Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 13:24:00
Ölkə üzrə "Web of Science" bazasına daxil edilmiş məqalələrin 55 faizi AMEA-nın payına düşür

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə elmi müəssisələrin "Web of Science" məlumat platforması üzrə sertifikasiya proqramının iştirakçıları olmuş mütəxəssislərin və beynəlxalq əlaqələr üzrə məsul şəxslərin "Clarivate Analytics" agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüşü keçirilib.

AMEA-dan  AzEdu.az-a  bildirilib ki, görüşdə akademiyanın elmi müəssisələrində "Web of Science" bazasından istifadə istiqamətində aparılan işlər, mövcud vəziyyət, problemlər və perspektivlər müzakirə edilib. "Web of Science" üzrə məsul şəxslər çalışdıqları elmi müəssisələrdə bazadan istifadə və elmi məqalələrin nəşri istiqamətində fəallığın artırılması üçün fəaliyyətləri üzrə təcrübə mübadiləsi ediblər.

A.Babazadə son illərdə Azərbaycan alimlərinin və ayrılıqda AMEA-nın müxtəlif elmi müəssisələrinin əməkdaşları tərəfindən impakt faktorlu jurnallarda dərc olunması dinamikası, bu məqalələrin reytinq göstəriciləri və onlara edilən istinadların statistikası haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ölkə üzrə "Web of Science" bazasına daxil edilmiş məqalələrin 55 faizi AMEA-nın payına düşür və bu istiqamətdə son 3 ildə dinamik artım nəzərə çarpır.

Tədbirdə “yırtıcı” jurnallar, onların müəyyənləşdirilməsi və müasir dövrdə elmi ictimaiyyət üçün təhlükə törədən belə jurnallardan müdafiə olunmaq yolları geniş müzakirələrə səbəb olub. Mütəxəssislər nüfuzlu jurnallarda dərc olunmaq üçün "Web of Science" bazasında müvafiq elmi sahə üzrə uğurlu jurnalların düzgün seçimi, onlara müraciət, elmi məqalələrə olan tələbatlar haqqında məlumatlandırılıb. Qloballaşan dünyada beynəlxalq səviyyədə əhəmiyyətli elmi nəticələrin alınması və elmi nəşrlərin hazırlanması üçün beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələrdə iştirak, müştərək tədqiqatların rolu xüsusi vurğulanıb. Bu istiqamətdə AMEA tərəfindən hər il dünyanın müxtəlif ölkələri ilə müştərək elan edilən layihə müsabiqələrinin əhəmiyyəti və onlardan istifadə imkanları müzakirə olunub.