Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 16:13:00
Qəbul imtahanından narazılıq: “Belə suallar salmasınlar, robot deyilik”  

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) imtahanını keçirib.

11:00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edib.

AzEdu.az rezidenturaya qəbul imtahanı iştirakçılarının təəssüratlarını öyrənmək məqsədilə onlar arasında sorğu keçirib.

“Tələbədə kliniki təfəkkür formalaşdırmır”

Azərbaycan Tibb Universitetinin məzunu Dəmir Babayev bildirib ki, suallar normal səviyyə tərtib edilib:

“Aralarında yaxşı suallar da vardı, ikili cavabı olanlar da...Çətinlik səviyyəsini orta qiymətləndirirəm. Orta səviyyədə hazırlaşan namizədin 60 bal toplaya biləcəyi bir imtahan idi. Nəticəmin normal olacağını düşünürəm”.

Onun fikrincə, rezidenturaya qəbul sualları konkretliyi ilə seçilir:

“Suallar konkretlikdən çıxıb fakta yönəlik olsa, yaxşı olar. Məsələn, bu imtahanda 10–12 sual faktyönümlü idi. Çünki konkretlik əzbərə əsaslanan bir şeydir. Bu, tələbədə kliniki təfəkkür formalaşdırmır. Amma faktyönümlü suallar insana xəstəliyə yanaşmanı öyrədir”.

“Rəqəmli suallar salmasınlar, robot deyilik”

Digər məzun Aysel Cahangirova isə imtahana salınan və əzbər tələb edən suallardan narazıdır:

“İmtahan suallarının səviyyəsi orta idi. Həm bir az məntiqi, həm də əzbər tələb edən suallar var idi. Sualları bəyəndim, amma əzbər bacarıqlarımın az olmasının imtahan nəticəmə təsir göstərəcəyimi düşünürəm. Ümumilikdə imtahanı normal hesab etmək olar.

Amma əzbər tələb edən sualları ümumiyyətlə yığışdırsalar yaxşı olar. Rəqəmli suallar da salmasınlar, robot deyilik.

Hə, bir də xahiş edirik ki, tərtib etdikləri suallar kitabda da olsun. Kitabda ümumiyyətlə, adı çəkilməyən suallar vardı”.

“Konspektdəki materialları əhatə etmirdi”

Digər bir məzun Elşən Əhmədli isə sualların çətin olduğunu vurğulayıb:

“Cərrahi xəstəliklər, Daxili xəstəliklərdən əlaqəsiz suallar düşmüşdü. Konspektdə olan materialları əhatə etmirdi. Xüsusilə də Cərrahi xəstəliklərdən belə suallar çox idi. Nəticəm isə 55 civarında ola bilər. Suallar keçən il bundan dəfələrlə asan tərtib edilmişdi”.

“Ya güclü əzbər tələb edirdi, ya da…”

Nəzrin Sultan da rezident olmaq istəyənlər sırasındadır. O, təklif edir ki, ballar açıqlandıqdan sonra rezidentlərə düz və ya səhv cavabladıqları suallar göstərilsin:

“Ən azından hansı sualın düzgün, hansının yanlış olduğunu bilməyə haqqımız var.

İmtahan gəlincə isə, tərtibat pis deyildi. Deyilənə görə, suallar keçən illə müqayisədə çətin düşüb. Mənə Uşaq xəstəliklərinə aid testlər xüsusilə çətin gəldi. Digər fənlər-Daxili xəstəliklər, Kardiologiya, Pulmonologiya, Endokrinologiyanın sualları maraqlı idi. Ümumiyyətlə, suallar ya güclü əzbər tələb edirdi, ya da çox sadə, oxuyarkən diqqət etmədiyimiz məqamlarla bağlı idi”.

“Keçən il suallar daha asan olub”

Vəfa Məmmədlinin sözlərinə görə, imtahan normal qaydada keçib. İki cavab arasında qaldığına görə, çətinlik səviyyəsinin orta olduğunu düşünür:

“Yenə də vaxt azlığı problem ilə üzləşdim. Fikrimcə, bu mərhələdən kəsiləcəm. İlk dəfədir, II mərhələdə imtahan verirəm. amma bildiyim qədəri ilə keçən il suallar daha asan olub”.

Qeyd edək ki, bugündən imtahan materiallarının emalına başlanıb. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları