Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 10:25:48
MİQ müsabiqəsinin riyaziyyat rekordçusu: “Suallar mənim üçün adi bir şey idi”  

İyulun 20-də riyaziyyat müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Famil Ağayev 59 bal toplayıb.

O, 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin bakalavriat, 2010-2012- magistratura səviyyəsini bitirib.

2009-cu ildən riyaziyyat və məntiq müəllimi olaraq ölkənin müxtəlif kurslarında işləyib. Hazırda isə Kaspi Təhsil Şirkətinin Əhmədli filialında riyaziyyat və məntiq müəllimi kimi çalışır.

Müsahibimiz MİQ-də ilk dəfə iştirak etmir. Lakin kurikulum suallarını əvvəlki imtahanların heç birində cavablandırmadığı üçün maksimum nəticə əldə edə bilməyib:

Famil Ağayev həmçinin, dövlət işində çalışmaq niyyətinin olmadığını və ötən illərdə buna görə imtahana yaxşı hazırlaşmadığını deyib:

“İmtahana hazırlıq prosesi rahat idi. İxtisas sualları və məntiqin hamısını demək olar ki, cavablandıracağımı bilirdim. Lakin çətinlik kurikulumda idi. Amma zamanla anladım ki, işə qəbul olmaq üçün bu vacibdi.

Kurikulum çox gözəl sahədi. Onu araşdırdıqca məntiqinə vardım və məndə həvəs yarandı. Bir ay gecə-gündüz əziyyət çəkərək,  oxudum. Nəticə isə ürəkaçan oldu.

Müəllim nəaliyyət əldə edə bilmirsə, başqasında günah axtarmamalıdı. Uğursuzluğun birinci səbəbi elə özünüzsünüz. Ya həyəcanlı olmusuz, ya da diqqətinizi toplaya bilməmisiz.Ona görə də zəif nəticə əldə edən müəllim üzülmədən  öz üzərində çalışmalıdı”.

O, açıqlamasında imtahanın bilik, bacarıq və vərdiş tələb etdiyini deyib:

“Tək bilik yox, sualları cavablandırmaq üçün bacarıq da olmalıdı. Eyni tipli suallar hazırlıq prosesində dəfələrlə işlənildiyi üçün vərdiş halını almalıdı.

DİM-in məntiq üzrə ekspertiyəm. Məntiq sualları mənim üçün adi bir şey idi. Onu yazmama ehtimalım sıfır idi.

Müəllim özü hazırlaşa bilmirsə. o, başqasından kömək almalıdı. Əgər müəllimin vəsaiti varsa və hazırlaşa bilmirsə, bu bacarıqsızlıqdı.

Mən MİQ-ə müəllimlər hazırlayıram. Onların sırasında 51, 52 bal toplayanlar olub”.

Şükufə Süleymanlı