Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 10:15:00
Gənclərimizi olimpiadalara birbaşa Nyu Yorkdan hazırlayan Cəfər – “Bizimkilər daha güclü və sadədirlər” –MÜSAHİBƏ  

“Təkcə məktəb proqramını dərindən bilmək olimpiada müəllimi olmaq üçün kifayət deyil. Xarici ölkələrin təcrübəsi göstərir ki, ən yaxşı olimpiada müəllimləri elə keçmiş olimpiada iştirakçılarıdır. Amma təəssüf, Azərbaycan olimpiadaçıları oxumaq məqsədilə xarici ölkələrə gedir, sonra da işləmək üçün elə orada da qalırlar”.

İllər əvvəl Mingəçevir şəhər 9 nömrəli orta məktəbdə Cəfər Cəfərov adlı intellektual şagird təhsil alırdı. Savadı ilə çoxlarına nümunə göstərilən məktəbli VI sinifdən orta təhsilini  Ağdaş Özəl Türk Liseyində davam etdirməli olur. Riyaziyyata marağı sayəsində bu fənn üzrə 4 ölkə, 3 regional və 3 dünya olimpiadasında iştirak edir. Ölkə olimpiadalarında 2 qızıl, 1 gümüş, 1 bürünc; regional olimpiadalarda 3 qızıl; dünya olimpiadalarında isə 1 gümüş və 1 bürünc medalın sahibi olur.

Cəfər Cəfərov bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində, doktorantura təhsilini isə Amerikanın Stanford Universitetində alıb. Hazırda Nyu Yorkda yerləşən “Barclays” adlı bir ingilis bankının maliyyə bazarlarında hissə sənədlərinin ticarəti ilə məşğuldur. Bununla yanaşı, həftə sonları azərbaycanlı şagirdləri internet vasitəsilə riyaziyyat olimpiadalarına hazırlaşdırır.

Beləliklə, AzEdu.az təhsil portalı yuxarıda barəsində danışdığımız Cəfər Cəfərovla müsahibəni təqdim edir.

Söhbət zamanı Cəfər ölkəmizdəki olimpiada sisteminə uzaq Amerikadan baxacaq, çatışmazlıq və yenilikləri təhlil edəcək. Elə isə başladıq:

“Yaxşı müəllim və təhsil ocağı, güclü olimpiada hazırlıq proqramı, ailə dəstəyi və qətiyyətli çalışma…”

O, təhsil uğurlarının bir neçə faktora bağlı olduğunu düşünür: 

“Həm 9 nömrəli məktəbdə, həm də Ağdaş Özəl Türk Liseyində  riyaziyyata həvəsimi artıran mənimlə dərsdən əlavə təmənnasız məşğul olan güclü müəllimlərim olub. O vaxtlar türk liseyinin olimpiada hazırlıq proqramı bu yarışlar üçün ölkədəki ən güclü və beynəlxalq standartlara cavab verən yeganə proqram idi. Mən də olimpiadalara burada hazırlaşdım. Qazandığım nailiyyətlərdə ailəmin də payı  çoxdur. Məni daim dəstəkləyən, uğur qazanıb-qazanmamağımdan asılı olmayaraq, daim yanımda olub, həvəsləndirən ailəmə çox şey borcluyam”. 

“Amerika milli komandasının üzvləri yalnız bəzi elit məktəblərin şagirdləridir”

-Uğurlarınızda məktəb proqramının əhəmiyyətli rolu olduğunu qeyd etdiniz. Bəs, sizcə, hazırda beynəlxalq olimpiada uğuru ölkəmizdəki bütün şagirdlər üçün əlçatandır? Yoxsa, hələ də ucqarlar üçün bəzi arzular əlçatmaz görünür? 

-Təəssüf, hazırda olimpiada uğuru ölkəmizdəki hər şagird üçün əlçatan deyil. Əslində, Amerika da daxil olmaqla, dünyanın demək olar ki, bütün ölkələrində vəziyyət belədir. Məsələn, Amerika milli komandasının üzvləri yalnız bəzi elit məktəblərin və təhsil rəqabəti yüksək olan bölgələrin şagirdləridir.   

Amma mənim orta təhsil aldığım vaxtla müqayisə etsək, hazırda Azərbaycanda uğura gedən yol daha çox şagirdə açıqdır. Əvvəllər komandaya yalnızca Türk liseylərinin tələbələri daxil ola bilirdilərsə, artıq burada fərqli məktəblərin yetirmələrini görmək mümkündür. 

Məsələn, ən son iştirak etdiyimiz və 6 şagirdimizin hər birinin medal qazandığı Yeniyetmələrin XXIII Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi 5 fərqli məktəbin şagirdləri təmsil ediblər. Təbii ki, bu, Təhsil Nazirliyi və Təhsil İnstitutunun son illərdə apardıqları islahatların nəticəsidir. Yeri gəlmişkən, bunun üçün başda Fuad Qarayev və Emin Əmrullayev olmaqla əməyi keçən hər kəsə təşəkkür etmək istəyirəm. 

-Bir neçə əcnəbi ölkədə olmusunuz. Azərbaycanlı təhsilalanlar əcnəbilərdən nə ilə fərqlənirlər? 

-Azərbaycandakı şagirdlərin ümumi səviyyəsi barədə o qədər də məlumatım yoxdur. Amma xarici ölkələrdə mənimlə birgə oxuyan azərbaycanlıları əcnəbilərlə müqayisə edəndə daha güclü olduqlarını hiss edirəm. Məsələn, Türkiyədə təhsil alan həmvətənlərimiz tez-tez universitet və ya fakültə, hətta TUS (Türkiye Uzmanlık Sınavı)  kimi çətin tibb imtahanının birincisi olurlar. Bunlar məndə həmvətənlərimin çox intellektual olması düşüncəsini yaradıb. 

“Bizim tələbələr daha təvazökardırlar” 

-Bəs, fərqli mədəniyyətlər, etika, davranış baxımından necə? Həmvətənlərimizlə əcnəbi tələbələr arasında nə kimi fərqlər hiss olunur? 

-Bu sahədə çox fərq gördüyümü deyə bilmərəm. Xarici tələbələr də ölkəmizin nümayəndələri qədər mədəni və etika qaydalarına riayət edən olurlar. Sadəcə, davranış baxımından bizim tələbələr daha təvazökardırlar. Yəqin ki, bu, ABŞ və Azərbaycan mədəniyyətləri arasındakı fərqlə əlaqədardır. Amerikada insanlar gördükləri hər hansı işi gözəl sözlərlə ifadə etməyi və özlərini həmin işin icraçısı kimi qabağa çəkməyi yaxşı bacarırlar. Bunun amerikan iş həyatında da böyük önəmi var. Bizim mədəniyyətdə isə insanların öz işləri barədə çox danışmaları yaxşı qarşılanmır. Buna görə də bəzən bizim tələbələr öz nailiyyətlərini, gördükləri işləri anladarkən amerikalılardan daha təvazökar olurlar. 

-Sizcə, həmvətənlərimizi əcnəbi ölkələrdə güclü edən nədir? Məsələn, orta məktəb proqramının ağırlığı buna səbəb ola bilər? 

-Bəli! Ölkəmizdəki orta məktəb proqramının həm ağırlığı, həm də daha çox mövzunu əhatə etməsi səbəblərdən biri ola bilər. Məsələn, riyaziyyat və kimyadan Azərbaycan orta məktəbində keçirilən mövzuları yaxşı bilən şagird Türkiyədə universitetin I kursunda bu dərslərdən rahatlıqla əla qiymət alar. 

Bundan əlavə, ola bilər, bizim şagirdlərin gənc yaşdan Azərbaycan, türk, ingilis və rus dillərini öyrənmələri onların əqli qabiliyyətlərinin daha çox inkişaf etməsində rol oynayır. Müqayisə üçün qeyd edim ki, Amerikada təhsil alan bir azərbaycanlı ortalama 3-4 dildə danışa bilirsə, buradakı yerli tələbə yalnız ingilis dilini bilir. 

“Universitetə yeni başlayan tələbə dərsləri özü istədiyi kimi seçir” 

-İstərdik, bir qədər də təhsilə yanaşma tərzindən danışaq. Olduğunuz ölkələrdən hansının təhsilə yanaşmasını daha çox bəyənirsiniz? 

-Bu ölkələrdən ən çox Amerikanın təhsil sistemini bəyənirəm. Oranın təhsil sistemi bizdəki kimi test vasitəsilə şagirdlərin texniki biliyini yoxlamaqla bərabər, onlardan inşa yazmağı və özünü ifadə etməyi də tələb edir. Amerikan universitetlərinə qəbul üçün verilən TOEFL, SAT və GRE kimi imtahanlar da əsasən, şagirdin yazı və oxu bacarıqlarını yoxlayır. Elə buna görə, amerikalılar bizimlə müqayisədə özlərini həyatda daha yaxşı ifadə etməyi bacarırlar. 

Buranın təhsilində xoşuma gələn bir cəhət də tələbənin oxuyacağı fakültəni  universitetə başladıqdan sonra seçməsidir. Universitetə yeni başlayan tələbə bir neçə fənni çıxmaq şərti ilə qalan dərsləri özü istədiyi kimi seçir. Məsələn, bir dərs biologiyadan, bir dərs proqramlaşdırma, başqa bir dərs Arxeologiya ilə əlaqəli və s. Sonradan aldığı dərslərdən hansı xoşuna gəlsə, təhsilini o sahədə davam etməyə qərar verir. Məncə əksər tələbələr oxuyacağı fakültənin xoşuna gəlib-gəlməyəcəyini, çətin və ya asan olacağını bilmədiyinə görə, bu sistem onlara əvvəlcədən doğru seçim etmə şansını verir. 

-Hazırda ölkəmizdə olimpiada qaliblərinin Azərbaycan universitetlərinə imtahansız qəbulu şansı var. Səmimi danışaq: Bu şans sizin məzun olduğunuz vaxtlarda da tətbiq olunsaydı, ondan yararlanmağı, yoxsa, əcnəbi universiteti seçərdiniz? 

-Xarici ölkədə nüfuzlu bir universitetə qəbul olunsaydım, yenə də xaricdə təhsili seçərdim. Təəssüf ki, ölkəmizdə ali təhsil səviyyəsi hələ də dünya standartlarına uyğun deyil. Xüsusilə də elmi araşdırmalar baxımından Avropa və Amerika universitetlərindən çox geridəyik. Ümid edirəm zamanla ölkəmizdə bu sahədə də irəliləyişlər görəcəyik. 

Olimpiada qaliblərinin Azərbaycan Universitetlərinə imtahansız qəbuluna gəlincə isə, bu, çox yaxşı addımdır. Həmin şagirdlər Azərbaycanın ən istedadlı  yeniyetmələridirlər, onları fərqləndirmək lazımdır. Xarici universitetlərin qəbul komitələri də olimpiada nəticələrini yüksək qiymətləndirir. Onu da qeyd edim ki, həm Türkiyə,  həm də Amerikada oxuyanda qrup yoldaşlarımdan ən güclüləri məhz keçmiş olimpiada qalibləri idi. Məsələn, Boğaziçi Universitetindən məzun olduğum il fakültəmizin ən yaxşı 3 məzunu dünya olimpiadaçıları idi. 

“Müxtəlif bölgələrdə pilot siniflər qurulsun” 

-Ölkəmizin olimpiada qanunvericiliyində nələrisə dəyişmək imkanınız olsa, nədən başlayardınız? 

-Əvvəla, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində olimpiada proqramı çox inkişaf edib. Bunu həm beynəlxalq olimpiadalarda qazandığımız uğurlardan, həm də dərs dediyim sinifdəki şagirdlərin səviyyəsindən görmək mümkündür.

Amma istərdim, ölkəmizdə olimpiadanın daha da inkişafı üçün, müxtəlif bölgələrdə bu işlə məşğul olan pilot siniflər qurulsun. Beləcə, olimpiada hərəkatına daha çox şagird cəlb olunar. Bunun həm regionlardakı istedadlı şagirdlərin üzə çıxarılması, həm də fənn olimpiadalarında rəqabətin artırılması üçün vacib olduğunu düşünürəm. 

-Amerikada olduğunuz halda məktəbliləri olimpiadalara onlayn hazırlaşdırırsınız. Şagirdlərinizin hansısa hərəkətləri ilə sizə məktəb illərinizi xatırlatdığı, vətən üçün darıxdığınız vaxtlar olur? 

-Dərsdəki suallar və onların isbatları üçün aparılan müzakirələr, şagirdlərin sual üzərində ciddi çalışmaları, riyaziyyata maraqları və olimpiada sinfinin atmosferi mənə məktəb illərimi çox xatırladır. Tez-tez hansısa sualı həll edərkən olimpiadaya hazırlaşdığım zamanları xatırlayıram. 

Amma olimpiadada şagird kimi iştirak etmək qədər şagirdləri bu yarışa hazılaşdırmağın da öz gözəl tərəfləri var. Hər hansı çətin riyazi anlayışı başa düşən şagirdin gözündəki parıltını görmək əvəzsiz bir hisdir. Şagirdlərimin olimpiadada medal qazanmaqları, illər sonra həm universitet, həm də professional iş həyatında müvəffəqiyyət əldə etmələri məni fərəhləndirir. 

“Ən yaxşı olimpiada müəllimləri elə keçmiş olimpiada iştirakçılarıdır” 

-Yeri gəlmişkən, olimpiadaya şagird hazırlaşdıran müəllim hansı keyfiyyətlərə malik olmalıdır? Orta məktəb proqramını dərindən bilmək bunun üçün kifayətdir? 

Olimpiada proqramı orta məktəbdən fərqli olaraq, daha çox mövzunu əhatə edir. Hazırda ölkəmizdəki olimpiada sisteminə görə, VII sinfi bitirmiş şagird bütün orta məktəb proqramını bitirmiş olur. Buna görə də təkcə məktəb proqramını dərindən bilmək olimpiada müəllimi olmaq üçün kifayət deyil. Xarici ölkələrin təcrübəsi göstərir ki, ən yaxşı olimpiada müəllimləri elə keçmiş olimpiada iştirakçılarıdır. Məsələn, Amerika milli komandasının rəhbəri və demək olar, bütün müəllimləri illər əvvəl olimpiadaçı olublar. Amma təəssüf, Azərbaycanda olimpiada iştirakçıları oxumaq məqsədilə xarici ölkələrə gedir və sonra da işləmək üçün elə orada qalırlar. Buna görə, ölkəmizdə dünya standartlarında olimpiada dərsi deyə biləcək müəllimlər çox azdır. Yaxşı olardı ki, olimpiadaçıların Azərbaycanda qalması və ya xaricdə təhsildən sonra ölkəmizə qayıtmaları üçün tədbirlər görülsün. 

“O universitetdə niyə  olduqlarını heç vaxt unutmasınlar” 

-Dediyiniz kimi, olimpiadaçıların əksəriyyəti xaricdə təhsil arzulayırlar. Onların bəzilərini əcnəbi ölkədə yaşayış, fərqli mühit, güclü rəqabət ortamı qorxudur. Belələrinə nə məsləhət görərdiniz? 

-Uzağı 1 ay sonra o qorxduqları yeni ölkə, yeni dostlar, yeni mədəniyyət və rəqabət ortamı onların gündəlik həyatlarının bir hissəsi olacaq. Qorxmaqdansa, həyatlarındakı yeniliklərdən həzz alsınlar. Universitetə yoldaşlarının çoxunun onlar kimi uzaq yerlərdən gəldiklərini unutmasınlar. Güclü dostluqlar qursunlar, yeni fikirlərə açıq olsunlar, rəqabətdən qorxmasınlar, müəllimlərindən və ətrafdakılardan kömək istəməkdən çəkinməsinlər. Hə, bir də ən önəmlisi, o universitetdə niyə  olduqlarını heç vaxt unutmasınlar. 

- Gələcəklə bağlı nə kimi planlarınız var? özünüzdən daha hansı uğurları gözləyirsiz? 

-Hazırda hər şeydən əvvəl iş həyatımda daha çox müvəffəqiyyət qazanmaq istəyirəm. Bununla yanaşı, Azərbaycanda olimpiada sisteminin inkişafı və olimpiada dərslərinin səviyyəsinin artırılması üçün çalışıram. Çox istərdim ki, tezliklə şagirdlərim dünya riyaziyyat olimpiadasında Azərbaycana ilk qızıl medalı gətirsinlər. Bu hazırda olimpiada ilə bağlı ən böyük arzumdur. Şagirdlərimin səviyyəsini nəzərə alsaq, bunu tezliklə edə biləcəyimizə inanıram. Ümid edirəm ki, ölkəmizdə olimpiada ilə yanaşı, ali təhsilin və elmi araşdırmanın ümumi səviyyəsi də tezliklə dünya standardlarına çatacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları