Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 15:15:00
“Tələbə tanıdır” –“Axtardığım hər şeyi bu ölkədə  tapdım” -FOTO

“Macarlar əcnəbi tələbələri öz ölkələrində sevmirlər”

Bunu AzEdu.az-a müsahibəsində Macarıstanda oxuyan gənc  soydaşımız Cəfərsadiq Hüseynov deyir.

 Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Macarıstanın Budapeşt Biznes Məktəbinin məzunu Cəfərsadiq Hüseynov universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Cəfərsadiq Hüseynov Budapeşt Biznes Məktəbində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb.

 Macarıstanın Budapeşt Biznes Məktəbi dünyanın ən qədim ikinci biznes məktəbidir. Universitet Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşir. Budapeşt Biznes Məktəbinin əsası 1857-ci ildə tacirlər və Avstriya-Macarıstan bankçıları tərəfindən qoyulub.   

Yaxşısı budur, universitet haqqında Cəfərsadiq özü bizə məlumat versin:

Universitetlərin reytinq sıralamasında Budapeşt Biznes Məktəbi ilk yerlərdədir-deyən Cəfəsadiq bəh-bəhlə bu barədə danışır:

“Budapest Business School” Macarıstanın dövlət universitetidir. Universitet biznes və iqtisadiyyat sahələri üzrə həm Macarıstan həm də Avropanın aparıcı ali təhsil müəssisələrindən biridir. Azərbaycanla müqayisədə Macarıstandakı universitet mühiti fərqlidir.  Çünki Macarıstan universitetlərində tələbələr sərbəst qrafiklə dərs seçimi edir.

Budapeşt Biznes Məktəbində təqaüd proqramı çərçivəsində təhsil almamışam. Amma Macarıstanda təqaüdlə təhsil almaq istəyən əcnəbi tələbələrə macar hökuməti ideal proqram hazırlayıb. Həmin təqaüd proqramı vasitəsilə minlərlə əcnəbi tələbələr Macarıstan universitetlərində təhsil alırlar. Macarıstan hökuməti tərəfindən əcnəbi tələbələrə verilən təqaüd proqramı isə tamdır.  Macarıstan universitetlərində bakalavr səviyyəsi üzrə təhsil haqqı 2500 avrodur. Amma magistratura səviyyəsi üzrə təhsil haqqı isə 2800 avro təşkil edir.

Budapeşt Biznes Məktəbinin zəngin kitabxanası var. Təhsil alan hər bir tələbə kitabxanadan yararlana bilir. Budapeşt Biznes Məktəbində tələbələrə dərs vəsaiti onlayn formada verilir.  Elə buna görə də kitabxanaya yalnız əlavə vəsaitə ehtiyac olduğu zaman müraciət edirik. Ali təhsil müəssisəsində oxuduğum müddətdə istədiyim hər bir kitabı əldə etmişəm. Universitetin yataqxanalarında isə tələbələr üçün hər bir şərait yaradılıb”.

Budapeşt Biznes Məktəbinə qəbul olmaq üçün lazım olan sənədlər

“Budapeşt Biznes Məktəbinin bakalavr səviyyəsinə qəbul olmaq üçün motivasiya məktubu, dil sertifikatı, attestat göstəricisi lazımdır.

Avropa ölkələrində universitetlər ixtisaslaşmış formada fəaliyyət göstərir. Budapeşt Biznes Məktəbi isə biznes sahəsi üzrə əcnəbi tələbələri cəlb edir. Bu universitetdə  demək olar ki, dünyanın bütün ölkələrindən olan tələbələrinə rast gəlmək mümkündür. Onu da bildirim ki, macarlar əcnəbi tələbələri öz ölkələrində sevmirlər. Lakin buna baxmayaraq Budapeşt Biznes Məktəbində tələbələr arasında heç bir ayrı-seçkilik yaranmır.  Budapeşt Biznes Məktəbində təhsil alan tələbələrə  dərs prosesi müddətində heç bir güzəşt edilmir”.

Cəfərsadiq bildirib ki, Macarıstanda tələbələrə həftədə 20 saat iş izni verilir. Amma tələbələrə verilən maaş onları qane etmir:

“Macarıstanda təhsil alan tələbənin minimum aylıq xərci 300 avro civarındadır.

 Budapeşt Biznes Məktəbində təhsil almağımın səbəblərindən biri də buranın qədim şəhər olmağıdır.  Universitet binaları köhnə olsa da, Budapeşt Biznes Məktəbinin şəraiti  çox müasirdir.  

Budapeşt Biznes Məktəbində tələbələrə həftədə 20 saat iş izni verilir. Amma təəssüf ki, Macarıstanda işləyən tələbələrə verilən maaş heç də ürəkaçıcı deyil.  Macarıstanda təhsil alan hər bir tələbə universiteti bitirdikdən sonra asanlıqla iş tapa bilər.

Son olaraq onu bildirim ki, axtardığım və xəyal etdiyim hər şeyi Macarıstanda tapdım”.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları