Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 13:12:14
Qəbulda bir ixtisas üzrə eyni bal toplayanlardan hansına üstünlük veriləcək?- Cavab  

Dövlət İmtahan Mərkəzi iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

İmtahan nəticələri artıq dünən saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.

Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351 nəfər müsabiqə şərtini  ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezident olmaq istəyənləri maraqlandıran digər bir məqam isə bir ixtisasa eyni bal toplayanlardan hansının yerləşdiriləcəyi ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

-Baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

-İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.

Eyni ixtisası seçmiş, ümumi balı eyni olan namizədləri bir-birindən fərqləndirmək mümkün olmadıqda isə onların hamısı müvafiq ixtisasa yerləşdirilirlər.

Qeyd edək ki, II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 22‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları