Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 14:21:28
Tələbə Sabir azəri Xuruşşovu təhqir etdi, dərsdən apardılar
AzEdu.az araşdırmaçı Aslan Kənanın məqaləsini təqdim edir:

1930-cu illərin insanlığa sığmayan repressiyasından uzun bir zaman keçməsinə baxmayaraq o illərin qorxusu həmin illərin şahidləri olmuş insanların qəlbindən hələ də çıxmayıb. Bolşeviklərin hakimiyyəti dövründə dövlətə qarşı narazılıqlar baş alıb getsə də, xalq etirazlarını açıq deməkdən ehtiyat edirdi. Çünki ölkədə anarxiya hökm sürürdü. Etiraz edənlər gizli yollarla məhv edilir və ya psixoloji yarlıqla dəlixanalarda çürüdülürdü. Bu illərdə Azərbaycanda bir neçə adda hakimiyyətə qarşı gizli təşkilatlar yaransa da, həmin təşkilatlar tez bir zamanda sakitcə yola salınmışdılar. Bu cür hadisələr vaxtaşırı baş verməsinə baxmayaraq dövlət rəhbərlərinə açıq etiraz bildirmək heç kimə müyəssər olmamışdı.
 
Uzun müddət Dövlət Təhlükəsizlik Xidmətinin arxivində araşdırma apardığım zaman ərzində 100 saylı qovluqda əks olunan materiallarda, rast gəldiyim istintaq işi nəinki Azərbaycanda, bəlkə də sovetlər məkanında yeganə hadisələrdən biri idi.
 


Həmin istintaq işi gənc yaşlarından rus şovinistlərinin və erməni daşnaklarının fətvası nəticəsində iki il həbsxana küncündə "həyat sürmüş” Azərbaycan Dövlət Universitetinin tələbəsi idi.
 
1950-ci ilin ortalarında ölkədə gedən haqsızlıqlara insanların etiraz səsinin ucaldığı səbəbdən, onlara qarşı edilən repressiyalar özündən əvvəlkilərin bir növ davamı idi. Bu etirazların "qığılcımı” ölkənin hər bir yerində hiss olunurdu. Rəhbərlik ciddi-cəhdlə bunların qarşısını almağa müvəffəq olsa da, ölkənin müxtəlif yerlərində gənclərdən ibarət gizli təşkilatlar və rejimə qarşı "üsyan” var idi. Son nəticədə isə satqınların təşəbbüsü nəticəsində həmin şəxslər ömürlərini dəmir barmaqlıqlar arasında keçirməli olurdular. Bu cür etirazlar çox zaman universitet auditoriyalarından gəlir və onların təşəbbüsü ilə müxtəlif adlardan ibarət gizli təşkilatlar yaranırdı...
 
3 sentyabr 1956-cı il. Universitetin həyətində böyük bir canlanma var. Yay tətilindən dönən tələbələr, uzun müddət üzünü görmədikləri qrup yoldaşlarını salamlayır, kənddə keçirdikləri günlərdən şirin söhbət açırdılar. Sentyabr ayının 1-i şənbə gününə düşdüyü üçün vaxtında dərsə gələ bilməyənlər yalnız bu gün özlərini dərsə çatdırmağa müvəffəq olublar.
 
Bugünkü gün həftənin bazar ertəsinə düşdüyü üçün o da bir çox tələbə yoldaşları kimi dərsə bir gün gec gəlmişdi. Artıq o, "stajlı” tələbələrdən sayılırdı. Zarafat deyil, o, bu ildən universitetin III kursunda təhsil alacaqdı.
 
O son vaxtlar nədənsə özünü çox qəribə aparır, insanlardan qaçır, onlarla söhbət etməkdən bir qədər uzaq olurdu. Bir tərəfdən də kənddə gördüyü yuxular onu sakit buraxmırdı. Fikrini dağıtmağa çalışsa da, heç cür sakitləşə bilmirdi. Kənddə onu bu vəziyyətdə görəndə qohum-əqrəba "yəqin şəhərdə qoyduğu gözaltısı üçün xiffət çəkir”, deyərək heç nə soruşmurdular. Lakin bu "xiffət” heç kəsin düşünə bilmədiyi bir sirr olaraq Sabirin qəlbini deşirdi.
 
Fikirlər içində o, müəllimin auditoriyada dediklərini dərk etmək istəsə də, buna heç cür nail ola bilmirdi. Qapının döyülmədən qəfildən açılması onu fikirdən ayırdı. Gələn tanımadıqları şəxs auditoriyaya daxil olub professorla qısa "söhbət” etdi. Bu "söhbətdən” sonra, professor həyəcanla üzünü ona tərəf tutub, həmin şəxslə getməsini xahiş etdi. Universitetin "xəfiyyə” otağına daxil olanda iki nəfər cüssəli şəxsin orada oturduqlarını görüb, nəzakətlə onlara salam verdi. Artıq həmin şəxs otağı tərk etmişdi. "Qonaqlar” özlərini hərbi komissarlığın işçisi kimi təqdim edərək, tələbəyə bir neçə sual verdilər. Məlum oldu ki, tələbə oxuduğu illər ərzində hərbi komissarlıqda qeydiyyatda durmamaqla qanunu pozub. Buna görə də onun hərbi komissarlıqda təcili qeydiyyata düşmək üçün onlarla getməyi məsləhət görürlər. Gənc tələbə onlara sonra gələcəyini söz versə də, "hərbi komissarlığın " işçiləri buna razılıq vermir, bir yerdə getməsini təkid edirlər.
 
Maşın "Dəniz qırağı”nın (el arasında Dövlət Təhlükəsizlik Nazirliyinə verilən ad) qarşısında dayananda gənc tələbəyə hər şey aydın oldu. O, özünü sakit aparmağa cəhd etsə də, bu vaxta qədər bərkə-boşa düşməyən bir gənc üçün burada sakit dayanmaq çətin idi.
 
Yadına o müdhiş gün-may ayının 14-də SSRİ Ali Sovetinin sədri Kliment Yefrimoviç Voroşilovun adına yazdığı şikayət məktubu düşdü. Bu məktub yazılandan bir müddət sonra o, hadisəni yaddan çıxarmış, yalnız "qonaqlarla” adı böyük bir ölkəni qorxuya salmış idarənin qarşısında dayanıb, məktubu xatırlayanda, hər şeyin bitdiyinə bir daha əmin olmuşdu.
 
Şikayət məktubu məhz o dövrlərdə SSRİ kimi nəhəng bir dövlətin başında dayanan Nikita Sergeyeviç Xruşşov və həmin illərdə Nazirlər Sovetinin sədrinin müavini olmuş, Azərbaycan xalqının qatı düşməni, daşnak Anastas İvanoviç Mikoyandan yazılmışdı. Məktubda həmin şəxslərin heyvan cildində olan karikaturalarını da çəkib yollamışdı...
 
Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında həmişə pərəstiş olunmuş insanlarda hədsiz sevgi ilə xatırlanan, "ellər atası”, "Sovet xalqının xilaskarı”, "Leninin silahdaşı” kimi tərənnüm olunan İosif Vasiriyonoviç Stalinə qarşı birdən-birə edilən haqsız hücumlar gənc tələbənin etirazına səbəb olmuşdu. O, şikayət məktubunu 14 may, 1956-cı il tarixdə Moskvaya — Sovet rəhbərliyinə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Yefremoviç Voroşılova şəxsən göndərməyi məqsədəuyğun sayır. Yazı bu iki partiya xadiminin özbaşınalığından, onların Stalinə qarşı haqsız münasibətindən yazılmışdı.
 
K.Y.Voraşilova məktub
 
Hörmətli yoldaş Voroşilov, xalq, xüsusilə gənclər, hətta qocalar sizin sözünüzü gözləyirlər. Məgər bütün ömrünü bəşəriyyətə, bizə, Sovet hakimiyyətinə həsr etmiş bir insanı unutmaq olarmı? Görəsən doğrudanmı siz və Molotov Stalini belə tez unutdunuz. Alçaq Xruşşov şəxsiyyətə pərəstişi "tənqid edir”. Bu tənqid deyil, bu hamıya gün kimi aydındır ki, donuz Xruşşov əziz Stalinin adını götürmək istəyir.
 
Yoldaş Voraşilov, xalq sizi köhnə bolşevik kimi sevir, hörmət edir. Bizim xalq sizi İ.V.Stalinin sədaqətli dostu kimi hesab edir. İndi bilmirik niyə belə edirsiniz? Bəs İ.V.Stalin sosializm uğrunda özünün qiymətli gəncliyini sürgünlərdə keçirmişdir ki, Xruşşov və Mikoyan kimi itlər ölümündən sonra onun ünvanına müxtəlif sözlər desinlər.
 
Kimdir Mikoyan? Bunu bütün Zaqafqaziya bilir ki, 1918-ci ildə onu 26 Bakı komissarları ilə niyə güllələmədilər. Bu məlumdur. Maraqlıdır ki, siz bunu "niyə bilmirsiniz”.
Kimdir Xruşşov? Ukrayna Kommunist Partiyasının katibi olanda bu donuz nə qədər kommunistlər güllələtdirdi.
 
Hörmətli Voroşilov yoldaş, ölçü götürün. Məndən sonra başqaları da Malenkova, Bulqaninə və yaramazlara məktub yazıb.
 
Hamıya komsomol salamı: Komsomol salamı ilə gürcülər, azərbaycanlılar.
Gənc tələbə göstərməyə çalışırdı ki, Stalin əgər doğrudanda repressiyanın başında dururdusa, o zaman nə səbəbdən bunlara göz yumulur. Axı bütün insanlar, mətbuat, radio, bizə tərbiyə bəxş edən valideynlər, elm öyrədən müəllimlər, bunların hamısı gecə-gündüz Stalini göylərə ucaldaraq, hər bir yüksəlişimizi onunla bağlayırdılar. Nə oldu birdən-birə belə böyük dahi adlandırdığımız Stalin "şəxsiyyətə pərəstiş”in qurbanına çevrildi.
 
O bu məktubla heç də Stalinə haqq qazandırmaq, onun həqiqətən böyük dahi olduğunu göstərmək fikrində deyildi. Onu düşündürən yalnız, ömrü boyu nəzərimizdə dahi kimi canlandırılan bir şəxsə birdən-birə nifrət etmək, onu əqidəmizdən silmək məsələsinə etirazı idi. Tələbənin fikrincə, bunu yalnız müəyyən müddət keçdikdən, hər şeyi sağlam düşüncə ilə dərk etdikdən sonra qəbul etmək olardı. O, hazırda düşündüyü kimi hərəkət etməkdə özünə bəraət qazandırırdı. Çünki bu etdiyi hərəkət ona çoxlarına yad olan əqidəsindən gəlirdi. Tələbə yalnız ona görə özünü günahlandırırdı ki, həqiqəti düz deməklə siyasi səhvə yol verib. Bu azmış kimi Sabir partiya rəhbərlərinin karandaşla çəkdiyi karikaturası ilə yanaşı, "İki partiya xadiminin dialoqu”nu təmsil şəklində verir.
 
Maraqlıdır ki, istintaq zamanı da qorxub çəkinmədən əqidəsindən dönməmiş, erməni daşnakı olan Arutyunova ifadəsində də fikrini bildirmişdi. İfadələrinin birində müstəntiq müttəhimi çaşdırmaq, fikrindən sapındırmaq üçün eyni sualları təkrarən verəndə, o "nə qədər eyni suala cavab vermək olar, sizin bu suallar məni hövsələdən çıxartdı”— deməsi, erməni müstəntiqin qəzəbinə səbəb olmuş, "sən müttəhimsən, mən müstəntiq, unutma ki, bir sualı mən bir neçə dəfə də verə bilərəm” demişdi. Bundan sonra o susmağı üstün tutmuş, növbəti suallara təmkinlə cavab verməyə çalışmışdı. Bunlar sonralar olacaq.

İndi isə əlaqədar təşkilatların əlinə keçən bu məktubun sahibinin təcili tapılması üçün tədbirlər görülür. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına həmin şəxsi müəyyən etmək üçün Moskvadan xüsusi tapşırıqlar verilir.
 
Nəhayət, bir neçə aylıq gərgin axtarışdan sonra, "cinayətkar” məlum olur. Bu, Moskvanın və Bakının nəinki kəşfiyyatçılarını, hətta Sovet İttifaqı Kommunist Partiyasının Siyasi bürosunun üzvlərinin belə yuxusuna haram qatan, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 18 yaşlı III kurs tələbəsi, Sabir Tatlıyev idi...
Sabir Əli oğlu Tatlıyevin müvəqqəti saxlanması ilə əlaqədar Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor A.Quskovun imzaladığı qərar həmin komitənin II bölmə, IV şöbənin mayoru Şabalov, II bölmə, IY şöbənin rəisi, mayor Xalıqovun və IY şöbənin rəis müavini, kapitan Hüseynovun razılığı əsasında tərtib olunur. Həmin tərtib olunmuş sənəddən aydın olur ki, Azərbaycan SSR NS yanında DTK-nın II bölmə, IY şöbənin mayoru Şabalov 1938-ci ildə Ağstafanın Dağkəsəmən kəndində anadan olmuş, azərbaycanlı, SSRİ vətəndaşı, ÜLKGİ-nin üzvü, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-A.K.) III kurs tələbəsi, Bakı şəhəri, Basin (indiki Füzuli-A.K.) küçəsi, ev 79/a-da yaşayan Sabir Əli oğlu Tatlıyevin materiallarına baxmış, o, SSRİ Ali Soveti Rəyasət Heyətinə antisovet məzmunda anonim məktub yazılmasında şübhəli bilinib.
Azərbaycan cinayət məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq həmin işdə olan materiallara aydınlıq gətirmək məqsədilə qərar yazılır.
 
Sabir Tatlıyev Azərbaycan NS yanında DTK-nın daxili həbsxanasına müvəqqəti olaraq yerləşdirilir. Hüquqi əsasnaməyə görə həbsi nəzərdə tutulmuş şəxsin ilk növbədə 48 saat müddətində təcridxanada, sonra isə məhkəməyə qədər həbsxanada saxlanılması üçün qərar hazırlanır.
Hazırlanmış qərarın arxa tərəfində mürəkkəb ilə yazılmış qeyddən məlum olur ki, "saxlanılan Tatlıyev 4 sentyabr 1956-cı il, saat 21/40-da həbsxanaya yerləşdirilib”.
 
6 sentyabr 1956-cı ildə A.Quskova imzalamaq üçün yeni bir qərar hazırlanıb, təqdim olunur. Bu dəfə yuxarıdakı qərardan bir cümləni dəyişdirib, tələbənin həbs olunmasına üç nəfər təhlükəsizlik işləri idarəsinin yüksək rütbəli əməkdaşlarının imzası ilə aşağıdakılar "müəyyən edilir”.
"Azərbaycan NS yanında DTK-nın əməkdaşı, 1938-ci ildə Ağstafanın Dağkəsəmən kəndində anadan olmuş, azərbaycanlı, SSRİ vətəndaşı, ÜLKGİ-nin üzvü, S.M.Kirov adına ADU-nin III kurs tələbəsi, Bakı şəhəri, Basin küçəsi ev 79/a-da yaşayan Sabir Əli oğlu Tatlıyevə aid istintaq materiallarına baxıb "cinayət tərkibi olduğunu” "cani-dildən” göstərməli olurlar.
 
III kurs tələbəsinə Sovet İttifaqı Kommunist Partiyasının və Sovet hökumətinin ayrı-ayrı rəhbərlərinin ünvanına təhqiredici məzmunda anonim məktub yazaraq, SSRİ Ali Soveti Rəyasət heyətinə göndərməyə vadar edən nə ola bilərdi? Respublikanın görkəmli pedaqoqlarından dərs alan, onu tanıyanların rəğbətini qazanan, hər kəs tərəfindən sevilən, universitetin tədbirlərində fəal iştirak edən bir tələbəni bu işə məcbur edən hansı hisslər idi?
 
Bu suallara cavab vermək əvəzinə respublikanın rəhbərləri daha asan yola əl atmalı olurlar. Tələbə məsuliyyətə cəlb edilməli, lazım gəlsə güllələnməlidir. Bəli, heykələ dönmüş simalar bu qərarı da nəzərdən keçirməli olurlar. Nə yaxşı ki, Tanrının rəhmi böyük imiş, yoxsa 18 yaşlı gəncin aqibəti ağır bir sonluqla da bitə bilərdi.
 
Müstəntiqlərin təqdimatında müəyyən edildi ki, Tatlıyevin hərəkətində cinayət tərkibi olduğu müəyyənləşmiş və o, Azərbaycan SSR cinayət məcəlləsinin 88, 93-cü maddələrinə uyğun olaraq, Azərbaycan c/m-nin 105-ci maddəsinin II hissəsi ilə təqsirli bilinir. Bununla da o, Azərbaycan c/m-nin 105-in II hissəsi ilə günahkar bilinərək gələcək işinin aparılması üçün müstəntiqlər tərəfindən sənədləri DTK-nın istintaq şöbəsinə verilir.
 
İstintaqı aparmaq üçün 1937-ci il repressiyasına uyğun olaraq materialları məhz Azərbaycan xalqının əzəli düşməni olan, nəinki Bakıda, Rusiya imperiyasının hər bir yerində özlərinə sığınacaq tapmağa müvəffəq olmuş, erməni millətindən olan Arutyunyana həvalə etməklə tarix təkrar olunur. Çünki gənc tələbə, o dövrdə təbliğ edilən 26 Bakı komissarı "qəhrəmanlar”ının ölümünə bais olan, onları ingilislərə satıb, özü arvad qiyafəsində qaçan A.İ.Mikoyana görə türk tələbəsindən qisas almaq üçün simasız erməni müstəntiqinin təyin edilməsi üçün gözəl şərait yaranmışdı.
 
7 sentyabr 1956-cı ildə Azərbaycan NS yanında DTK-da istintaq idarəsinin rəisi, mayor Məmmədovun imzası ilə, baş müstəntiq Arutyunovun təqdimi ilə cinayət fəaliyyəti haqqında materiallara baxılaraq, 4 sentyabr 1956-cı ildə həbs olunmuş Sabir Tatlıyevi Azərbaycan cinayət məcəlləsinin 105-ci maddəsinin II hissəsi ilə təqsirli bilirlər. Həmin gün mayor Xalıqov tərəfindən hazırlanan arayış da maraq doğurmaya bilmir. Bu arayışda S.Tatlıyevin c/m-nin maddələrində dəyişiklik etmək qərarına gəlindiyi göstərilir. Bu maddənin dəyişdirilməsində məhz respublika prokurorluğunun ən yüksək rütbəli şəxsləri imza atmalı olurlar. Həmin arayışda S.Tatlıyevə verilmiş Azərbaycan c/m-nin 72-ci maddəsinin I hissəsini dəyişdirərək, 105-ci maddənin II hissəsi ilə əvəz edirlər. 
 
Bununla da C.Tatlıyevin həbsi üçün Azərbaycan SSR NS yanında DTK-nın sədri, general-mayor A.Quskovun və Azərbaycan SSR Respublika prokuroru, III dərəcəli Dövlət ədliyyə müşaviri A.Babayevin 6 sentyabr 1956-cı ildə imza atdıqları növbəti qərarla müttəhimin üzərindəki ağır maddəni götürməli olurlar. S.Tatlıyevə müxtəlif yerlərdən verilən sorğuların cavabının müsbət nəticəsi idi ki, hüquq mühafizəsinin rəhbərliyi bu qərara gəlməli olurlar. Həyatı hələ dərindən duymayan, hər bir gənc kimi səhv edə bilən tələbəyə qarşı bu qədər haqsızlıq nədən idi. "Böyük qardaşları”na xoş gəlməkdən ötrü düşünmədən verilən, hər bir göstərişə əməl etməyə qadir olan vəzifə hərislərindən bundan artıq nə gözləmək olardı? Belələri şöhrət xatirinə hər şeydən keçməyə hazır olan vəzifəpərəstlər idi. Bunlardan aman gözləmək ən azı sadəlövhlük olardı. Məhz buna görə də Azərbaycan SSR NS yanında DTK-nın II bölmənin, IY şöbəsinin baş müstəntiqi, mayor L.Şabalovun imzası ilə Sabir Tatlıyevin həbsi üçün 42 saylı order talonu yazılır.
 
42 saylı orderlə S.Ə.Tatlıyevin yaşadığı yerdə axtarış aparılmasına razılıq verilsə də, lakin 07.09.1956-cı il tarixli arayışda göstərilir ki, "həbs olunan Tatlıyev Sabir Əli oğlunun Bakıda, nə də başqa bir yerdə qeydiyyatı var. Evdəki əşyaların S.Tatlıyevə deyil, başqa şəxsə mənsub olduğunu nəzərə alıb, axtarış aparılması məqsədə uyğun sayılmır.
 
S.Tatlıyevin 03.09.1956-cı ildə həbs olunduğunun sabahı müstəntiqlər, onu "ənşər-mənşər” ayağına çəkməyə "start” verdilər. Gənc tələbənin ilk istintaqı 04.09.1956-cı il saat: 17/30-dan-21/15-ə qədər davam etdi. 4 saata qədər davam edən dindirilmənin ilk sualı da qəribə olub:
"Hansı dildə sizdən izahat götürülməsini istəyirsiniz?” - sualını cavablandıran S.Tatlıyev, Azərbaycan dilində izahat alınmasını xahiş edib. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, bu böyüklükdə respublikada Azərbaycan dilli müstəntiq tapılmayıb. Əvəzində tərcüməçini köməyə çağırmalı olublar. Nəticədə on gündən çox ifadə verən, ay yarım dövlət səviyyəsində istintaqı gedən 18 yaşlı bir tələbəyə 19.09.1956-cı ildə Azərbaycan SSR DTK-nın baş müstəntiqi kapitan Arutyunovun təqdimatı, istintaq idarəsinin rəisi Məmmədovun təsdiqi ilə Tatlıyev Sabir Əli oğlunun 100 saylı işi ilə əlaqədar olaraq qərara alınır ki, hökumət rəhbərləri səlahiyyətlərini yerinə yetirərkən, anonim məktubun müəllifi olan Sabir Əli oğlu Tatlıyev tərəfindən təhqir olunublar.
 
Məhz bundan sonra 23 oktyabr 1956-cı il tarixdə V.S.Belikovun sədrliyi, V.V.Dmitrev və L.M.Niyazova tərəfindən S.Ə.Tatlıyevə hökm çıxarılır.
 
Prokuror-İ.Hacıyev, müdafiəçi-B.Səfərov, katib E.Petrosyanın iştirak etdiyi məhkəmə S.Ə.Tatlıyevi təqsirli bilib, onu 2 il müddətində azadlıqdan məhrum edir.
İllər keçəcək, bu 18 yaşlı gənc həbsxana divarlarını tərk edəcək, Azərbaycan ədəbiyyatında oxucular tərəfindən sevilən yazıçılardan olacaqdı. O yenə də gənclik əqidəsindən dönməyəcək, haqqı nahağın ayağına verməyəcəkdi. Həmin şəxs həyatda ağrılı-acılı günlər dadan, başı bəlalar çəkən, lakin heç kəsə əyilməyən, yaltaq, əqidəsiz yazarları kənardan acı gülüşü ilə seyr edən, heç bir hökumət təltifi olmayan xalqın qeyrət simvolu sayılmağa haqqı olan görkəmli yazıçı Sabir Azəri idi.
S.Tatlıyev 1958-ci ildə həbsdən azad olandan sonra cinayəti tam üzərindən götürülərək, təhsil aldığı Azərbaycan Dövlət Universitetinin 3-cü kursuna qəbul edilmişdi.
 
1961-ci ildə jurnalistlik üzrə tam kursu bitirərək ona "qəzetin ədəbi işçisi” ixtisası verilmişdi. Həmin ildə "Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayaraq tez bir zamanda oxucuların rəğbətini qazanır. Bir il sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsinə dəvət alır. 1967-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində publisistika şöbəsinin müdiri, 1968-ci ildə "Ulduz” jurnalında nəşr şöbəsinin müdiri, 1973-cü ildə məsul katib, 1976-cı ildən həmin jurnalın baş redaktor müavini vəzifəsində işləmişdi. 1993-cü ildən səhhəti ilə əlaqədar sərbəst yaradıcılığa üstünlük vermişdi.
 
Keçən əsrin 70-ci illərində Sabir müəllimin yaradıcılığına qısqananlar onu pantürkist kimi qələmə verir və bununla da yazıçını gözdən salmağa çalışırdılar. O dövr üçün bu çox ağır ittiham idi. Bundan irəli gələrək 1973-cü ilin avqust ayının 1-də soyadının dəyişdirilməsi haqqında 26 saylı akt qeydləri kitabında yazıçının "Tatlıyev” soyadından imtina etməsi və "Azəri” soyadını qəbul etməsi göstərilir. Bununla da özünün azərbaycanlı olduğunu və bu soyadla fəxr etdiyini bildirir.
 
S.Azəri 30-a qədər kitabın müəllifidir. Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə olunmuşdur. S.Azərinin o zaman yazıçılar arasında Moskvada ən böyük tirajla çap olunan müəlliflərdəndir. Onun "İlk təkan” povesti Moskvada 1,5 milyon, "Dalanda” romanı isə 3,5 milyon tirajla nəşr edilib.
 
Görkəmli yazıçı 2010-cu ilin yanvarında ikinci dəfə infarkt keçirmiş və həmin ayın 28-də dünyaya əbədi olaraq gözlərini yummuşdu.