Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 12:10:00
MİQ müsabiqəsinin ölkə birincisi: ”Rezidentləri Almaniyada oxumaq üçün hazırlayıram”

İyul ayının 8-dən  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

İmtahanın  ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizəd iştirak edib.

Alman dili üzrə ən yüksək nəticəni isə Əjdər Salmanov göstərib - 53 bal toplayıb.

AzEdu.az Alman dili müəlliminin imtahanla bağlı təəssüratlarını öyrənib:

 “2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetində bakalavr təhsili almışam. MİQ üzrə müsabiqənin test imtahanı mərhələsində iki dəfə iştirak etmişəm: 2017 və 2019-cu illərdə... Hər iki ildə eyni nəticəni göstərmişəm-53 bal...

Lakin 2017-ci ildə Bakı şəhərində yerləşən heç bir məktəbə qəbul oluna bilmədiyim üçün bölgələrə  seçim etmədim. Bu il isə Bakıda olan məktəblərin birində müəllim kimi fəaliyyət göstərmək istəyirəm.

Universiteti bitirdiyim müddətdən indiyə kimi isə  özəl kurslarda müəllim olaraq fəaliyyət göstərirəm. Tələbələrimin çoxu isə rezidentlər olur. Çünki onlar həkim fəaliyyətlərini daha çox Almaniyada davam etdirmək istəyirlər”.

Əjdər Salmanov açıqlamasında alman dilini öyrənmək istəyənlərə tövsiyələr də verib:

“Alman dili öyrənmək istəyənlərə bir neçə məsləhətim var: Dil bacarıqlarını inkişaf etdirmək üçün insanlarla ünsiyyət qursunlar. Bundan əlavə, videolara baxıb danışıq bacarıqlarını, lüğət fondunu təkmilləşdirsinlər. Əgər  həvəsləri varsa, o zaman uğur əldə edəcəklər”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edəcək.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

Şükufə Süleymanlı