Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 10:35:09
Gürcüstanda təcili Azərbaycandilli pedaqoji universitet yaradılmalıdır, əks halda...” – Xoşagəlməz proqnoz  

“Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə pedaqoji kadr çatışmazlığı var. Bu problemin aradan qaldırılması üçün Tiflisdə pedaqoji universitet təsis edilməlidir. Əks təqdirdə yaxın perspektivdə Gürcüstanda milli məktəblərimiz olmayacaq”.  

Bu sözləri AzEdu.az-a açıqlamasında Qafqaz ölkələri üzrə araşdırmaçı Kamran Ramazanlı deyib:

Onun sözlərinə görə, Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə çalışan pedaqoji kadrların 80%-i təqaüdçüdür:

“Son məlumata görə, Gürcüstanda azərbaycanlıların təhsil aldığı 117 milli məktəb var. Milli məktəblərimizdə 3600-dən çox pedaqoji kadr çalışır. Həmçinin, milli orta məktəblərdə  26000-dən  çox şagirdlərimiz təhsil alırlar. Milli məktəblərdə çalışan pedaqoji kadrların 80%-nə yaxını təqaüdçü və ya təqaüd yaşına yaxın  şəxslərdir. Son dövrlərdə Gürcüstan Təhsil Nazirliyi tərəfindən islahatlar keçirilir. İslahatlar əsasən təqaüd yaşında olan müəllimlərə 2 illik əmək haqqının miqdarında birdəfəlik müavinət verilməsiylə əlaqədardır. Müavinət alan müəllimlər daha sonra məktəblə vidalaşırlar. Əslində, təqaüd yaşında olan müəllimlərin məktəbdən vidalaşması çox  gözəl tendensiyadır. Lakin milli məktəblərimiz üçün bunun ciddi fəsadları yaranacaq. Çünki milli məktəblərimizdə pedaqoji kadr çatışmazlığı  var. Amma  gürcü dilli məktəblərdə kifayət qədər pedaqoji heyət çalışır.

Kamran Ramazanlı bildirib ki, Gürcüstanda  aparılan təhsil islahatı yalnız  azərbaycanlıların oxuduğu milli məktəblərə mənfi təsir edəcək:

 “Tiflisdə pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrimiz mövcud deyil. Elə buna görə də milli məktəblərimizdə ciddi problem yaranacaq. Çünki milli məktəblərimizdə çalışan 3600 müəllimdən 80%-i təqaüdçü olduğuna görə, onlar ilbəil məktəblə vidalaşırlar. Məhz ona görə də pedaqoji kadr çatışmazlığı problemi ciddi fəsad yaradacaq. Təxmini hesablarıma görə, bu proses davam etsə, gələcəkdə 117 milli məktəblərimizdən 50-si mövcud olacaq. Fikrimcə, Azərbaycan ictimaiyyəti bununla bağlı ciddi düşünməlidir.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan dövlətinin birgə müvafiq qurumları  çalışıb, Tiflisdə pedaqoji kadr hazırlayan universitet açmalıdır.

“Gürcüstanda pedaqoji kadr hazırlayan universitetimiz olmadığı təqdirdə 10 ildən sonra milli məktəblərimiz haqqında danışmaq mümkün olmayacaq. Milli məktəblərimizdə mövcud olan ən ciddi problemlərdən biri də Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlərin başqa ixtisaslar sahibi olmasıdır. Həmçinin, milli məktəblərimizdə təqaüd yaşını keçən müəllimlər də var ki,  onlar müasir standart  və tələblərə uyğun təlim-tədris proqramıyla məşğul ola bilmirlər.  Yəni, kadr çatışmazlığı böyük problemdir.

Əgər bir millətin dilini, ədəbiyyatını tədris edən müəllim yoxdursa o millətin hansı gələcəyindən danışmaq olar?!  Gürcüstan milli məktəblərimizdə  Azərbaycan dili  və ədəbiyyat fənnini tədris edənlər heç olmasa ölkəmizdə hazırlanan pedaqoji kadr olmalıdır. Həmçinin, milli məktəblərdə pedaqoji kadrın mövcudluğu üçün Azərbaycan dövləti kvota ayırmalıdır.

Pedaqoji kadr çatışmazlığının aradan qaldırılması üçün Tiflisdə pedaqoji universitet təsis edilməlidir.

Məlumdur ki, dünyəvi təhsil olmayanda yerini başqa qüvvələr tutur”.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları