Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 10:40:00
Ölkənin ən güclü rezidenti – “Müəllimim nəticəmi eşidəndə ağladı”  

“Protokollar bizim işləyəndən sonra öyrənə biləcəyimiz məlumatlar toplusudur. İmtahanda 6 illik təhsili ölçmək üçün lazım olduğundan daha detallı suallar vardı”.

Dövlət İmtahan Mərkəzi iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirib.

İmtahan nəticələri dünən saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib. Nəticələrə əsasən, 351 nəfər müsabiqə şərtini  ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.

Azərbaycan Tibb Universitetinin məzunu Günel Ağasıyeva uzunmüddətli zəhmətdən sonra bu nəticəni göstərməyi bacarıb. Amma bu, onun qazandığı yeganə uğur deyil.

“Həmişə zəhmətimin bəhrə verəcəyinə inanmışam”

Rezidentura birincisinin digər uğurları:

Günel Ağasıyeva 2002-2011-ci illərdə Nizami rayonu 229 saylı tam orta məktəbdə, 2011-2013-cü illərdə isə Şəki rayonu Biləcik kənd orta məktəbində təhsil alıb. 2013-cü ildə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə qəbul olunub. Bununla yanaşı, IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən 25 nəfərdən biri olduğuna görə, Prezident təqaüdünə layiq görülüb. Universitetdə oxuduğu 6 il ərzində daim yüksək nəticə göstərərək bu təqaüdü əlində saxlamağı bacarıb.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikasında təcrübə keçib. Dediyinə görə, bəzi səbəblərdən əcnəbi ölkədə təcrübə hələ ki, qismət olmasa da, gələcəkdə tez–tez xaricdə təcrübə proqramlarına qoşulmağı düşünür:

“Əslində, gözlədiyim nəticə idi. Universitetdə oxuduğum müddətdə də həmişə daha çoxunu bilməyə, öyrənməyə can atmışam. Ən əsası isə, hər zaman zəhmətimin bəhrə verəcəyinə inanmışam”.

Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanlarına hansısa kursun köməyi ilə və ya sərbəst şəkildə hazırlaşaraq uğur qazanmaq tamamilə məzunun özündən asılı olan bir şeydir:

“Məsələn, elə özüm… Universitetdə oxuyanda müəyyən baza toplamışdım. Fərdi hazırlıq və kurs arasında qalanda maddiyyatı düşünərək kursu seçdim. Peşman da deyiləm. Bu, mənim kriteriyalarıma uyğun idi. Çünki mənim üçün sürətli təkrar daha vacibdir”.

“Kursa getməsəydiniz, yenə də eyni nəticəni göstərə bilərdinizmi?” - sualına isə o, belə cavab verib:

“Düşünmürəm ki, kursa getməsəydim, indiki balımla çox fərq olacaqdı. Sadəcə, kursdakı çox bəyəndiyim, savadlı müəllimlərdən dərs almaq imkanım olduğuna görə, şansım artdı və balım daha çox oldu”.

“Sualları hazırlayan müəllimlər kimi düşünürdüm”

O, bu uğurun sirrini belə izah edir:

“Xarakter etibarilə, özümü sığortalamağı sevən biriyəm. Sualların kitabdan kənar salınmayacağını bildiyimə görə, maksimum dərəcədə kitab oxumağa çalışırdım. Sualları hazırlayan müəllimlər kimi düşünürdüm: “Haradan sual düşə bilər?”, “mənə bu mövzuda nələri bilmək lazımlıdır?”, “həkim olanda nələri bilmək önəmlidir?”. Bu sualları özüm özümə verərək məlumatları mənimsəyirdim.

Düzü, tələbəliyin ilk illərində daha çox zəhmət çəkmişəm. Amma bunun sonda işlərimi asanlaşdıracağını bilirdim.  Əlbəttə, hər kəsin müəyyən müddət ruhdan düşdüyü anlar olur. Amma məqsədimə çatmaq üçün məni motivasiyadan salan məqamları özümdən kənarlaşdırmağı düşünürdüm. Ailəm, dostlarım, müəllimlərim mənə dəstək olurdular. Hətta bir müəllimim nəticəmi eşidəndə göz yaşlarını saxlaya bilmədi. İmtahana hazırlıqda psixoloji dəstək, özünü motivasiya etməyi bacarmaq çox önəmlidir. Fikrimcə, istənilən zəhmətin qarşılığı bir gün mütləq olacaq”.

“6 illik təhsili ölçmək üçün lazım olduğundan daha detallı suallar vardı”

İmtahanın nə dərəcədə gərgin keçdiyini soruşduqda isə, Günel xanım maksimal balın olmadığını xatırladıb:

“Maksimal bal toplanmaması imtahanın çətinlik səviyyəsinin bir göstəricisidir. 100 bal toplanmadığı üçün bəzi sualların çətin olması təbiidir. Fikrimcə, bəzi  mövzuları həqiqətən lazımlı sayırlarsa, imtahana sualı da  onu dərsliyə daxil edəndən sonra hazırlasınlar. Protokollar bizim işləyəndən sonra öyrənə biləcəyimiz məlumatlar toplusudur. İmtahanda 6 illik təhsili ölçmək üçün lazım olduğundan daha detallı suallar vardı.

Kliniki suallarda konkret rəqəm, bilik yerinə stuasiya tipli məsələlərə üstünlük verilməsini istərdim. Açıq tipli suallarda yalnız bir bəndi düzgün cavablamayanda o sualın balı itirilir. Müəyyən bal sistemində o sualların da qiymətləndirilməsini istərdim. Çünki, müəyyən fikri olanla o sualı ümumiyyətlə cavablamayan arasında fərq qoyulmalıdır”.

“Xarici tibbi ədəbiyyatlar yalnız bəzək üçün deyil, tələbələrin istifadəsi üçün saxlanılsın”

O, Azərbaycanda tibb təhsilini belə təhlil edib. Toxunduğu məqamlardan gələcəyin uğurlu həkimlərindən biri olacağı sezilirdi:

“Tibb təhsilimiz daha çox Sovet sisteminin ensiklopedik bilik qazanma modelindədir. Məsələn, Cərrahiyyə fənnindən salınan suala diqqət edək:

“Sinirlərin tikilməsində istifadə edilən sapın ölçüsü nə qədər olmalıdır?”

Çox lazımsız sualdır… Çünki onsuz da, bu detallar cərrah işləmək istəyənə rezidentura müddətində izah olunacaq. Yəni, bilməyimiz tələb olunanla bilməli olduqlarımız arasında xeyli fərq var. Sualları hazırlayan müəllimlərdən bunu nəzərə almalarını rica edirəm.

Hə, bir də kitabxanalarımızdakı xarici tibbi ədəbiyyatlar yalnız bəzək üçün deyil, tələbələrin istifadəsi üçün saxlanılsın. 

Bundan əlavə, rezidenturaya qəbul olunduqdan sonra hər bir namizəd özünə kurator seçir. Mən kuratorların özlərinin də  bu barədə seçici olmalarını istərdim. Çünki nəticədə yetişdirdikləri rezidentlər gələcəkdə onların özlərini təmsil edəcəklər”.

“Sonuncu semestr və dövlət imtahanlarında olan ortaq fənlərdən bir imtahan kifayətdir”

Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin VI kursa tələbələri kifayət qədər gərgin rejimdə olurlar. Sonuncu semestr və dövlət imtahanlarının ayrı –ayrılıqda təşkil edilməməsinin tərəfdarıdır:

“Fikrimcə, sonuncu semestr və dövlət imtahanlarında olan ortaq fənlərdən bir imtahan kifayət edər. Eyni suallar salındığına görə, onları vaxt itkisi hesab edirəm. Amma dövlət imtahanında salınan sual tipləri ilə rezidenturaya qəbulun II mərhələsində də rastlaşdım. Gələcək məzunlara həmin imtahanlara ciddi hazırlaşmalarını məsləhət görürəm. Ümumiyyətlə, rezidenturaya hazırlığın yalnız 9 ay deyil, 6 il olmasını düzgün hesab edirəm”.

O, növbəti illərdə rezidenturaya qəbul imtahanı verəcək namizədlərə daha uğurlu olmaları üçün qızıl tövsiyələr verib. Bildirib ki, IV kursdan başlayaraq kliniki fənləri oxumağa daha çox vaxt ayırmalıdırlar:

“Öz rejimlərini özlərinə görə uyğunlaşdırsınlar. Əsas məqsədləri imtahan olmalıdır, kimin neçə bal toplaması, hansı ixtisası seçməsi sonranın işidir.

Mümkün olduğu qədər sınaq imtahanlarında iştirak etsinlər. Həm vaxtı düzgün bölüşdürməyi öyrənmiş, həm də güclü və zəif  tərəflərini ayırd etmiş olarlar. Belə olduqda hansı yöndə çalışmalı olduqlarını da dəqiqləşdirəcəklər. Fənləri bir – biri ilə əlaqəli oxusunlar. Aydın olmayan mövzu ilə bağlı başqa fənləri də gözdən keçirsinlər. Anlamadıqları mövzunu bitirmək xətrinə sürətli oxumağa deyil, ona aid biliyin məhkəmləndirilməsinə üstünlük versinlər. Bilik əldə etməyə yönəlsələr, test işləmək də asanlaşacaq.

“6 il davamlı oxumağın tərəfdarıyam”

Çoxları Farmokologiyada cümlə yığınının çox olduğundan gileylənirlər. amma məncə başa düşülməsi üçün o fənni daha çox oxumalıdırlar. Ümumilikdə, 6 il ərzində davamlı oxumağın tərəfdarıyam. Belə olduqda rezidenturaya hazırlıq müddətində oxuduqca bilmədikləri məqamları da aydınlaşdıraraq daha çox şey öyrənmiş olacaqlar. Təkrar biliklərini daha da inkişaf etdirəcək”.

“Görmək istədiyimiz hər şeyi özümüz yaradacayıq”

Günel xanım rezidentura təhsili Şüa – diaqnostika ixtisası üzrə almağı planlaşdırır. Hələ IV kursda oxuyarkən marağının bu ixtisasa olduğunu müəyyənləşdirib:

“Məncə, ölkəmizdə əsas problem diaqnostikadadır. İcbari Tibbi Sığorta sisteminə keçəndən sonra müalicə protokollar üzrə aparılacaq. Amma düzgün diaqnozun hər zaman daha vacib olacağını düşünürəm.

Təhsil aldığım müddətdə mümkün qədər xaricə rotasiya imkanlarından istifadə etməyi düşünürəm. Dünyadakı yeniliklərlə ayaqlaşmaq vacibdir. Axı, tibb daim yeniləşən, inkişaf edən sahədir.

Çətin yolu seçmişik. Amma ölkə tibbini inkişaf etdirmək öz əlimizdədir. Ölkədə görmək istədiyimiz hər şeyi özümüz yaradacayıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları