Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 15:57:21
Ucqar kənd müəllimlərinin məktəblərinə daşıdıqları inanılmaz yeniliklər – Qrant müsabiqəsinin imkanları

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi artıq yekunlaşıb. Müsabiqədə ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihədən 168-in maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

AzEdu.az əməkdaşı  qalib layihələrin müəllifi olan müəllimlərin müsabiqə ilə bağlı təəssüratlarını öyrənib:

Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin kimya müəllimi Elşən Məmmədov II qrant müsabiqədə iştirak etsə də qalib ola bilməyib, bu dəfə isə istəyinə çatıb:

“Təhsil Nazirliyinin təşkil etdiyi  qrant müsabiqəsinə keçən il qatılsam da,  qalib ola bilmədim. Bu il yenidən  müsabiqədə  iştirak etdim. Lakin bu dəfə  yalnız  qalibiyyət istəyirdim. İstəyimə də nail oldum.

Keçən müsabiqədən fərqli olaraq  bu dəfə mövzumu  öz ixtisasım üzrə müəyyənləşdirdim. Layihəmin  adı da  "Kimyadan laboratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri"dir. Bu gün kimya fənninin əsas problemlərindən biri odur ki, təcrübə olmadan dərs keçirik  və bu da  uşaqlara maraqsız gəlir. Bəzi məktəblərdə laboratoriya yoxdur. Belə bir şəraitdə şagirdlərin maraqlarını cəlb etmək üçün animasiya filmlərdən istifadə etmək olar.  Laboratoriya olmasa belə biz təcrübələrin animasiya şəklində hazırladıb disklərdə uşaqlara paylasaq yaxşı nəticə əldə edəcəyimizə əminəm”.

Şirvan rayonu 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif  Zeynalov “Gələcəyin fizikləri” adlandırdığı layihə ilə həm şagirdlərin dünyagörüşünü, həm də olimpiada hazırlığını inkişaf etdirəcəyinə inanır:

 “Son 4-5 ildə Şirvan şəhərindən fizika olimpiadasında iştirak edənlərin sayında kəskin azalma var. Hətta vəziyyət o həddə çatıb ki, artıq Respublika turuna keçən şagirdimiz olmur.

“Gələcəyin fizikləri” adlandırdığım layihəm də bu problemlə bağlıdır. Olimpiadadan əlavə, şagirdin düşüncəsini  inkişaf etdirmək də əsas məqsədlərimizdən biridir.  Layihə nəticəsində həm olimpiada iştirakçıları uğur qazanacaq, həm də onların dünyagörüşündə irəliləyiş olacaq”.

Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbin tarix müəllimi Həbib Əlizadə layihəsində əsas məqsəd  Astaranın müxtəlif kəndlərindən uşaqlara robototexnikanın sirlərini öyrətməkdir:

“" Voltran" Robotexnika layihəsinin məqsədi Astara bölgəsində şagirdlərin robototexnika sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Əsas vəzifələr robotexnikanın əhəmiyyətinin anlatmaq, şagirdlərdə praktiki bacarıqları formalaşdırmaq, sonra isə peşəkar robotexnika bacarıqlarını aşılamaq, onları bu sahədəki yarış və olimpiadalara hazırlamaqdır. Həmçinin, gələcəkdə ev və məktəb şəraitində özləri robototexnikanın qurulması və tətbiqi bacarıqlarını qazandırmaq da qarşıya  qoyulan əsas vəzifələrdən biridir.

Əksər  bölgələrdə olduğu kimi, layihənin həyata keçirilməsi nəzərdə tutulan Astara rayonunda da şagirdlərin robototexnikaya aid bilik və bacarıqları olduqca azdır. Hətta yox deyilə biləcək qədər az. Bəzi məktəblərdə kompüter və digər elektron cihazlar olsa da şagirdlərin İKT biliyi çox məhdud və bəsitdir. Müasir dövrdə robototexnikanın əhəmiyyətini nəzərə alsaq , layihənin verəcəyi faydanı   təxmin etmək çətin olmaz.

Dünyada və  ölkəmizdə elektronlaşdırılma, avtomatlaşdırmanın artdığı bir zamanda bölgələrin bu prosesdən  kənarda qalması xoş mənzərə deyil. Hazırda ölkədə məktəblilərin robototexnika bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir çox işlər görülür. Lakin bütün bunlar daha çox paytaxt Bakı şəhərində aparılır. Bölgələrdə də belə  işlərin edilməsinə, şagirdlərin lego hazırlama, proqramlaşdırma, robototexnika sahəsini öyrənməsi, bilik və bacarıqlarının artırılmasına çox ehtiyac var. Müasir texnologiya telefon, kompüter və s. formada artıq bütün evlərə daxil olması hamıya bəllidir. Təəssüf ki,  valideyn və şagirdlər  bundan daha faydalı və geniş məqsədli istifadə edə bilmirlər. “Voltran" Robotexnika” layihəsilə də şagirdlərin məhz bu  faydalılığı artırmağı qarşıya məqsəd qoymuşuq.

Bugün şagirdlərin müasir texnologiya və texnikaya marağını da nəzərə alsaq layihənin uğurla davam edəcəyini əminliklə demək olar. Ümid edirik və inanırıq ki, gözlədiyimiz nəticələri əldə edəcəyik.

Layihə ilə  Astarada kənd məktəblərində təhsil alan şagirdlərin robototexnika, legoyığma, avtomatlaşdırma sahəsində bilik və bacarıqları artacaq. Şagirdlər robototexnikanın bütün dünyadakı və həmçinin ölkəmizdəki əhəmiyyətini  yaxşı anlayacaqlar. Onların legolar, müxtəlif avadanlıqlar və vasitələrdən istifadə edərək praktiki bacarıqları formalaşacaq. Layihədə 10-14 yaş arası şagirdlərin iştirakı nəzərdə tutulub. Onlara  peşəkar robototexnika bacarıqlarını aşılanacaq. Eyni zamanda,  gələcəkdə yarış və olimpiadalara hazırlanacaqlar. Bundan əlavə,  ev və məktəb şəraitində robototexnikanın qurulması və tətbiqi bacarıqlarını qazanmaqla bu istiqamətdə  bilik və təcrübələrini məktəb yoldaşları ilə paylaşılması istiqamətləndiriləcəklər. Gələcəkdə bu sahədə peşəkar olmaları üçün lazımi istiqamətlər veriləcək. Qeyd edim ki, layihə çərçivəsində AREA- Azerbaijan robotiks engineering academy,  AzEdu.az  təhsil portalı ilə əməkdaşlıq edilməklə yanaşı,  Bakıdan mütəxəssis dəvət olunacaq”.

Rəna Nəbi