Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-15 11:00:00
Tədrisin ruhani pəncərəsi- Bəşəri barış yolunda dini tədrisin önəmi-TƏHLİL

Tarix boyu dünyanın müxtəlif ölkələrində din adı altında aparılan müharibələr bu gün də aktuallığını qorumaqda davam edir.

Keçmişə nəzər saldıqda, adını tarixə qanla yazan dini savaşlar arasında ən dəhşətlisinin Otuzillik müharibələr olduğuna şahidik edirik.

Katolik və protestant dövlətlər arasında başlayan qarşıdurma sonradan bütün Avropaya hakim olmaq uğrunda mübarizəyə çevrildi.

Almaniya bu savaşda əhalisinin 40%-ni itirdi.

Din adı altında aparılan müharibələrdə ölənlərin sayının 20 milyona  çatdığı təxmin edilir.

Dini-ayrıseçkilik zəminində baş verən, din adı altında pərdələnən olayların səsi bu gün dünyanın müxtəlif yerlərindən eşidilməkdədir.

Bütün bu hadisələrin fonunda, informasiyaların dünya ictimaiyyətinə düzgün formada çatdırılması, ictimai fikrin formalaşdırılmasının təmin edilməsi və cəmiyyətə doğru məlumatların ötürülməsində ən önəmli rolu media oynayır.

Medianın insanların üzərində görünən və görünməyən təsirləri barədə aparılan araşdırmalarda məlum olub ki, insanlar gün ərzində aldıqları informasiyalardan əlavə, şüuraltılarına həkk olunan bilgilərlə də KİV-in gizli və sərrast təsirlərinə məruz qalırlar.

Bəzən silah-sursat və ağır hərbi avadanlıqlarla aparılan müharibələrlə kifayətlənmədiklərindən, insanların düşüncələrinə hücum edən informasiya savaşlarına şahidlik etməli oluruq.

Top, mərmi və ya ağır silahlardan əlavə, insanların şüuraltına təsir etməyi hədəfləyən bu informasiyalar cəmiyyətdə çaşqınlığa yol açmaqla bərabər, insan hüquqlarının pozulmasına bilavasitə səbəb olur.

Bu baxımdan, medianın insanların həyatında, onların düşüncə tərzinin və dünyaya baxışının formalaşmasındakı rolu danılmazdır.

Din məsələsi isə olduqca aktual və həssas mövzudur. Nəzərə alsaq ki, tarixən və hazırda dünyanın bir qismini əsarəti altında saxlayan dini müharibələr milyonlarla insanın ölümünə səbəb olub, minlərlə insan dini-irqi ayrıseçkiliyin hədəfinə çevrilib, informasiya müharibələrində onlardan gizli məqsədlər üçün istifadə olunub, kifayət qədər sayda insan mövhumat və xurafatın qurbanı olub, deməli, media maarifləndirmə işində daha diqqətli olmalı, təhrif və təşviqedici məlumatlara yer verməməli, dini informasiyaların dərc olunmasına xüsusi həssaslıqla yanaşmalıdır.

Azərbaycan mətbuat tarixində dini məsələlərin işıqlandırılması

Azərbaycan mətbuat tarixinin səhifələrini vərəqlədiyimiz zaman Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində xalqı mövhumatdan və onun nəticəsində yaranan gerilikdən qorumağa çalışdığının şahidi oluruq.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı “İslam və KİV” adlı kitabında da bu məsələyə xüsusilə toxunub.

Kitabda qeyd olunur ki, Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr edilən “Əkinçi” qəzetinin məfkurə və məqsədi xalqı feodal geriliyindən xilas edib, maarif-mədəniyyət yoluna istiqamətləndirmək olub.

H.Zərdabi müxtəlif təzyiqlərlə islami dindən uzaqlaşanların deqradasiya prosesinin son nəticəsini milli faciə kimi qiymətləndirir. İslam və müsəlmanlığın əleyhinə olan şəxs onun təəssübünü çəkməz. Qəmər Cavadlı bildirir ki, Həsən bəy Zərdabi çoxlarının düşündüyü kimi ateist yazarlardan deyildir, onun hədəfi din yox, bilavasitə mövhumat və xurafatdır.

Kitabda “Əkinçi” qəzetindən başlayaraq mətbuat və radio-televiziyanın son dönəminə qədər bütün mənbələrdə jurnalistikanın dini mühitə marağı, İslamın mütərəqqi elmi və əxlaqi dəyərlərinin mənimsənilməsinin vacibliyi, mövhumatçı din xadimləri və radikal fanatizmin tənqidi kimi mövzuların mütəmadi olaraq müzakirə mövzusu olduğu əksini tapır.

Qəmər Cavadlı mediada dini məlumatlara xüsusi həssaslıqla yanaşmaqda ən optimal variantı jurnalistlərin dini biliklərə yiyələnməsində görür. O, dünya mediası ilə müqayisəli təhlil apararaq vurğulayıb ki, dünyada dinə yanaşmada klassik metodlar mövcuddur:

“Klerikal media sırf dini təbliğata xidmət edir, ondan başqa bütün media vasitələri dini situasiya haqqında informasiya verir. İnformasiyanın necə verilməsi isə KİV-in mövqeyi və münasibətindən asılı olaraq dəyişir”.

“İslam və KİV” adlı kitabında əvvəllər, məlum tarixi dönəmlər səbəbindən ölkədə dini təhsil və ya dövlət tədris ocaqlarında dini biliklərin öyrədilməsinin yox dərəcəsində olduğu qeyd edilib.

Kitabda eyni zamanda, cəmiyyətin milli və dini dəyərlər sistemi olmadan yaşaya bilməyəcəyi, həm nəzəri, həm də praktik baxımdan milli və dini adət-ənənələrdən imtina etməyin mümkünsüzlüyü nəzərə çatdırılır:

“Təcrübi baxımdan kütləvi informasiya vasitələrində dini informasiyanın tətbiqi problemlərinə düzgün yanaşmanı təmin etmək məqsədi ilə jurnalist kadrlarının hazırlığı prosesində dini bilikləri ehtiva edən fənnin tədris edilməsi önəmli şərtlərdəndir. Bu proqram çərçivəsində dini informasiyanın kütlə şüuruna təsir mexanizmləri, cəmiyyətin dini oriyentasiyası, ideoloji aspektlərdə dini tendensiyanın rolu kimi nəzəri məsələlərlə yanaşı, KİV nümayəndələrinin təcrübi fəaliyyət zamanı rastlaşdığı praktik problemlər, ədəbi prosesdə mükəmməl biliklərin vacibliyini şərtləndirən redaktə prinsipləri də öyrənilməlidir”.

Ceyhun Məmmədov: “Jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər”.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib. Ceyhun Məmmədovun təklifinə əsasən, dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri mütləq bilməlidirlər. Əks təqdirdə, dinlər arasında münasibətləri düzgün formalaşdırmaq olmaz: “Dünyada və ölkədə dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Media mütəxəssisləri bu mövzuya çox həssas yanaşmalı, ölkəmizdə mövcud sabit mühitin mediada düzgün təbliğ olunmasına və işıqlandırılmasına çalışmalıdırlar. Media nümayəndələri hazırkı qloballaşma şəraitində dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında aktiv olmalıdırlar. Din çox həssas sahədir. Son illərin təcrübəsi də göstərir ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Bu, yazı yazarkən ictimaiyyətə düzgün məlumat çatdıra bilmək, cəmiyyəti çaşdırmamaq üçün əsasdır”.

Sosial şəbəkələrdə din məsələləri

Ceyhun Məmmədovun fikrincə, bu gün sosial şəbəkələr də medianın tərkib hissəsindən biridir və əsla diqqətdən kənarda saxlanılmamalıdır:“Bəzi radikal, ekstremist qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını aktiv şəkildə aparırlar. Bəzən gerçək kimliklərini gizlədərək saxta profillərlə dini duruma mənfi təsir göstərə biləcək paylaşımlar edirlər; kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media bu sahədə də qətiyyətli olmalı, mövqeyini göstərməlidir. İnsanların bir-birinin inancına hörmət edən çağırışlara yer verilməlidir”.

TƏKLİF: “Dini jurnalistika adlı ixtisasın açılması məsələsinə baxıla bilər”.

“Hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin fikrimcə, jurnalistlərin dini biliklərinin artırılması üçün müxtəlif seminar və treninqlərə ehtiyac var. Hesab edirəm ki, magistratura səviyyəsi üzrə dini jurnalistika adlı ixtisasın açılması məsələsinə də baxıla bilər. Bu, xarici ölkələrin təcrübəsində mövcuddur. Dünya ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdadır. Bu səbəbdən də media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatlar hazırlanır, simpoziumlar və konqreslər təşkil edilir. Ölkəmizdə də jurnalistlərin dini mövzuda maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif tədbirlər həyata keçirir”- deyə Ceyhun Məmmədov fikirlərini tamamlayıb.

Rafiq Əliyev: “Jurnalist təhrifə yol verməməli, hansısa radikal fikirləri qabartmamalıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev dini dəyərlərin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb. Rafiq Əliyevin qənaətinə görə, jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər: “Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirməyə cəhd hallarını nəzərə alaraq, diqqətli və həssas olmalıdır. Jurnalist təhrifə yol verməməli, hansısa radikal fikirləri qabartmamalıdır.

Unutmayaq ki, Azərbaycan müsəlman və xristian ölkələrin qonşuluğunda yerləşir. Şimalımızda Rusiya kimi xristian, cənubumuzda isə İran kimi qatı müsəlman ölkəsi var. Buna baxmayaraq, yürüdülən düzgün dövlət siyasəti sayəsində Azərbaycan həmişə balansı qoruyub saxlayıb, xalqın milli dəyərlərini qorumaq şərtilə digər dinlərin də sərbəst şəkildə mövcud olmasına şərait yaradıb. Azərbaycan nadir ölkələrdən biridir ki, burada heç vaxt məzhəb zəminində ciddi münaqişə olmayıb. Düzdür, vaxtaşırı bəzi radikal dini məzhəblər xarici qüvvələrə arxalanaraq ölkə içində qarışıqlıq salmağa cəhd edirlər. Nardaran qəsəbəsində baş verənləri hamımız xatırlayırıq. Amma Azərbaycanın hüquq-mühafizə orqanları həmin qüvvələr ətrafında keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində özünü müsəlman adlandıran, əslində isə İslamın əsl mahiyyətindən xəbərsiz insanlardan alət kimi istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmək istəyən cinayətkarları ifşa etdi. Eyni sözləri məlum “Gəncə hadisələri” haqqında da demək olar”.

Rafiq Əliyev düşünür ki, ölkədə maarifləndirməyə ehtiyac var və bu işdə media da məsuliyyət daşıyır:

“Jurnalistlər belə həssas məsələlərdə təhrifə yol verməməli, radikal fikirləri qabartmaqla, onun cəmiyyətdə yayılmasına imkan yaratmamalıdır. Onlar dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdırmağı bacarmarıq. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq.

Din elə bir sahədir ki, burada səhv bağışlanılmazdır. Düşünülmədən deyilmiş və ya yazılmış bircə söz insanlar arasında münaqişəyə gətirib çıxara bilər. Azərbaycanda müxtəlif dinə sitayiş edən insanlar var. Qanun bütün vətəndaşlara vicdan azadlığı verir. Bu baxımdan jurnalistlərin hər kəsdən öncə dinlə bağlı geniş bilgiyə malik olması vacibdir. Tolerantlığa nümunə ölkələr sırasında olan Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini yerinə yetirə bilirlər. Bu sahədən yazan jurnalistin İslamla yanaşı digər bütün dinlərdən məlumatı olmalıdır. Düzdür, onun ilahiyyatçı olmasına gərək yoxdur, lakin elementar biliklər vacibdir”.

Rafiq Əliyev heç də bütün jurnalistlərimizin bu mövzuda yetərli informasiyaya sahib olmadığı fikrindədir:

“Artıq qeyd etdiyim kimi, dinlə bağlı gözlənilməz bir səhv bir anda toplumun böyük bir kəsimini yerindən oynada bilər. Son illərin təcrübəsi göstərir ki, dünyada dinə görə böyük iğtişaşlar, etirazlar baş verə bilir. Ona görə də jurnalist hər hansısa dini məsələni işıqlandırarkən çalışmalıdır ki, hər kəsin ibadət etdiyi dinə hörmətlə yanaşsın, heç kimin şəxsiyyətini, mənəviyyatını alçaltmasın, imanını sarsıtmasın”.

Beynəlxalq sənədlərdə insan hüquqları

Bütün dünyada müxtəlif təşkilatlar tərəfindən qəbul olunan bir çox beynəlxalq sənədlərdə insanların düşüncə, vicdan və dini azadlıqlarının olduğu bəyan edilir.

Bu baxımdan, hər kəs, xüsusilə də media nümayəndələri insanların fikirlərinə və seçimlərinə hörmətlə yanaşmalı, alçaldıcı və təhqiredici ifadələrdən yan keçməli, heç bir fərdin şəxsiyyətinə toxunmamalıdır.

Birləşmiş Millətlər  Təşkilatının Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olunub.

ÜİHB hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Bəyannamənin 18-ci maddəsində deyilir: “Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir”.

1966-cı il dekabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çoxtərəfli beynəlxalq müqavilədir.

Bu Paktda iştirak edən bütün dövlətlər şəxslərin yaşamaq hüququ, din azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla, mülki və siyasi hüquqlarına hörmət etməlidirlər.

Dinə və etiqada əsaslanan dözümsüzlüyün və ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında bəyannamə BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli qətnaməsi ilə qəbul edilib.

Bəyannamənin 2-ci maddəsində deyilir: “Heç kəs dinə, yaxud əqidəyə görə hər hansı bir dövlət, idarə, şəxslər qrupu, yaxud ayrı-ayrı şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır”.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsiplərin tətbiqini nəzərdə tutur.

Bu kimi beynəlxalq sənədlərin, nizamnamə və bəyannamələrin siyahısını daha da artırmaq mümkündür.

Beynəlxalq normalar bütün dünyanı, eləcə də dünyaya təsiretmə imkanlarına sahib olan media nümayəndələrini diqqətli olmağa və onları insanların hüquqlarının müdafiəsinə xidmət etməyə çağırır.

Bu xidməti təmin etmək, mediada insan hüquqlarının bərqərar olmasına imkan yaratmaq, dini mövzularda olan informasiyaların cəmiyyətə düzgün çatdırılmasına xidmət etmək, insanların seçimlərindən, dinindən və irqindən asılı olmayaraq onlara hörmətlə yanaşmaq istiqamətində atılacaq ən vacib addımların başlanğıcında jurnalistlərin dini biliklərinin artırılması durur.

Əgər hər bir jurnalist kifayət qədər dini bilgiyə sahib olarsa, məsələnin həssaslığı, bu mövzuların insanlara göstərə biləcəyi təsirlərdən xəbərdar olarsa, informasiyanın təhrif olunmadan və ən düzgün şəkildə cəmiyyətə çatdırılmasına xidmət edə, insanların hüquq keşikçisi ola və onlarda mediaya sarsılmaz inam yarada bilər.

Bunun üçün dünya təcrübəsindən istifadə etməklə, bu sahədə kifayət qədər bilgiyə sahib olan insanların qeyd etdikləri vacib fikirlərdən yararlanmalı, jurnalistlər arasında dini biliklərin tədrisinə, bu istiqamətdə maarifləndirici tədbirlərin, seminarların həyata keçirilməsinə xüsusi önəm verilməlidir.

QEYD: Bu yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları