Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 11:04:00
9 olimpiada mükafatçısı: ”İstənilən universitetə imtahansız qəbul oluna bilərəm”

 

“5-i beynəlxalq, 4-ü respublika səviyyəsində olmaqla, 9 medal sahibiyəm”

1-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medalın sahibi Anar Rzayevə aiddir.

1-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Xəzər Universitetinin nəzdində Dünya məktəbinin XI sinif şagirdi Anar Rzayev bundan əvvəl də bir neçə dəfə olimpiadalarda iştirak edib:

“Xəzər Universiteti nəzdində “Dünya” məktəbinin XI sinif şagirdiyəm. Keçmiş “İstək” liseyinin olimpiada komandasında iştirak edirdim. VII sinifdən ciddi şəkildə olimpiadalara hazırlaşıram. Beynəlxalq Riyaziyyat olimpiadasında artıq II iştirakımdır. İlk dəfə IX sinifdə oxuyarkən 60-cı Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edərək bürünc medalın sahibi oldum.

Budəfəki olimpiada şəffaf və obyektiv keçirildi.  Suallar da Azərbaycan komandası üçün münasib idi. Bu yarışdan 3 bürünc medal qazandıq. Gümüş medalı çox az balla əldən versək də olduqca yüksək nəticə qazandığımızı düşünürəm. Uğurlarımızın gələcəkdə də bol olacağına  inanıram.

Olimpiadaya hazırlığa başladığım gündən bu yana bir çox yerli və beynəlxalq olimpiadalarda iştirak etmişəm.  2017-ci ildə respublika miqyaslı olimpiadada 4 dəfə iştirak etdim: 2 gümüş, bir bürünc və bir qızıl medala sahibləndim.

2017-ci ildə Braziliyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc, Moskvada Beynəlxalq Megapolis Olimpiadasında bürünc, 2018-ci ildə Serbiyada Balkan Riyaziyyat Olimpiadasında bürünc medal,  2018-ci ildə Rumıniyada keçirilən 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadasında  IV yerə görə həvəsləndirici mükafat, 2019-cu ildə Moldovada keçirilən 36-cı Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, İngiltərədə keçirilən 60-cı Beynəlxalq Riyaziyyat olimpiadasında isə bürünc medal qazanmışam. Ümumilikdə 5-i beynəlxalq, 4-ü respublika səviyyəsində olmaqla 9 medal sahibiyəm”.

Bu gün  uşaqların əksəriyyəti qızıl medalı universitetə imtahansız qəbul üçün istəyirlər”

Anar açıqlaması zamanı olimpiadaya hazırlıq üsullarından da danışıb:

“Məncə, olimpiada hazırlığına erkən yaşdan başlamaq lazımdır. Bu işdə əsas faktorlardan biri də həvəslə yanaşmaqdır. Əks halda heç nə əldə etmək mümkün deyil. Olimpiada hazırlığına intizamla yanaşmaq əsas şərtlərdəndir. Gündəlik 10-12 saat çalışmaq lazımdır ki, istədiyin nəticəni əldə edə biləsən.

Bu gün  uşaqların əksəriyyəti qızıl medal almağı universitetə qəbul üçün istəyirlər. Bu, tamamilə yanlı yanaşmadır Çünki medalın köməyi yalnız universitetə qəbulla kifayətlənmir. Ona gələcək həyatında, karyerasına təsir göstərir. Bu gün tələbələrə diqqət yetirsək, olimpiadaçıların daha uğurlu olduqlarını, imtahanları asanlıqla verdiklərini görərik. Bütün bunlar olimpiada hazırlığının yaratdığı məsuliyyətin nəticəsidir”.

“Beynəlxalq olimpiadalarda qazandığım medallarım mənə Azərbaycanın istənilən universitetinə qəbul imkanı yaradır”.

Anar Rzayev sonda gələcəklə bağlı planlarından söz açdı:

“Buraxılış imtahanında iştirak etsəm də, qəbul imtahanına qatılmadım. Buna ehtiyac da yox idi. Beynəlxalq olimpiadalarda qazandığım medallarım mənə Azərbaycanın istənilən universitetinə qəbul imkanı yaradır. Kompüter elmləri və riyaziyyat ixtisası üzrə oxumaq istəyirdim.  Məncə, bu  sahədə ən yaxşı təhsil də məhz Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda tədris edilir. Olimpiadaçılara maksimum burs imkanı da bu universiteti seçməyimdə mühüm rol oynadı. Artıq Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna qəbul olmuşam.

Təhsilimi bitirdikdən sona, ölkəmizdə ixtisasımla bağlı iş imkanları, layihələr yaranarsa, qayıdıb çalışmaq istərdim”. 

Rəna NƏBİ