksimum nəticə göstərərək 60 bal toplayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları